Məhkəmə qərarları › İş №2(001)-4169/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4169/2024

06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4169/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 12 iyun 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 22 may 2021-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5509/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında 12 iyun 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 960 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan 22 may 2021-ci il təvəllüdlü X3 anası, yəni X2 yanında saxlanılması və 22 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda övladı onun himayəsindədir və onun 3 yaşı tamam olmuşdur. Günü-gündən böyüyərək yaşa dolduqda onun maddi tələbatları artmaqda davam edir. Cavabdehin isə maddi imkanı normaldır. O, maddi cəhətdən çəkinlik çəkir, özü tək qadındır və əlavə gəlir yeri yoxdur. Bu səbəbdən də, o, hesab edir ki, cavabdehin ödəyəcəyi aliment məbləğinin artırılmasına ehtiyac vardır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5509/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 160 manat məbləğində olan alimentin miqdarının artırılaraq, cavabdehlə birgə nikahlarından doğulmuş 22 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı izahatında heç bir yerdə işləmədiyini, övladının alergiyasının olmasını əsas gətirməklə, daimi müayinə və müalicəyə ehtiyacının olmasını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla yanaşı, Cavabdeh əlavə iki övladının olmasını və aylıq əmək haqqısının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5509/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 960 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 22 may 2021-ci il təvəllüdlü X3 anası X2 yanında qalmasının müəyyən edilməsi və Cavabdeh 22 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə 27 may 2024-cü il tarixli, MŞB/4-2024-00283 saylı arayışdan görünür ki, 27 may 2024-cü il tarixdə, saat 14:00-da keçirilmiş ilkin mediasiya sessiyasında tərəflər iştirak etmişlər və tərəflər ilkin mediasiya sessiyasın davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci, 10 manat poçt göndərişi və kargüzarlıq xərcləri ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 462480 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5509/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, tərəflərin birgə nikahlarından olan övladları 22 may 2021-ci il təvəllüdlü X3 alergiyası vardır, mütəmadi olaraq müayinə və müalicə edilir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləməklə, aylıq əmək haqqı 588 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər 12 iyun 2020-ci il tarixdə nikaha daxil olmuşlar, onların nikahları 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 960 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından bir övladları, yəni 22 may 2021-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5509/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 960 № ilə qeydə alınmış nikahın pozulmuş, tərəflərin birgə nikahlarından olan 22 may 2021-ci il təvəllüdlü X3 anası X2 yanında qalması müəyyən edilmiş və Cavabdeh 22 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5509/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 22 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Ələkbərova (Əliyeva) Mədinə Mətləb qızının xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən müəyyən edilmiş formada, yəni qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5509/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 22 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Ələkbərova (Əliyeva) Mədinə Mətləb qızının xeyrinə tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar