Məhkəmə qərarları › İş №2(001)-4195/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4195/2021

27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4195/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Məhhəmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 27 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 oktyabr 2005-ci il təvəllüdlü X4 və 10 yanvar 2008-ci il təvəllüdlü X3 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(006)-2337/2020 saylı qətnaməsinə əsasən, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Həmin dövrdə o, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq alimentin miqdarının hər uşağa görə 170 manat müəyyən edilməsini xahiş etmişdir. Halbuki, həmin məbləğlə 15 və 13 yaşlı uşaqların hazırki dövrdə maddi tələbatlarının ödənilməsi mümkün deyildir. O özü heç bir yerdə işləmir, belə olanda müəyyən edilmiş alimentlə uşaqların qida, geyim, məktəb xərclərinin, habelə, sağlamlıqlarının qayğısına qalmaq üçün zəruri hallarda tibbi xərclərinin qarşılanması mümkün deyildir. Uşaqlardan Ayhan 10-cu sinifdə oxumaqla həm repetitor kurslarına gedir, həm də idmanla məşğul olur. Digər uşaq Atilla isə 6-cı sinifdə oxumaqla riyaziyyat və ingilis dili fənlərindən əlavə repetitor kurslarına gedir. Cavabdeh rəsmi olaraq heç bir yerdə işləməsə də, faktiki olaraq Binə ticarət mərkəzində 3 ədəd geyim satılan mağazası vardır, yəni hazırki iddia ərizəsində göstərilən miqdarda alimenti ödəmək üçün kifayət qədər maddi imkana malikdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, onun iddia tələbində göstərilən miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Binə ticarət mərkəzində yerləşən mağazasında yanğın baş vermiş, buna görə mağaza fəaliyyətini dayandırmışdır. Uşaqların saxlanması üçün qanuniverciliklə müəyyən edilmiş miqdarda aliment ödəyə bilər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(006)-2337/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından olmuş 01 oktyabr 2005-ci il təvəllüdlü X2 və 10 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri, tibbi xərclərinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün alimentin məbləği hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində müəyyən olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 oktyabr 2005-ci il təvəllüdlü X4 və 10 yanvar 2008-ci il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar