Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4212/2024 02.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb edilmə” tələbinə dair mülki iş (açar sözlər: aliment) Hakim: Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Məhkəmə iclas katibi: Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərdə iştiraka cəlb edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərdə iştiraka cəlb edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, aliment miqdarı artıraraq, Cavabdeh Macid oğlundan 20 oktyabr 2006-cı il təvəllüdlü X5 və 28 aprel 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay, hər uşağa sabit pul məbləğində 235 manat, cami 470 manat alimentin tutulması və mediasiya arayışına görə ödədiyi 60 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması, 20 oktyabr 2006-cı il təvəllüdlü X2 Kollecdə təhsilini başa vurana kimi əlavə xərclərə görə hər ay sabit məbləğində 200 manat pul məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2005-ci ildə faktiki olaraq ailə qurmuş və 04 fevral 2010-cu il tarixdə isə nikah rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladları olmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlar ananın himayəsinə verilmiş, uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 manat, cəmi 340 manat cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Daha sonra aliment miqdarının artırılması tələbinə dair iddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-3178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa 200 manat, cəmi 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda 400 manat aliment uşaqların saxlanılmasına çatmır və buna görə də iddiaçı alimentin məhkəmə qaydasında artırılmasını istəyir. Hal-hazırda 20 oktyabr 2006-cı il təvəllüdlü X2 18 yaşı tamam olmasına az müddət qalmışdır. Aysel X9 tələbəsidir. Aysel 2023-cü ildə Kollecin «Tibb bacısı» fakultəsinə daxil olmuşdur. Hər il təhsil haqqı olaraq 800 manat pul ödəyir. Bundan əlavə dərs vəsaitlərinin və kitabların alınmasına da xeyli miqdarda xərci çıxır. Maddi çətinliyin qarşılanması bir valideyn kimi cavabdehin də üzərinə düşür. Buna görə məhkəmədən 20 oktyabr 2006-cı il təvəllüdlü X2 Kollecdə təhsilini başa vurana kimi əlavə xərclərə görə hər ay sabit məbləğində 200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını istəyir.
İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə cavabdehin ödəməli olduğu aliment üzrə 11000 manatdan çox borcu yaranmış, barəsində cinayət məsuliyyəti başlamaması üçün valideynlərinin təkidi ilə ərizə verərək borcun ödənilmədiyi halda ödənildiyini qeyd etmiş, buna baxmayaraq cavabdeh yığılmış borcunu ödəməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. “AzEmis” Elektron Məhkəmə İnformasiya sistemində cavabdehin sərhədkeçid məlumatlarına edilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixdən ölkə hüdudlarından kənardadır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş:
- AZ-İ 387627 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikahın Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulması xx.xx.2021-ci il tarixdə 473 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. - AZ-İ 903121 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. - AZ-İİ 734386 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010cu il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. - Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-3178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)-879/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. - 094_040714_23 saylı tələbə vəsiqəsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 tibb bacısının işi ixtisasi üzrə X9 tələbəsidir. -xx.xx.2023-cü il tarixli büdcə vəsaitləri alanın şəxsi hesab vərəqəsindən görünür ki, X10 tibb bacısının işi ixtisasi üzrə illik təhsil haqqı 800 manat təşkil edir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-3178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli qətnamə ilə uşaqların saxlanması üçün aliment məbləği artırıldıqdan sonra iddiaçının uşaqların saxlanması ilə bağlı xərclərində dəyişiklik olmuşdur. Məhkəmə iddia tələbinin cavabdehdən 20 oktyabr 2006-cı il təvəllüdlü X2 Kollecdə təhsilini başa vurana kimi əlavə xərclərə görə hər ay sabit məbləğində 200 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyde dilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə iddiaçının təhsil haqqının ödənişlərinə cavabdehin cəlb edilməsi barədə iddiası ilə əlaqədar hesab edir ki, valideynlər övladlarının əsas ümumi orta təhsil almasına borclu olduğundan, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili seçim xüsusiyyətinə malik olduğundan və ödənişli əsaslarla təhsil haqqı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin əhatə dairəsinə düşən zəruri xərclərə aid olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 5640 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 96,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-3178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 96,4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərcinin əvəzi kimi 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva