Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-424/2023 13.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyana görə 48100,95 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyana görə 48100,95 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2022-ci il tarixdə Xırdalan səhəri ərazisində Cavabdeh1 məxsus Toyota Prius (hibrid) minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 təqsiri ucbatından, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus Toyota Carolla markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız hala düşmüşdür. Bununla əlaqədar araşdırma aparılmış cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ei maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞnə döndərilmişdir. İddiaçıya məxsus olan Toyota Carolla markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən ziyan barədə X1 MMC-də ilkin qiymətləndirmə aparılmış 48100,95 manat məbləğində qiymətləndirmə aktı tərtib edilmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsindən xeyli keçməsinə baxmayaraq iddiaçıya vurulmuş ziyanla heç kim maraqlanmır, ümumiyyətlə ziyanı ödəmək istəyən yoxdur. İddiaçı hadisə baş verdikdən sonra məcbur olaraq işə gedib-gəlməsi və avtomobilə ehtiyacını ödəməsi üçün taksi xidmətindən isliladə edir. Ona görə də cavabdehlərdən maddi ziyana görə 48100,95 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh1 adına 5 ədəd Toyota markalı nəqliyyat vasitəsi vardır. Cavabdeh2 hazırlıq məhkəmə iclasında taksi fəaliyyəti ilə məşğul olmasını bildirmişdir. Cavabdeh1la Cavabdeh2 arasında qeyri-rəsmi əmək müqaviləsi olmuşdur. Cavabdeh2 gəlirin 70% Cavabdeh1, 30% özünə götürdüyünü bildirmişdir. Ekspertin müəyyən etdiyi məbləğlə iddiaçı razı deyildir, ona görə də iddia ərizəsində qeyd olunan 48100,95 manatın cavabdehlərdən tutulmasını xahiş edir. İcbari sığorta ilə bağlı iddiaçıya ziyana görə 5000 manat ödənilmişdir. Hazırlıq məhkəmə iclasından sonra o, Cavabdeh2 vurulmuş ziyanın ödənilməsini təklif edərkən Cavabdeh2 Cavabdeh1 avtomobilini təmir etdirdiyini, maddi imkanının olmadığını, imakanı olduğu halda ziyanı ödəyəcəyini ona demişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazından müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə yol nəqliyyət hadisəsi zamanı ona məxsus olan Toyota Coroila markalı avtomobilə Cavabdeh1 tərəfindən ziyan vurulduğunu bildirərək, Cavabdeh1 vurulmuş ziyana görə 48100 manatın tutulmasını xahiş edir. Cavabdehin mülkiyyətində olan Toyota Prius ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2022-ci il tarixdə 3 il 11 ay 3 gün müddətinə Cavabdeh2 etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisə zamanı avtomobili idarə etmiş Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır. Cavabdeh1 iddia tələbinə cavab verməli olmayan şəxsdir. Belə ki, baxılan işdə iddia Cavabdeh1 deyil, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla yol nəqliyyat hadisəsi zamanı təqsiri sübuta yetmiş Cavabdeh2 yönəlməlidir. İddia tələbində göstərilən hərəkətlərin konkret olaraq Cavabdeh1 tərəfindən deyil, yol nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 tərəfindən törədilməsi öz əksini tapır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İddia ərizəsi və iş materialları ilə Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı ziyanın vurulması sübuta yetmir. İddiaçının iddia ərizəsinin hüquqi əsasını təşkil edən yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti hazırkı işin əsasını təşkil edə bilməz. Belə ki, cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsi müvəqqəti olaraq inzibati xəta törətmiş şəxsin istifadəsinə verilmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyib, etirazın məzmunu ilə eyni məzmunlu izahat verib, Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh2 etibarnamə verilməsini, cavabdehlər arasında əmək müqaviləsi və ya hər hansı bir müqavilə bağlanmamasını, Cavabdeh2 tərəfindən Cavabdeh1 hər hansı bir vəsaitin verilmədiyini, Cavabdeh1 mülkiyyətində olan nəqliyyat vasitəsini hadisədən sonra özü təmir etdirdiyini bildirib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, o, Toyota Prius markalı avtomobili Cavabdeh1 etibarnaməsi əsasında idarə edərək hadisəni törətmişdir. Cavabdeh1la razılığa əsasən o, nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərmiş, qazancının 70% Təyyara vermişdir. Cəmi 6 ay işləmişdir. Hadisə onun tərəfindən törədildiyindən hesab edir ki, ziyanı da o, ödəməlidir. Lakin maddi imkanı yoxdur. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü il buraxılışlı Toyota Carolla markalı ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Toyota Prius markalı ** FA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 xx.xx.2026-cı il tarixədək etibar etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-1402/2022 saylı qərarından müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Toyota Abşeron MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından müəyyən olunur ki, Toyota Corolla markalı ** DG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri 48100,95 manat təşkil edir. Azsığorta ASC-nin məhkəməyə təqdim etdiyi Azərbaycan Automobiles QSC-nin xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, Toyota Corolla markalı ** DG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri 19908 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/974 saylı rəyindən müəyyən olunur ki, tədqiq edilən Toyota markalı ** DG *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 17500 (25000 m-30%) manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavavdeh Cavabdeh2 Cavabdeh1 etibarnaməsi əsasında idarə etdiyi Toyota Prius markalı ** FA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq İddiaçı mülkiyyətində olan Toyota Carolla markalı ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində iddiaçıya maddi ziyan vurmuş, həmin ziyanla bağlı Azsığorta ASC tərəfindən icbari sığorta müqaviləsinə əsasən iddiaçıya 5000 manat ödənilmişdir. Cavabdeh2 və İddiaçı nümyəndəsi izahatlarında cavabdehlər arasında əmək müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olmasını bildirsələr də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı ona vurulan maddi ziyanın 48100,95 manat olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizası tədqiqatı ilə iddiaçıya vurulan maddi ziyanın təqribən 17500 manat olması müəyyən olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh2 vurulmuş maddi ziyana görə 12500 (17500-5000=12500) manat İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi maddi ziyanla bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 12500 manat, dövlət rüsumuna görə 127,5 manat olmaqla cəmi 12627,5 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-424/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-424/2023
13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver