Məhkəmə qərarları › İş №2(001)-4156/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4156/2024

26.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4156/2024 26.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair (Açar sözlər: qanunsuz sahiblik, zəbt olunma, tikilinin sökülməsi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X7 cəlb edilməklə “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri X7 tərəfindən 1967/1 saylı sərəncama əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində istifadəsində olan 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi Yevlax rayonunun Qoyunbinəsi kəndində daimi yaşayan və qeydiyyatda olan xx.xx.1973-cü ildə Kəlbəcər rayonu Şaplar kəndində anadan olmuş Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilərək, həmin ərazidə 5x4 m ölçüdə daş kubiklərdən tikinti inşa etmişdir. Mübahisəli torpaq sahəsi ona ayrıldıqdan sonra həmin torpaq sahəsinin sərhədləri yerində bələdiyyə tərəfindən müəyyən olunmuş, torpaq sahəsi işarələnmiş və onun tərəfindən çəpərlənmişdir. Müəyyən müddət onun torpaq sahəsində hər hansı tikinti aparmağa imkanı olmamışdır. Sonradan isə gəlib tikinti aparmaq istəyəndə görmüşdür ki, həmin ərazi cavabdehlər tərəfindən zəbt edilib. İddiaçı xx.xx.2019-cu il tarixdə Binəqədi rayon X2 ayrılmış torpaq sahəsindən Cavabdeh1 çıxarılmasında köməklik göstərilməsi barədə ərizə ilə müraciət etmiş, lakin ona pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə aidiyyatı üzrə müvafiq orqanlara müraciət edilməsi tövsiyə edilmişdir. İİ. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı məhkəməyə bildirdi ki, iddiası ilə bağlı mübahisə artıq 2020-ci il tarixdən bu vaxtadək davam edir. Cavabdeh izahatında torpaq sahəsini Ceyhun Əliyevin razılığı əsasında müharibə iştirakısının qohumu Səidə adlı qadından aldığını bildirsə də, bu günədək məhkəməyə alqı-satqı ilə bağlı hər hansı rəsmi sənəd təqdim etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsi həmin torpaq sahəsi ilə bağlı Ceyhun Əliyevin adına sərəncam olduğu əsası ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edildiyindən o, Ceyuhn Əliyevin adına olan saxta sərəncamın ləğv edilməsi ilə bağlı Bakı İnizabiti Məhkəməyə müraciət etmiş, həmin məhkəmə araşdırması zamanı sərəncamın saxta olduğu müəyyən edildiyindən ləğv edilməsi X3 həvalə edilmişdir. Sözügedən sərəncam ləğv edildikdən sonra yeni açılmış hal kimi kassasiya instansiyasının qərarına yenidən əlavə kassasiya qaydasında baxılması üçün müraciət etmiş və müraciəti əsaslı olduğundan ərizəsi təmin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyə\cəyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisəli torpaq sahəsini 8000 manat ödəməklə Səidə adında bir xanımdan almışdır. Həmin xanım mübahisəli torpaq sahəsini ona X6 adına olan sərəncam əsasında etibarnamə ilə satmışdır. O, Ceyhun Əliyevin özünü tanımır. Torpaq sahəsini alandan sonra ora kifayət qədər xərc çəkilib. Daha sonra iddiaçı məhkəməyə müraciət etdikdən və iş kassasiya qaydasında onun xeyrinə qərar çıxarıldıqdan sonra aldığı qaydada da torpaq sahəsini başqa şəxsə təqdim etmişdir. Dəfələrlə həm Səidə adlı xanıma, həm də torpaq sahəsini satdığı şəxsə məhkəməyə gəlməli olduqlarını bildirsələr də mümkün olmamışdır. O, iddiaçının sənədinin həqiqiliyini qəbul etmir. Belı ki, İddiaçı sənədləri qanunsuzdur, sənədlərə möhür sonradan vurulub. Hazırda baş verənlər bələdiyyə ilə İddiaçı tərəfindən birlikdə düşünülmüş və planlı şəkildə onun həmin ərazidən çıxarılmasına yönəlib. Bələdiyyə əməkdaşı ona ilkin olaraq zəng edib görüşə çağırsa da, Kəlbəcər rayonunda olduğundan gələ bilmədiyi üçün hazırda bu cur oyun qurulub. Bakı Apellyasiya Məhkəməsində proses gedən zaman hakim bələdiyyənin nümayəndəsindən soruşdur ki, bu iki nəfərin ikisinin də sərəncamı varmı. Bələdiyyənin nümayəndəsi də bəli deyərək cavab verdi. Bütün bunları bələdiyyə edir. İddiaçı sənədinin düzgün olmadığı ifşa olunan vaxtı, Elton ona məhkəmə zalında dedi ki, bu sənədi 1000 manata alıb, 1000 manat verdiyi halda torpaqdan imtina edəcək. Özünün 1000 manatı olsaydı döyüşdə vuruşan əsgərlərin ailələrinə yardım edərdi. Hər şey bilinir ki, bələdiyyə bunları pula görə edir. İkinci tərəfdən isə iddia ərizəsində göstərilir ki, İlham tutduğu torpaq çıxsın və tikili sökülsün. O, nə torpaq zəbt etmiş, nə də tikili inşa etməmişdir. O, torpaq sahəsini necə almışdırsa, 03 il əvvəldən də eyni vəziyyətdə satmışdır. Torpaq sahəsində kimin yaşaması haqqında məlumatı yoxdur. Bəlkə də torpaq sahəsini satdığı adam da həmin torpaq sahəsini başqa adama satıbdır. Onun bildiyinə görə o tikilini Qubadlı rayonundan şəhid ailəsi inşa etdirir. Hətta polislər o tikilini sökmək istəyəndə həmin ailə Binəqədi rayon İcra Hakimiyyətinin qəbuluna gedibdir və orada həmin ailənin şəhid ailəsi olması nəzərə alınaraq, tikiliyə icazə verilib. Həmin adam da torpaq sahəsində tikili inşa etdiribdir və başqa bir qadına satıb, kommunal xidmətlər çəkilib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X7 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdeh isə gəlməmiş, üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -Bakı şəhəri Binəqədi rayonu X7nin 26 oktyabr 2007-ci il tarixli, 1967/1 saylı sərəncamından görünür ki, həmin sərəncamla Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində 400 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı ayrılmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri Binəqədi rayonu X7nin 26 oktyabr 2007-ci il tarixli, 1967/1 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsindən çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 113 (yüz on üç) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1458/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1375/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1458/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1193/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı X8 Binəqədi qəsəbəsi hüdudlarında 400 kv.m torpaq sahəsi satılmasına dair X7nin xx.xx.2006-cı tarixli, 1964 saylı sərəncamının ləğv edilməsi barədə müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayonu X7nin üzərinə qoyulması qərara alınmışdır. -X7nin xx.xx.2022-ci il tarixli qərarına əsasən X6 adına rəsmiləşdirilmiş 1964 saylı, xx.xx.2016-cı il tarixli sərəncam ləğv edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 13(102)-210/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1458/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. -AZ-İİ seriyalı, 050100 saylı, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. - İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 05 iyun 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Binəqədi rayonu X7 tərəfindən torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı ayrılması haqqında 26 oktyabr 2007-ci il tarixli 1967/1 saylı Sərəncamda və həmin vətəndaşa ayrılmış torpaq sahəsinin eskizində əvvəlcə imza icra olunmuş, sonradan üzərindən möhür vurulmuşdur. Həmin sərəncamın və torpaq sahəsinin eskizinin hazırlanması tarixinin, həmin sənədlərdə olan əlyazmaların, imzaların və möhür əkslərinin icra müddətinin müəyyən edilməsi mümkün olmamışdır. -Binəqədi rayonu X7 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X7nin 14 noyabr 2006-cı il tarixli 1964 saylı 400 kv.m torpaq sahəsinin ayrılmasına dair sərəncamının əsli bələdiyyə arxivində qorunub saxlanmır. Belə ki, sözügedən sənədlərin əsli vətəndaşların özlərinə təqdim olunur, sürətləri isə bələdiyyə arxivində qorunur. -Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilən sorğunun cavablandırılmasına dair 09/3-19 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X7nin 1964 nömrəli xx.xx.2006-cı il tarixli və 1967/1 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamları X4 aşkar edilməmişdir. -məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə iddiaçı və cavabdeh mübahisəli torpaq sahəsinin üst-üstə düşdüyünü qəbul edir. Mübahisəli torpaq sahəsinin ətrafı qonşu hasarları olmaqla giriş hissəsi hasarlanmamış, həmçinin torpaq sahəsində bir mərtəbəli, dam hissəsi örtülmüş, yalnız dəmir qapısı olan pəncərəsiz tikili mövcuddur. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun yerquruluşu planlarının və təsvirlərinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ( 28 oktyabr 2008-ci il tarixli 709- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan versiya.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon X7nin ərazisində yerləşən 400 kv.m torpaq sahəsi X5 26 oktyabr 2007-ci il tarixli 1967/1 saylı Sərəncamı ilə İddiaçı satılmışdır. Eyni zamanda mübahisəli torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon X7nin ərazisində yerləşən 400 kv.m torpaq sahəsi 14 noyabr 2006-cı ildə 1964 saylı X1 adlı şəxsə satılmışdır. Həmin torpaq sahəsi X9 tərəfindən qeyri-rəsmi olaraq başqa şəxsə verilmiş və həmin şəxs də öz növbəsində torpaq sahəsini yenə qeyri-rəsmi olaraq hazırkı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdir. Cavabdeh1 izahatında bildirir ki, həmin torpaq sahəsini onun üzərində inşa edilmiş bir mərtəbəli tikili ilə birlikdə qeyri-rəsmi əldə etmiş, məhkəmə mübahisəsi xeyrinə bitdiyindən 3 ilə yaxın müddətdir ki, adını dəqiq bilmədiyi şəxsə satmışdır. Məhkəmə iclaslarında tərəflər və üçüncü şəxs olan X7nin nümayəndəsi hər iki sərəncamın eyni torpaq sahəsinə dair verilməsini mübahisələndirməmişlər. Daha sonra İddiaçı Bakı İnzibati Məhkəməsinə X8 verilmiş sərəncamın mübahisələndirilməsi barədə müraciətinə baxılmış və məhkəmənin 2-1(112)-1193/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı X8 Binəqədi qəsəbəsi hüdudlarında 400 kv.m torpaq sahəsi satılmasına dair X7nin xx.xx.2006-cı tarixli, 1964 saylı sərəncamının ləğv edilməsi barədə müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayonu X7nin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarın icrası təmin edilməklə X7nin xx.xx.2022-ci il tarixli qərarı ilə X6 adına rəsmiləşdirilmiş 1964 saylı, xx.xx.2006-cı il tarixli sərəncam ləğv edilmişdir. Cavabdeh iddia tələbinə etirazını hər iki sərəncamla ayrılmış torpaq sahəsinin hazırkı mübahisənin predmeti olmasını mübahisələndirmədiyini, eyni torpaq sahəsinə dair İddiaçı verilmiş sənədlər üzərində 2007-ci il göstərilsə də, həmin sənədlər 2019-cu ildə saxtakarlıq yolu ilə verildiyin, sənədlər verilən zaman onların üzərinə möhür vurulmadığını, möhürün sonradan, işə məhkəmədə baxılarkən vurulduğu ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”. Beləliklə, İddiaçı verilmiş hüquqmüəyyənedici sənədlərin saxta olmasına dair dəlillərini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, o, məhkəmə iclasında izahatında qeyd etdiklərini təsdiq edən mötəbər sübutları təqdim etməmiş, bununla da dediklərini əsaslandıra bilməmişdir. Belə ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən tələbinin hüquqi əsası kimi X7nin 26 oktyabr 2007-ci il tarixli, 1967/1 saylı sərəncamının və torpaq sahəsinin eskizinin üzərində möhür əks olunmayan surətlərini ərizəyə əlavə etmiş, həmin sərəncamda və torpaq sahəsinin eskizində möhür olmadığına görə Cavabdeh1 həmin sənədlərin həqiqiliyini şübhə altına qoyduğundan məhkəmə sorğusu əsasında İddiaçı məxsus olan arxivdən alınmış sənədlərin təsdiq olunmuş surətləri səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmuşdur. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, torpaq sahəsinin boşaldılmasına dair tələbin qanuni və əsaslı olması üçün ilk növbədə həmin torpaq sahəsi iddiaçının mülkiyətində olmalı və ya başqa qanuni əsasla onun sahibliyində və istifadəsində olmalı, həmçinin torpaq sahəsi cavabdeh tərəfindən özbaşına tutulmalıdır. Qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtləri baxımından hazırkı işin hallarını qiymətləndirdikdə müəyyən edilir ki, İddiaçı 26 oktyabr 2007-ci il tarixdə mübahisəli torpaq sahəsini almış, həmi torpaq sahəsinə görə 1000 manat məbləğində pul ödəmiş və həmin torpaq sahəsinə dair İddiaçı adına sərəncam, torpaq sahəsinin eskizi və kassa mədaxil orderi mövcuddur və həmin sənədlərin legitimliyi sənədləri verən qurum tərəfindən mübahisələndirilmir. Cavabdehlərin isə mübahisəli torpaq sahəsində yaşamalarına əsas verən Ceyhun Əliyevin adına verilmiş sərəncam ləğv edilmişdir. Cavabdeh məhkəmə iclasında mübahisəli torpaq sahəsini başqa şəxsə satdığını bildirsə də, üçüncü şəxs barədə məhkəməyə məlumat verməmiş, bu hal tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri Binəqədi rayonu X7nin 26 oktyabr 2007-ci il tarixli, 1967/1 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikili sökülməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə İddiaçı cavabdehlər barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsinə dair vəsatətini işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar edilmədiyindən əsaslı hesab etmir. V. Nəticə: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu X7nin 26 oktyabr 2007-ci il tarixli, 1967/1 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikili sökülsün və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsindən çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 113 (yüz on üç) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar