Məhkəmə qərarları › İş №2(001)-4296/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4296/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4296/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, X6katibliyi, İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X3 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.08 2014-cü il tarixli, 1297/014 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 26 % dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə aid edilməmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatıb. Cavabdeh qeyd olunan tarixə qədər müraciət etmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borcalanın 12.08 2014-cü il tarixli, 1297/014 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 4103.06 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1475.80 manat faiz, 2880.34 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 805.41 manat borc, ümumilikdə 9264.61 manat məbləğində kredit borcu vardır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı həm cavabdehlə bağlanmış kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə aid edilməməsini, həm də cavabdehin borcunun restrukturizasiyası üçün Banka vaxtında müraciət etməməsini qeyd edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşür. Belə ki, elə bu əsasla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3364/2019 saylı qərardadı ilə iddiaçının ona qarşı eyni məzmunlu iddia ərizəsi baxılmamış saxlanılmışdır. Onun Banka yaxınlaşmalı olması barədə məlumatı olmamış, borcunun ödənilməsi üçün Bankdan məlumat gözləyirdi. Ümumiyyətlə borcunun mövcudluğunu inkar etmir, əsas borc hissəsində iddia tələbini qəbul edir. Lakin hesab edir ki, Fərmanın müddəaları nəzərə alınmadan ondan faiz və cərimə borcunun tələb edilməsi ədalətsizdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcalan Cavabdeh ilə borcverən “xxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1297/014 saylı təminatsız kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə Bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 26% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X4 müraciəti əsasında, banklara ********* manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini ... təmin edən tədbirlər görməlidir. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların onun üçün məcburidir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri dairəsinə düşür və iş materiallarında olan Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, Cavabdeh iddiaçıya olan 4491,05 manat məbləğində əsas kredit borcu 387,99 manat azaldılmış, cavabdehin əsas borcunun 4103,06 manat olması müəyyən edilmişdir. Beləliklə, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Fərmanın təsir dairəsinə düşən cavabdehin əsas borcu 4103,06 manat olduğu halda, ondan əlavə olaraq 1475,80 manat faiz, 2880,34 manat cərimə borcunun və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 805,41 manat olmaqla, cəmi 9264,61 manat məbləğində borcun tələb edilməsi Fərmanın ruhuna ziddir. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməli idilər. Fərmanın müddəalarının tətbiq edilməsi nəticəsində vətəndaşın əsas borcu 387,99 manat azaldıldığı və qalıq borcunun 4103,06 manat olması müəyyən edildiyi təqdirdə, Bank tərəfindən həmin borca dair yenidən faiz və cərimə hesablayaraq, borcludan 9264,61 manat tələb etməsi ağlabatan deyil. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsi barədə bildiriş göndərilibgöndərilməməsinə dair iş materiallarında hər hansı məlumat yoxdur. Beləliklə, məhkəmə Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsini və cavabdehin borcunu əsas borc hissəsində etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehdan 4103,06 manat əsas borc tutularaq iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 44,29% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 13,29 manat hissəsi Cavabdehdan tutularaq ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan 4103,06 (dörd min yüz üç manat altı qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun 13,29 (on üç manat iyirmi doqquz qəpik) manat hissəsi tutularaq iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 16,71 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar