Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4229/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6498/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 1500 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildən rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan 23 may 2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)- 336/2011 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan 23 may 2009-cu il təvəllüdlü X5 anası iddiaçı X1 yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-6019/2012 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X2 xeyrinə 87 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6498/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 154 manat məbləğində müəyyən edilmişdir. Hazırda Cavabdeh maddi imkanı çox yüksəkdir. Belə ki, hazırda cavabdehə məxsus bir çox daşınar və daşınmaz əmlaklar, müəssisə və obyektlər var. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlərin Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən verilən məktubdan görünür ki, Cavabdeh hazırda "xxxx" MMC-nin təsisçisi və rəhbəridir. Əlavə gəlir və qazancları çox yüksəkdir. Övladının 15 yaşı var və maddi tələbatları artdığından, təkbaşına ehtiyacalarını qarşılaya bilmir. Bu səbəbdən əlavə xərclər kimi övladının gələcəkdə təhsili ilə bağlı yüksək xərc tələb olunduğundan aliment məbləğinin dəyişdirilməsi və artırlaraq, 1500 manat müəyyən edilməsi qənaətinə gəlmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, oğlu sentyabr ayından etibarən artıq 10-cu sinifdə təhsil alacaq. Universitet təhsili alması üçün hazırlıqları başlayır ki, həmin hazırlıqlarda fənnin biri minimum 100 manatdan tədris edilir. Uşaq həm üzgüçülüyə həm də, futbola gedir. Bu günə qədər xərcləri özü tərəfindən qarşılanmışdır. Hazırda gözəllik salonunda işləyir, oğlu ilə birlikdən atasından qalan evdə yaşayırlar. Həmin ev atası şəhid olduqdan sonra dövlət tərəfindən verilmişdir. 2010-cu ildə rəsmi boşansalar da, sonradan barışıb və birlikdə yaşayıblar. Cavabdeh ondan boşanandan sonra yenidən nikaha daxil olub və həmin nikahdan bir qızı var. Özü isə evlənməmişdir. Hazırda cavabdehin maddi durumu olduqca yaxşıdır.
4. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də iddiaya yazılı qaydada etiraz təqdim etmişdir.
5. Cavabdehin yazılı etirazında qeyd etmişdir: İddianı qismən qəbul edir. Belə ki, iddiaçı bir uşağın saxlanması üçün ondan fantastik məbləğdə, yəni ki, 1500 manat aliment tələb etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda işləmir və heç bir fəaliyyəti də yoxdur. Buna baxmayaraq, alimenti ödəməkdən yayınmır. 2018-ci ildən birgə nikahdan doğulan uşağın saxlanılması üçün təyin edilmiş 154 manat məbləğində alimenti vaxtıvaxtında ödəmişdir. Bundan başqa iddiaçı iddianı qaldırarkən "xxxx" MMC-nin təsisçisi və rəhbəri olduğuna istinad etmişdir. Belə ki, sözügedən MMC xx.xx.2022-ci il tarixində təsis edilmiş, xx.xx.2022-ci il tarixində isə 50 illik olmaqla, xx.xx.2072-ci ilədək fəaliyyəti dayandırılmışdır. Yəni, MMC cəmi 11 gün fəaliyyətdə olmuşdur. Həmin müddət ərzində hər hansı gəlir əldə edilməmişdir. Uçota dair arayışdan görünür ki, 2022-ci il tarixindən indiyənədək hər hansı fəaliyyəti olmamışdır. Bununla belə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edildiyindən, hesab edir ki, aliment məbləğinin 235 manat müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 6498/2018 saylı qətnaməsinə əsasən iddiaçı X1 aliment tələbinə dair iddiasının təmin edilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oluğundan hər ay 154 manat sabit pul məbləğində alimentin X3 ödənilməsi və s. qət edilmişdir.
7. Hazırda cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6498/2018 saylı qətnaməsinə əsasən iddiaçıya 154 manat aliment ödəyir.
8. Tərəflər arasındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 336/2011 saylı, xx.xx.2011-ci il tarixili qətnaməsinə əsasən pozulmuşdur.
9. İddiaçı uşağın maddi xərclərinin artmasına və özünün təkbaşına bu xərcləri qarşılaya bilməməsinə, cavabdehin isə maddi durumunun kifayət qədər yüksək olmasına əsaslanaraq alimentin 154 manatdan 1500 manat artırılmasını tələb edir. Cavabdehin maddi durumunun yüksək olmasını isə sonuncunun adına olan daşınar və daşınmaz əmlakların sayı ilə və MMC təsisçisi olması ilə təsdiq etməyə çalışır.
10. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etirazında iddianı qismən qəbul edərək, alimenti məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi ilə razılaşdığını bildirmiş, iddiaçının irəli sürdüyü dəlilləri təkzib edərək isə təsisçisi olduğu MMC-nin artıq xx.xx.2022-ci il tarixindən xx.xx.2072-ci il tarixinədək fəaliyyətini dayandırdığını bildirməklə, bu mövqeyini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş idarəsinin rəis müavini tərəfindən ona ünvanlanan məktubla təsdiq edir.
11. “Azemis” Elektron Məhkəmə Sistemindən cavabdehin adına 2022-2023-cü illər ərzində xx.xx.2023-cü il tarixindən **-BL-*** dövlət qeydiyyat nişanlı, QAZ 33021 Yük markalı, xx.xx.2022-ci il tarixindən **-KG-*** dövlət qeydiyyat nişanlı, Lexus LX570 minik markalı, xx.xx.2023-cü il tarixindən **-NX-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı avtomobillər qeydiyyatdan keçmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
13. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
14. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
17. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. Ailə qanunvericiliyində məhkəmə qaydasında tutulan alimentin 2 forması nəzərdə tutulmuşdur. Aliment ödəməli olan şəxsin qazancının müəyyən hissəsi kimi və(və ya) sabit pul məbləğində. Sabit pul məbləğində alimentin müəyyən edilməsinin əsasları və miqdarı isə Ailə Məcəlləsinin 78-ci maddəsində ətraflı izah edilmişdir.
22. Hazırda isə iddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
23. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşır, belə ki, alimentin müəyyən edildiyi vaxtdan ölkə üzrə qiymətlər, uşağın yaşına mütənasib olaraq xərcləri artmış, yeni tələbatları yaranmışdır. Bu səbəbdən də iddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsinə əsaslanaraq hazırki tələbi irəli sürməkdə haqlıdır. Bununla belə məhkəmə alimentin məbləğini müəyyən edərkən həm yaşayış minimumu üzrə tələblərin, həm Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilən meyarların mütləq nəzərə alınmalı olduğu qənaətindədir. Odur ki, məhkəmə cavabdehin aylıq 1500 manat aliment ödəmək iqtidarında olması ilə bağlı kifayət qədər sübutların olmamasını, cavabdehin yaxın vaxtlarda 3 nəqliyyat vasitəsi almasını, yetkinlik yaşına çatmayan uşağın hazırki dövrdə xərclərini, uşağı saxlamağın hər iki valideynin borcu olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı yaşayış minimumundan artıq, tələb edilən məbləğdən isə az olmalıdır. Bu baxımdan məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq o qənaətə gəlir ki, həmin məbləğ hər ay üçün 300 manat miqdarında müəyyən edilməlidir.
24. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
25. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6498/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə ilə Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6498/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev