Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4199/2021 27.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.700 (iyirmi iki min yeddi yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4 -cü maddələri ilə təqsirli bilinərək 2 il 10 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Cavabdeh cinayət əməlləri nəticəsində ona ümumilikdə 26.700 manat məbləğində maddi ziyan dəymişdir. Hökmlə Cavabdeh ona qarşı cinayət əməlini törətməsi və bunun nəticəsində ona 26.700 manat məbləğində maddi ziyan dəyməsi öz təsdiqini tapsa da, həmin hökmdə ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı hər hansı bir bənd göstərilməmişdir. Cavabdeh tərəfindən ona vurulmuş 26.700 manat məbləğində maddi ziyandan 4.000 manat məbləği ödənilmiş, qalan 22.700 manat məbləğ isə hal-hazıradək ödənməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi və Cavabdeh 22.700 manat pulun tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etmək istədiyini bildirməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-12/2021 saylı, 05 mart 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Həmin hökmlə müəyyən edilir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı sonuncunun yaşadığı fərdi həyət evini təmir etdirəcəyini vəd verərək, etibarından sui-istifadə etməklə aldadaraq, 2015-ci ilin dekabr ayında ünvan 1 ünvanda 20.000 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin yanvar ayının ortalarında tanışı İddiaçı mənzilində təmir işlərinə rəhbərlik edərkən İddiaçı qaynı X1 işsiz olduğunu bildirdikdə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə qudası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar Hissəsinin rəisi, polkovnik-leytenant Əlsafa Qarayev vasitəsi ilə Arif Qarayevi 1.700 manat müqabilində həmin idarəyə hüquqşünas vəzifəsinə qəbul olunmasında köməklik göstərə biləcəyini deyib İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilində sonuncudan 1.700 manat məbləğində pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs İddiaçı 1.700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədi ilə tanışı İddiaçı oğlu X2 Nazirliyinin Hərbi Polis İdarəsinə zabit kimi işə qəbul olunmasına köməklik göstərə biləcəyini bildirib yalan vəd verərək, 2016-cı ilin fevral ayının ortalarında ünvan 3 ünvanda yerləşən mənzilində İddiaçı 5.000 manat məbləğində pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs İddiaçı 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 1(103)-678/2021 saylı, 04.08.2021-ci il tarixli qərarından görünür ki, məhkum Cavabdeh və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhər Binəqədi rayon Məhkəməsinin Cavabdeh barəsində olan 05 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Bu mənada Cavabdeh dələduzluq cinayət əməlini (o cümlədən mülki hüquq pozuntusu) törətməsi və cinayət nəticəsində İddiaçı cəmi 26.700 manat məbləğində maddi ziyan vurduğu işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin istinad edilən maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası isə digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. İndiki halda iddia tələbinin əsası kimi Mülki Məcəllənin delikt ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmənin qənaətinə görə, hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində iddiaçıya maddi zərər vurulduğu şübhəsizdir, həmin qanunsuz hərəkətlər ilə iddiaçının vurulan zərər arasında səbəbli əlaqə vardır. Odur ki, iddiaçı məruz qaldığı ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı vurulduğu 26.700 manat məbləğində zərərin ödənilməmiş 22.700 (iyirmi iki min yeddi yüz) manat hissəsi alınaraq, iddiaçıya verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddia ərizəsi məhkəməyə təqdim olunarkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 22.700 (iyirmi iki min yeddi yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4199/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4199/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver