Məhkəmə qərarları › İş №2(001)-4267/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4267/2024

14.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4267/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Alahverdi oğlunun iştirakı ilə, İddiaçı Alahverdi oğlunun Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Alahverdi oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 yanvar 2012-ci il təvəllüdlü X4 və 11 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa, hər ay 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında aliment artırılraraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 oktyabr 2010-cu il tarixdə cavabdeh Süleymanova (Səfərova) Sevinc Əli qızı Bakı Nikah evi qeydiyyat şöbəsi tərəfindən 2746 saylı nikahları qeydə alınmışdır. Birgə nikahdan 02 yanvar 2012-ci il təvəllüdlü X6 və 11 avqust 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuş, uşaqları onun himayəsində saxlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-798/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqları 02 yanvar 2012-ci il təvəllüdlü X7 və 11 avqust 2013-cü il təvəllüdlü X5 onun himayəsində saxlanmışdır. Nərimanov rayon məhkəməsinin qərarı ilə hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində ona ödənilməsi barədə qərar çıxarılmışdır. Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aliment məbləği hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğinə qədər azaldılmışdır. Hal-hazırda uşaqları saxlamaqda maddi çətinlik çəkir və alimentin artımına zərurət yaranmışdır. Azərbaycan Respublikası Yaşayış Minimumu haqqında Qanuna əsasən 2024-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, cavabdehlə aralarındakı nikah pozularkən uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Cavabdehə bildirmişdir ki, şikayət etməsə aliment tələb etmiyəcək. Lakin cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, apellyasiya və kasassiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 160 manat (hər uşağa 80 manat) məbləğində aliment cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Halhazırda həmin məbləğ uşaqların saxlanması üçün kifayət etmir, xx.xx.2024-cü il tarixdə minimum aliment məbləği 235 manat olmuşdur, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlə hazırda heç bir əlaqəsi yoxdur. O, həmçinin bildirdi ki, onun əmək haqqısı 850 manat, cavabdeh isə bildiyinə görə 1500 manat məbləğində əmək haqqı alır. O, beynəlxalq yükdaşıma (karqo) şirkətində çalışır. Uşaqları ilə ümumiyyətlə maraqlanmır, özünün və ailə üzvlərinin buna imkanı var. Özü 1-2 dəfə cəhd edib uşaqlarla ünsiyyət qursun, lakin uşaqlar onu görmək istəmir. Alimentin artırılmasına dair iddia ərizəsi verildikdən sonra cəhd edib, ona qədər görmək istəməyib. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişir. Mülki iş materiallarında olan: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-798/2022 saylı qətnaməsindən görünür ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, Süleymanova (Səfərova) Sevinc Əli qızı ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və 2746 nömrə ilə Bakı Nikah evi tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına 02 yanvar 2012-ci il təvəllüdiü X6 və 11 avqust 2013-cü il təvəllüdlü X2 atası İddiaçı yanında qalmaları, 02 yanvar 2012-ci il təvəllüdlü X3 və 11 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin məbləğinin xx.xx.2022-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 474/2023 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə Cavabdeh apeliyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-798/2022 saylı, 29 avqust 2022-ci il tarixli qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, 02 yanvar 2012-ci il təvəllüdlü X3 və 11 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat müəyyən edilmiş və həmin məbləğ ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulması, aliment məbləğinin xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması və apeliyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilməsi qət edilmişdir. Həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, apellyasiya baxışında çıxışı zamanı ilkin iddia üzrə İddiaçı hazırda işlədiyini, alimentin tutulması ilə bağlı tələbinin formal olduğunu, uşaqlarının maddi təminatını özünün qarşılamaq imkanının olduğunu, lakin uşaqların mənafeyi üçün aliment tələb etdiyini bildirmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə apellyasiya instansiyası məhkəməsində çıxışı zamanı hal-hazırda işləmədiyini, ali təhsilinin olduğunu, uşaqlarının onun yanında saxlanması halında işləyərək uşaqlarına özünün baxmaq istədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tərəflərin nikahından olan azyaşlı Ayat və Rasimənin saxlanılmaları üçün ilkin iddia üzrə cavabdehdən hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində alimentin alınaraq ilkin iddia üzrə iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2464/2023 saylı qərarından görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli 2(103)-474/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Elektron məhkəmə” informasiya sisteminin baza məlumatlarından olan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mühasib vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 400 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-798/2022 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahından doğulmuş yetkinlik yaşına 02 yanvar 2012-ci il təvəllüdiü X6 və 11 avqust 2013-cü il təvəllüdlü X2 atası İddiaçı yanında qalmaları, 02 yanvar 2012-ci il təvəllüdlü X3 və 11 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin qətnaməədn narazı qalan ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-474/2023 saylı qətnaməsi ilə apeliyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 798/2022 saylı, 29 avqust 2022-ci il tarixli qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, 02 yanvar 2012-ci il təvəllüdlü X3 və 11 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat müəyyən edilmişdir. Həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, apellyasiya baxışında çıxışı zamanı ilkin iddia üzrə İddiaçı hazırda işlədiyini, alimentin tutulması ilə bağlı tələbinin formal olduğunu, uşaqlarının maddi təminatını özünün qarşılamaq imkanının olduğunu, lakin uşaqların mənafeyi üçün aliment tələb etdiyini bildirmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə apellyasiya instansiyası məhkəməsində çıxışı zamanı hal-hazırda işləmədiyini, ali təhsilinin olduğunu, uşaqlarının onun yanında saxlanması halında işləyərək uşaqlarına özünün baxmaq istədiyini bildirmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2464/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli 2(103)-474/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda əks olunan hüquqi mövqeyini nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının və cavabdehin maddi və əmlak vəziyyətində, yaşayış səviyyəsində alimentin miqdarının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq dəyişikliyin baş verməsi müəyyən olunmur. Belə ki iş üzrə müəyyən edilir ki, tərəflər arasında nikah pozularkən cavabdeh heç bir yerdə işləmədiyi halda, hazırda işlə təmin edilmiş və o, minimum əmək haqqından bir qədər artıq, 400 manat məbləğində əmək haqqı alır. Məhkəmə həmçinin “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumunun məbləğinin uşaqlar üçün 235 manat olmasını da nəzərə alır. Məhkəmə iddia tələbini işin faktiki halları və tərəflərin irəli sürdüyü dəlillərlə və tədqiq edilmiş sübutlarla müqayisə şəkildə təhlil edərək, həmçinin Cavabdeh gəliri, əmlakı, yaşayış səviyyəsi və digər qazanc mənbəyində əhəmiyyətli dərəcədə artımla bağlı dəyişikliyin olmadığını, habelə İddiaçı özünün deməsinə görə aylıq gəlirinin 850 manat məbləğində olmasını, eləcə də izahatında əgər cavabdeh apelyasiya-kassasiya şikayəti verməsə aliment tələb etməyəcəyini bildirməsini, nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-474/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş 02 yanvar 2012-ci il təvəllüdlü X3 və 11 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat müəyyən edilmiş alimentin miqdarı artırılalaq hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-474/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 02 yanvar 2012-ci il təvəllüdlü X3 və 11 avqust 2013-cü il təvəllüdlü X2 18 yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 474/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 02 yanvar 2012-ci il təvəllüdlü X3 və 11 avqust 2013-cü il təvəllüdlü X2 18 yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar