Məhkəmə qərarları › İş №2(001)-4279/2019

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4279/2019

11.06.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4279/2019 11.06.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 qarşı maneənin aradan qaldırılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 qarşı maneənin aradan qaldırılmasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Motodrom yaşayış massivi adlandırılan ərazidə yerləşən nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 iddiaçının yaşadığı evin qonşuluğunda olan digər nömrəsiz evdə yaşayır. Cavabdeh1 tərəfindən iddiaçının yaşadığı evə gələn avtomobil yolu qanunsuz olaraq tutularaq orada dəmir dirəklər basdırılaraq məftil çəpər çəkilmiş və bunun nəticəsində iddiaçı həmin yoldan və evin yaxınlığında yerləşən torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh tərəfindən edilən iddiaçının hüquqlarını pozan bu qanunsuz hərəkətlə bağlı iddiaçı tərəfindən məhkəməyə iddia verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4045/2013 saylı 21.08.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh tərəfindən çəkilmiş məftil çəpər və evin hasarının arxasındakı torpaq sahəsində cavabdeh tərəfindən basdırılmış dirəklərin sokülməsi qərara alınmış və məhkəmə tərəfindən icra vərəqəsi yazılaraq həmin qətnamə icraya yönəlmişdir. Lakin cavabdeh tərəfindən həmin qətnamənin icra edilməsinin qarşısının alınması üçün müxtəlif qanunsuz vasitələrdən istifadə edilmiş və sonda həmin qətnamənin icra edilməsinin mümkün olmaması üçün avtomobil yolunun üzərində daş maneə tikilmişdir. Cavabdeh tərəfindən həmin qanunsuz tikilinin tikilməsi nəticəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən icra sənədinin icra edilməsi mümkün olmamış və bu barədə Cavabdeh2 tərəfindən müvafiq akt tərtib edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icrasının təmin edilməsi üçün həmin qətnaməyə izah edilməsi ilə bağlı Binəqədi İcra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.10.2017-ci il tarixli qərardadı liə ərizə təmin edilməmiş və bunun əsası kimi qanunvericilikdə qətnaməyə izah verilməsinin əsası kimi müəyyən edilmiş halların olmadığı göstərilmişdir. Eyni zamanda şifahi şəkildə bildirilmişdir ki, məhkəmə qətnaməyə əlavə və dəyişiklik edilməsi ilə bağlı izah verə bilməz və cavabdeh tərəfindən inşa edilmiş daş maneənin aradan qaldırılması ilə bağlı məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət edilməlidir. Beləliklə iddiaçının evinə gələn avtomobil yolunu bağlayan maneənin aradan qaldırılaraq yolun açılması və bununla da cavabdehin qanunsuz hərəkəti nəticəsində pozulmuş hüquqlarının müdafiə və bərpa edilməsi zəruridir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Motodrom yaşayış massivi adlandırılan ərazidə yerləşən evinə gedən yolun üzərində Cavabdeh1 tərəfindən yaradılmış maneənin cavabdehin hesabına aradan qaldırılaraq yolun açılması və bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 İddiaçı vəkili T.M.Xanəliyevin verdiyi izahatı təsdiq etmişdir. Cavabdeh1 və 3-cü şəxs Binəqədi rayon İcra və probasiya şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh1 və 3-cü şəxs Binəqədi rayon İcra və probasiya şöbəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 və 3-cü şəxs Binəqədi rayon İcra və probasiya şöbəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.1.-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.07.2012-ci il tarixli 2(001)-5943/2012 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 qarşı sahibliyin müdafiəsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.08.2013-cü il tarixli 2(103)-4045/2013 saylı qətnaməsindən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 31.07.2012-ci il tarixli 2(001)- 5943/2012 saylı qətnaməsinin qismən – məftil çəpərin və dirəklərin sökülməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissəsi təmin olunması, Bakı şəhəri Binəqədi rayonu Motodrom yaşayış massivi adlandırılan ərazidə İddiaçı faktiki yaşadığı evə gedən yolun üzərində Cavabdeh1 tərəfindən çəkilmiş məftil və həmin evin hasarının arxasındakı torpaq sahəsində Cavabdeh1 tərəfindən basdırılmış dirəklərin sökülməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhər Cavabdeh2 tərəfindən tərtib olunmuş aktın surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 21.08.2013-cü il tarixli 2(103)-4045/2013 saylı İcra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Motodrom yaşayış massivi adlandırılan ərazidə, İddiaçı faktiki yaşadığı evə gedən yolun üzərində Cavabdeh1 tərəfindən çəkilmiş məftil və həmin evin hasarının arxasındakı torpaq sahəsində Cavabdeh1 tərəfindən basdırılmış dirəklər sökülməlidir. Dəfələrlə həmin çəpərin sökülməsinə baxmayaraq həmin çəpərlər yenidən qurulmuş və əlavə olaraq həmin yerdə ayaqyolu tikilmişdir. Bu isə öz növbəsində icra işinin icrasına maneəçilik törədir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 04.03.2016-cı il tarixli aktın surətindən müəyyən olunur ki, Cavabdeh1 müraciəti əsasında onun yaşadığı həyətə baxış keçirilərək həyətdə hamam inşa olunması müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 18.10.2017-ci il tarixli 2(103)-4045/2013 saylı qərardadından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 qarşı yolun bağlanmasının qadağan edilməsinə, yolun bağlanmasına yönələn hərəkətlərin qadağan edilməsinə, hasarın arxasındakı sahədən ara məsafəsi saxlamadan istifadənin qadağan edilməsinə, məftil çəpərin və dirəklərin sökülməsinə, yoldan istifadəyə maneələrin aradan qaldırılması barədə iddiasına dair mülki iş üzrə Cavabdeh2 icra məmuru tərəfindən verilmiş qətnaməyə izah verilməsi barədə ərizənin rədd olunması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.01.2018-ci il tarixli 2(001)-697/2018 saylı qərardadından müəyyən olunur ki, iş üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 mülki iş üzrə icraata xitam verilməsi barədə vəsatəti rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10.10.2018-ci il tarixli 21570 saylı rəyindən müəyyən olunur ki, iş üzrə Cavabdeh1 tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri Binəqədi rayonu Motodrom yaşayış massivi adlandırılan ərazidə yerləşən evə gediş-gəliş yoluna hər hansı maneəçiliyin yaradılmasının və bu maneəçiliyin nədən ibarət olmasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olduğundan məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsindən kənardadır. Ona görə də bu suallar üzrə tədqiqat aparılmamışdır. Mövcud elktron bazada və mülki iş materiallarında iddiaçı və cavabdehin fərdi yaşayış evinin tikilməsi məqsədilə torpaqayırma sənədlərinin, o cümlədən, yerquruluşu planı-cizgisi olmadığına, elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinə heç bir mülkiyyətçiyə texniki və hüquqi sənədin verilməsi barədə məlumat aıkarlanmadığına və koordinatları təqdim edilmiş torpaq sahəsinin Binəqədi OYL ƏŞ hüdudları daxilində yerləşdiyinə görə bu sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktı ilə iddiaçının hamının buraxılması üçün açıq olan torpaq sahəsində sərbəst ola bilmək hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılması müəyyən olunmuş, bundan sonra qanuni qüvvəsini alan məhkəmə aktının icrası zamanı cavabdeh həmin sahədə yeni tikililər inşa etməklə iddiaçının hüquqlarının pozmaqda davam etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3.-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh iddiaçının hamının buraxılması üçün açıq olan torpaq sahəsində sərbəst ola bilmək hüquqlarını məhdudlaşdırmaqda davam etdiyindən iddia tələbləri əsaslıdır, ona görə də təmin edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Motodrom yaşayış massivi adlandırılan ərazidə inşa etdiyi evə gedən yolun üzərində Cavabdeh1 İddiaçı açıq olan torpaq sahəsində sərbəst ola bilmək hüquqlarına yaratdığı maneələri öz hesabına aradan qaldıraraq yolu açılmaqla bərpa etməsi vəzifəsi Cavabdeh1 həvalə edilsin. Cavabdeh1 dövlət rüsumuna görə 10 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar