Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-422/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiacı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.04.2015-ci il tarixli 005L**********81 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17.04.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 19.07.2016-cı il tarixli 005R151071056İS saylı, 21.04.2017-ci il tarixli 005R**********SA saylı, 31.10.2018-ci il tarixli 005R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.04.2019-cu il tarixdən banka qaytarmamışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.04.2015-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində 185 nömrəli evin 136.34 kv.m. ümumi sahədən ibarət 175 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 41609.52 ABŞ dolları kredit borcu, 9216.01 ABŞ dolları faiz borcu və 55765.32 ABŞ dolları cərimə olmaqla, cəmi 106590.85 ABŞ dolları; 005KK**********01 saylı kredit razılaşması üzrə 4356.94 ABŞ dolları kredit borcu və 6354.86 ABŞ dolları cərimə olmaqla, cəmi 10711.18 ABŞ dolları olmaqla, cəmi 117302,03 ABŞ dolları məbləğində borcun tutulması; tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində 185 nömrəli evin 175 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 117302,03 ABŞ dolları borcun Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması; Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində 185 nömrəli evin 175 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından göründüyü kimi, Cavabdeh1 20.08.2020-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında və 27.10.2020-ci il tarixli məhkəmə baxış iclasında məhkəməyə bildirmişdir ki, iddia tələbini qəbul edir, 08.04.2021-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 isə məhkəməyə bildirmişidr ki, iddia tələbini qismən qəbul edir, iddiaçı ilə razılığa gəlmiş və işin məhkəmədən kənar həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin şifahi vəsatəti təmin edilmiş, işə baxılması təxirə salınmış, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.04.2015-ci il tarixli, 005L**********81 saylı Uzunmüddətli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə ******* ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. İş materiallarında olan 17.04.2015-ci il tarixli, 005S**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC qarşısında 16.04.2015-ci il tarixli, 005L**********81 saylı Uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 16.04.2015-ci il tarixli, 005L**********81 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə 17.04.2015-ci il tarixli, 005R********** saylı Kredit razılaşmasından görünür ki, həmin razılaşma İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış və razılaşmaya əsasən sonuncuya aylıq 1,4167% faiz ödəmək şərtilə 60 ay müddətinə 100000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 16.04.2015-ci il tarixli, 005L**********81 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə 01.06.2015-ci il tarixli, 005KK**********01 saylı Kredit razılaşmasından görünür ki, həmin razılaşma İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış və razılaşmaya əsasən sonuncuya aylıq 1,9167% faiz ödəmək şərtilə 12 ay müddətinə 5000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 16.04.2015-ci il tarixli, 005M**********01 saylı İpoteka müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan arayışlardan görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 005R********** saylı Kredit razılaşması üzrə əsas borc 41609,52 ABŞ dolları, faiz borcu 9216,01 ABŞ dolları, cərimə borcu 55765,32 ABŞ dolları olmaqla, cəmi borcu 106590,85 ABŞ dolları; 005KK**********01 saylı Kredit razılaşması üzrə isə əsas borc 4356,94 ABŞ dolları, cərimə borcu 6354,86 ABŞ dolları olmaqla, cəmi borcu 10711,18 ABŞ dolları təşkil edir. İş materiallarında olan 07.04.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, məhkəməyə müraciət edildikdən sonra Cavabdeh1 tərəfindən 1000 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan “X3” MMC tərəfindən tərtib edilmiş 09.03.2021-ci il tarixli, 012/21 saylı ekpert rəyindəng görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185 ünvanında yerləşən 175 nömrəli mənzilin hazırkı dövrə olan likvid qiyməti 180000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin 005R********** saylı Kredit razılaşması üzrə 55765,32 ABŞ dolları, 005KK**********01 saylı Kredit razılaşması üzrə isə 6354,86 ABŞ dolları cərimə borcunun tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas və faiz borcunu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə birinci razılaşma üzrə 1264,47 ABŞ dolları, ikinci razılaşma üzrə isə 643,06 manat cərimə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 40609,52 ABŞ dolları əsas borc, 9216,01 ABŞ dolları faiz borcu, 1264,47 ABŞ dolları cərimə borcu, cəmi 51090 ABŞ Dolları; 005KK**********01 saylı kredit razılaşması üzrə 4356,94 ABŞ dolları əsas borc və 643,06 ABŞ dolları cərimə borcu, cəmi 5000 ABŞ dolları olmaqla iki kredit razılaşması üzrə ümumilikdə cəmi 56090 ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinin 28,94 manat hissəsi İddiaçı QSC-nin xeyrinə tutulmalı; tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 185 nömrəli evin 175 saylı mənzilinə yönəldilməli, mənzil açıq hərracdan satılmalı və mənzilin ilkin satış qiyməti 180000 manat müəyyən edilməli; satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçı QSC-yə ödənilməli və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulmalı; satışdan əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsindən sonra artıq qalarsa, artıq qalmış pul Cavabdeh1 qaytarılmalı; Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 185 nömrəli evin 175 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 48,23% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 14,47 manat hissəsi, ipoteka predmeti olan əmlaka tutma yönəldiməsi üçün ödənilmiş 10 manat məbləğində pulun 4,82 manat hissəsi və 20 manat xidmət haqqının 9,65 manat hissəsi, cəmi 28,94 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. “X3” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyərinə dair iş materiallarında hər hansı sübut olmadığından, məhkəmə həmin məsələyə münasibət bildirmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 40609,52 ABŞ dolları əsas borc, 9216,01 ABŞ dolları faiz borcu, 1264,47 ABŞ dolları cərimə borcu, cəmi 51090 ABŞ Dolları; 005KK**********01 saylı kredit razılaşması üzrə 4356,94 ABŞ dolları əsas borc və 643,06 ABŞ dolları cərimə borcu, cəmi 5000 ABŞ dolları olmaqla iki kredit razılaşması üzrə ümumilikdə cəmi 56090 (əlli altı min doxsan) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinin 28,94 (iyirmi səkkiz manat doxsan dörd qəpik) manat hissəsi İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 185 nömrəli evin 175 saylı mənzilinə yönəldilsin, mənzil açıq hərracdan satılsın və mənzilin ilkin satış qiyməti 180000 (yük səksən min) manat müəyyən edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçı QSC-yə ödənilsin və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulsun. Satışdan əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsindən sonra artıq qalarsa, artıq qalmış pul Cavabdeh1 qaytarılsın. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 185 nömrəli evin 175 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-422/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-422/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver