Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-431/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9740 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər, eyni zamanda qonaqlamaq üçün otel nömrələri sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş, sifariş edilən istiqamətlərdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin cavabdeh ona təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh yalnız 22.07.2019-cu il tarixdə 100 (bir yüz) manat ödəniş etmiş, qalan 9740 ABŞ dolları məbləğində borcu isə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin borcunu ödəməmişdir. Cavabdeh tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına və maddi ziyana düşməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün iddiaçı borcun məcburi qaydada tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 15.03.2021-ci il tarixli iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 9740 ABŞ dolları əsas borcun, 1948 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı MM-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Hüseynov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh 2016- 2017-ci il tarixdə MMC-nin xidmətlərindən istifadə etmiş və nəticədə 9800 ABŞ dolları borcu qalmışdır. - Müraciət (pretenziya) məktubundan görünür ki, Cavabdeh rəsmi məktub göndərilərək, borcunu 5 gün müddətində ödənilməsi bildirilmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. - Məhkəmənin 24.09.2020-ci il tarixli iclasında iddia ərizəsinə etiraz verən cavabdeh iddia ərizəsinə etiraz verərək bildirdi ki, iddiaçının göstərdiyi tarixlərdə həqiqətəndə xarici ölkələrdə səfərdə olduğunun, lakin həmin səfərləri öz şəxsi büdcəsi hesabına deyil, çalışdığı şirkətlər tərəfindən ödənilib. Belə ki, xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak etmək üçün şirkətlər tərəfindən dəvət olunduqda xarici pasportunu təqdim etmiş, bütün xərclər, o cümlədən viza alınması, gediş-gəliş, otel və s. xərclər həmin şirkətlər tərəfindən ödənilmişdir. Şəxsən özü iddiaçı-hüquqi şəxs və ya onun rəhbəri, işçisi ilə heç bir əlaqəsi olmamış, bilet alınması və ya xidmət göstərilməsi ilə bağlı heç hara müraciət etməmiş, iddiaçı tərəfdəndən 3 ildən çox müddətdə ona hər hansı bir formada müraciət edilməmişdir. - əlyazma ilə yazılmış qəbzdən və mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 2016-2017-ci illər ərzində almış olduğu və istifadə etdiyi turizm xidmətlərinə görə mövcud olan 9800 ABŞ dolları məbləğində borcundan 100 manat ödəniş etmiş və mövcud olan 9740 ABŞ dolları məbləğində borcunu 6 ay müddətində ödəyəcəyinə görə öhdəlik götürmüş və bunu imzası ilə təsdiq etmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 11.02.2021-ci il tarixli, 4/59 nömrəli ekspert rəyinə əsasən, ekspetizaya təqdim olunmuş Cavabdeh adından olan 22.07.2019-cu il tarixli qəbzdə “imza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərdiyi xidmətlərin əvəzini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1- ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1- ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, cavabdehin adına uçuşlara görə elektron biletlər verilmişdir. Məhz bu biletlər artıq tərəflər arasında müqaviləni ifadə edir. Cavabdehə verilmiş elektron bilet sərnişin və aviaşirkət arasında hava daşımaları üzrə müqavilənin mövcudluğunu təsdiq edən elektron sənəddir.Odur ki, elektron bilet, adi kağız formasında olan aviabiletin elektron formasıdır. Belə ki, “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrn rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqımda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2007-ci il tarixli, 94 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, adi bilet (sərnişin bileti və baqaj qəbzi) – vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşınmazı şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet – daşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqudur. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qadada hava daşımalarınnı elektron satışı prosesində tətbiq edilir. Mülki Məcəllənin 842.2-ci maddəsinin tələbinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. “Aviasiya haqqında” Qanunun 46.1-ci maddəsinə əsasən sərnişin daşınması qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış daşıma müqaviləsinə uyğun olaraq daşıyıcı tərəfindən verilən sərnişin bileti əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdehin istifadə etdiyi biletlər artıq tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını aydın şəkildə əks etdirir. Belə ki, Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə iddia tələbinin illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 1948 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, 487 ABŞ dolları faiz borcu gecikdirilmiş vaxt üçün ədalətli hesab olunmalıdır. Cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir. Həmin müddət üçün cavabdeh borc alanın ödəməli olduğu məbləğ 9740 x 5%÷12 ay= 487 ABŞ dolları. Beləliklə, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən 9740 ABŞ dolları məbləğində əsas borc, 487 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9740 ABŞ dolları məbləğində əsas borc, 487 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 10.227 ABŞ dolları (on min iki yüz iyirmi yeddi) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-431/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-431/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver