Məhkəmə qərarları › İş №2(001)-4222/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4222/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4222/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyun 2021ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 16356,46 manat əsas borc, 1375,01 manat faiz borcu olmaqla, cəmi 17731,47 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2019-cu il tarixli, BPM**********24 saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 Ağamməd oğluna illik 24 faizlə 60 ay müddətinə 18800 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqvailə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin, cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 16356,46 manat əsas borc, 1375,01 manat faiz borcu olmaqla, cəmi 17731,47 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, bankdan göstərilən məbləğdə kredit götürmüş, bəzi problemlərlə əlaqədar ödənişləri edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03.04.2019-cu ildə bağlanmış BPM**********24 nömrəli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətindən illik 24 faizlə 60 ay müddətinə 18800 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 540,9 manat olmaqla 03.04.2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 03.04.2019-cu il tarixli və 08.04.2019-cu il tarixli kassa məxair orderlərinin surətindən görünür ki, 16840 manat və 1772 manat pul vəsaiti Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. İş materiallarında olan 03.04.2019-cu il tarixli müqavilədən aydın olur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 03.04.2019-cu ildə bağlanmış kredit müqaviləsi üzrə banka 16356,46 manat əsas borcu, 1375,01 manat faiz borcu olmaqla, cəmi 17731,47 manat borcu vardır. İşdə olan “xxxx” ASC tərəfindən cavabdehlərə ünvanlanmış 07.04.2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə 03.04.2019-cu ildə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlərdən 16356,46 manat əsas, 1375,01 manat faiz, cəmi 17731,47 manat məbləğində borc tutulmalıdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16356,46 manat əsas borc, 1375,01 manat faiz borcu olmaqla, cəmi 17731,47 (on yeddi min yeddi yüz otuz bir manat 47 qəpik) manat borc, habelə 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar