Məhkəmə qərarları › İş №2(001)-430/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-430/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-430/2021 27.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4821,92 ABŞ dolları əsas, 6030,45 ABŞ dolları faiz borcu, 742.51 ABŞ dolları cərimə borcu, 24.02.2019-cu il tarixdən 10.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 339,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.934,78 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” İKB ASC (İddiaçı) ilə Cavabdeh1 arasında 08.04.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 27% olmaqla, (1 saylı əlavəyə əsasən illik 24%) 12.700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Məcidov iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini yalnız əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə isə qəbul etməyərək iddianın qismən təmin edilməsinə etiraz etmədiyi bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - kredit müqaviləsindən və maliyyə arayışından görünür ki, Cavabdeh1 08.04.2015-ci il tarixli, 15-M-3-0-175-15 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 27% olmaqla, 12.700 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 götürdüyü krediti 08.05.2015-ci il tarixdən 08.04.2017-ci il tarixədək hər ay 690.63 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 15-M-3-0-175-15 saylı, 08.04.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 kredit müqaviləsinə dəyişiklik edilərək, borcun verilmə müddəti 46 ay olmaqla (başlanğıc tarix 08.04.2015-ci il), illik 24% hesablanmaqla müddəti uzadılmış, əlavə olaraq Cavabdeh2 arasında 24.02.2016-cı il tarixdə 15-M-3-0-175-15 saylı, 08.04.2015-ci il tarixli müqaviləyə dair zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1 10.06.2020-ci il tarixə banka 4821.92 ABŞ dolları əsas, 6030.45 ABŞ dolları faiz borcu, 742.51 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 339.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.934,78 ABŞ dolları borcu qalmışdır. - xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı tərəfindən 11.06.2020-ci il tarixdə borcun tam olaraq 5 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh1 ümumi olaraq “xxxx Bank” İKB ASC-də olan borcu üçün 6688.77 manat məbləğində kompensasiya hesablanmışdır, restrukturuzasiya məbləği isə 8197, 26 manat təşkil edir. - Məhkəmə Ekspertiza Mərkəzinin 09.12.2020-ci il tarixli, 9/5295 nömrəli ekspert rəyindən görünür ki, 08.04.2015-ci il tarixli 15-M-3-0-175-15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 19.04.2019-cu il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 8982,73 ABŞ dolları, faiz borcu 2881,46 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh1 4821,92 ABŞ dolları əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassızdır. Ona görə də iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirdiyindən, həmin zaminliyə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 4821,92 ABŞ dolları (dörd min səkkiz yüz iyirmi bir dollar doxsan iki sent) əsas borc (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada olmaqla, İddiaçı ASC-dən 50 manat (əlli manat), Cavabdeh1 50 manat (əlli manat) tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar