Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4246/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.02.2017-ci il, 17.03.2017-ci il, 30.04.2017-ci il, 14.05.2017-ci il və 26.05.2017-ci il tarixli nisyə alğı-satqı müqavilələr üzrə ümumilikdə 9.416 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona dənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.02.2017-ci il (2.040 manat), 17.03.2017-ci il (948 manat), 30.04.2017-ci il (2.400 manat), 14.05.2017-ci il (3.216 manat) və 26.05.2017-ci il (1.020 manat) tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən cavabdeh iddiaçıdan Euroluks markalı paltaryuyanı, 2 ədəd Samsung A3 markalı telefonu, 2 ədəd Samsung J2 markalı telefonu, Midea markalı paltaryuyanı, Briryusa markalı soyuducunu, Samsung J3 markalı telefonu, 2 ədəd Samsung J2 Prom, fen, 2 ədəd Samsung J2 Prom markalı telefonu, 2 ədəd Samsung A3 markalı telefonu və 2 ədəd Samsung J3 markalı telefonu almış, həmin əşyaların dəyərini müqavilələrinin şərtlərinə uyğun olaraq ödəməyi barədə öhdəlik götürmüşdür. Müqavilələrin predmeti olan həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində müqavilələr üzrə cəmi 208 manat (30.04.2017-ci il tarixli müqavilə üzrə 60 manat, 17.03.2017-ci il tarixli müqavilə üzrə 148 manat) məbləğində ödəniş etmişdir. Nəticədə onun həmin müqavilələr üzrə borcu yaranmışdır. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə məhkəmədə iddia qaldırmış və hazırda cavabdehin həmin müqavilələr üzrə ümumilikdə 9.416 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğlərin, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 12.02.2017-ci il, 17.03.2017-ci il, 30.04.2017-ci il, 14.05.2017-ci il və 26.05.2017-ci il tarixli nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı həmin müqavilələrinin predmeti olan və yuxarıda göstərilən əşyaları onların dəyərini müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyalarının qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrinin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, müqavilələr üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 12.02.2017-ci il tarixli müqavilə üzrə 2.040 manat, 17.03.2017-ci il tarixli müqavilə üzrə 800 manat, 30.04.2017-ci il tarixli müqavilə üzrə 2.340 manat, 14.05.2017-ci il tarixli müqavilə üzrə 3.216 manat və 26.05.2017-ci il tarixli müqavilə üzrə 1020 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 12.02.2017-ci il tarixli müqavilə üzrə 2.040 manat, 17.03.2017-ci il tarixli müqavilə üzrə 800 manat, 30.04.2017ci il tarixli müqavilə üzrə 2.340 manat, 14.05.2017-ci il tarixli müqavilə üzrə 3.216 manat və 26.05.2017-ci il tarixli müqavilə üzrə 1.020 manat məbləğində pul tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.02.2017-ci il tarixli müqavilə üzrə 2.040 (iki min qırx) manat, 17.03.2017-ci il tarixli müqavilə üzrə 800 (səkkiz yüz) manat, 30.04.2017-ci il tarixli müqavilə üzrə 2.340 (iki min üç yüz qırx) manat, 14.05.2017-ci il tarixli müqavilə üzrə 3.216 (üç min iki yüz on altı) manat və 26.05.2017-ci il tarixli müqavilə üzrə 1.020 (bir min iyirmi) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4246/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4246/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver