Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-419/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh bank tərəfindən 24 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. Borc alan üzərinə düşən öhdəlikləri icra etməmiş və onun sənədləri borcun alınması məqsədilə BOA şirkətinə ötürülmüşdür. Həmin şirkət tərəfindən texniki səhvə yol verilmiş və Cavabdeh «xxxx» KB ASC qarşısında hazırkı öhdəliyi bağlanmış öhdəlik olaraq sistemə yerləşdirilmişdir. Banka bu barədə məlumat daxil olandan sonra səhv aradan qaldırılmışdır. Texniki səhv nəticəsində cavabdehin hüquqları hər hansı formada pozulmamış və o, heç nə itirməmişdir. Belə ki, ona Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı əsasında kompensasiya ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, iddia tələbini qəbul etmir və hesab edir ki, bank hazırkı tələblə məhkəməyə müraciət etməklə onun hüquqlarını pozur. Belə ki, o, xx.xx.2014-cü il tarixdə «xxxx» KB ASC-dən kredit götürmüş və ödənişlərini vaxtı-vaxtında edirdi. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra, ona hazırkı kredit üzrə kompensasiya ödənilmiş və arayış verilmişdir ki, «xxxx» KB ASC-yə hər hansı borcu yoxdur. Fərmanın icra müddəti bitdikdən sonra iddiaçı tərəfindən birinci dəfə ona qarşı iddia qaldırılmış və həmin iş üzrə keçirilən məhkəmə iclasında o, Azərbaycan Kredit Bürosundan Çıxarışı təqdim edəndən sonra iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin qərardadından şikayət verməmiş və bir müddət sonra yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsinin özünün istinad etdiyi texniki səhvə görə onun hüquqları məhdudlaşdırılmış və o, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının ona verdiyi imkanlardan istifadə edə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli Kredit və bank hesabı müqaviləsindən görünür ki, həmin müqavilə “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 2000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə “xxxx” KB ASC-yə əsas məbləğ olaraq 1232,99 ABŞ dolları borcu mövcuddur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Kredit Bürosundan xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, borcalanın xx.xx.2014-cü il tarixdə verilmiş 2000 ABŞ dolları məbləğində kredit üzrə öhdəliyi bağlanılmış öhdəliklər siyahısındadır. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X2 məhkəməyə Azərbaycan Kredit Bürosundan xx.xx.2021-ci il tarixli çıxarışı təqdim etmişdir. Həmin çıxarışda Cavabdeh xx.xx.2014-cü il tarixdə verilmiş 2000 ABŞ dolları məbləğində kredit üzrə öhdəliyi yenidən borcalanın aktiv öhdəlikləri siyahısındandır, lakin kreditin statusu (digər aktiv öhdəliklərdən fərqli olaraq) “balansdan silinmiş” kimi qeyd olunub. İddiaçının nümayəndəsi məhkəmə iclasında digər aktiv öhdəliklər siyahısında olan kreditlərin statusu “işlək” kimi göstərildiyi halda, bu kreditin statusunun hansı səbəbdən “balansdan silinmiş” kimi göstərilməsi səbəbini izah edə bilməmiş və icra edilməmiş öhdəliyin hal-hazırda da həqiqətən mövcud olmasını sübut edə bilməmişdir. Beləliklə, Cavabdeh tərəfindən məhkəməyə həqiqiliyinin şübhə altına alınması üçün iş materiallarında heç bir əsas mövcud olmayan, hazırkı iş üzrə icra edilməsi tələb edilən öhdəliyin bağlanmasını sübut edən çıxarış təqdim edildikdən sonra, artıq həmin çıxarışın əsaslı olmamasını və borcun hal-hazırda da mövcud olmasını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bunu etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdüyü və Fərmanla nəzərdə tutulmuş müəyyən imtiyazlardan yararlanmaq hüququ olduğu halda, Bank tərəfindən yol verilməsi iddia edilən texniki səhv nəticəsində cavabdehin həmin imtiyazlardan yararlanmaq hüququndan məhrum edilməsi, eyni zamanda vətəndaşın uzun müddət ərzində qeyri-müəyyən vəziyyətdə saxlanılaraq, Fərmanın icra müddəti bitdikdən sonra ona qarşı məhkəmədə iddia qaldırılması Fərmanın ruhuna ziddir. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməli idilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-419/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-419/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver