Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4260/2021 10.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi xştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 may 2017-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED televizor üçün 2.527 manat ödənilməmiş hissə, 732 manat dəbbə, ümumilikdə 3.259 manat borc, 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.289 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 14 may 2017-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED televizor almış və nəticədə 3.259 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4.644 manat (12 ay x 305 manat + 984 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 3.259 manat olmaqla ondan 2.527 manat ödənilməmiş hissə, 732 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin 14 may 2017-ci il tarixli müqavilə üçün son ödəniş tarixi 01 iyul 2020-ci il olmaqla cəmi ödədiyi məbləğ 2.117 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.4-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıdan televizor cavabdehin qonşusu Samir Sadıqovun xahişi ilə alınmış və Samir borcunu iddiaçıya ödəyəcəyinə cavabdehə söz vermişdir. Lakin sonradan o, borcunu ödəməmişdir. Bunu Binəqədi Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı Samir etiraf etmişdir. Hazırki iddia ərizəsində göstərilən əsas məbləğ ilə razı olsa da, cərimə məbləği ilə razı deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 may 2017-ci il tarixli, 109219 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 4.644 manat ilkin ödəniş 984 manat ödənilməklə olan Samsung LED 65KU6500UXRU markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.4-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. 14 may 2017-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 109219 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. 01 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 01 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14 may 2017-ci il tarixli müqavilə üzrə əsas borcu 2.527 manat, cərimə borcu 732 manat olmaqla, cəmi 3.259 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3.259 manat məbləğində borcu vardır. 15 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış 14 may 2017-ci il tarixli, 109219 saylı müqavilə ilə müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə 01 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 3.259 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 14 may 2017-ci il tarixli, 109219 saylı müqavilə üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və həmin müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 may 2017-ci il tarixli, 109219 saylı müqavilə üzrə əsas borc 2.527 manat, dəbbə pulu 30 manat olmaqla, cəmi 2.557 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 24 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14 may 2017-ci il tarixli, 109219 saylı müqavilə üzrə Cavabdeh 2.527 (iki min beş yüz iyirmi yeddi) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2.557 (iki min beş yüz əlli yeddi) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 24 (iyirmi dörd) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4260/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4260/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver