Məhkəmə qərarları › İş №2(001)-4316/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4316/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4316/2021 17.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri yaşayış sahələrinə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxx” hüquq firması ilə 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 aprel 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş ünvan 2toru tərəfindən təsdiq edilmiş AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmuş və 11.06.2015-ci il tarixdə mənzili başqa şəxsə satmışdır. Belə ki, 11.09.2010-cu il tarixdə həmin ünvanda yaşayan İsayeva Aynur ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.02.2015-ci il tarixinədək etmiş və həmin ünvan 12.03.2015-ci il tarixdə 12 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 14.01.2012-ci il tarixdə “xxxx” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 3202 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx" hüquq firmasının əməkdaşı R. İsgəndərovun, İddiaçı MMC-nin (KATV1) əməkdaşı Ə.Təhməəzovun, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 11.05.2015-ci il tarixli 3202 N saylı aktın surətindən müəyyən olunur ki, 11.05.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şahbazi 104 ünvanında yerləşən 26 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını açan olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, İddiaçı MMC-nin 19.07.2019-cu il tarixli arayışından müəyyən olunur ki, "İddiaçı" MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 104 saylı evin 45 saylı mənzilində yaşayan Aynur İsayeva arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 11.09.2010-cu il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və 01.02.2015-ci il tarixinədək isə son ödəməsini edərək 12.03.2015-ci il tarixdə 12,60 manat borcla şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə müvafiq olaraq, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını iddia etsə də və bunu sübut etmək vəzifəsi onun üzərinə düşsə də, bu halı sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübut etməyə çalışsa da, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, həmin akt tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, bir neçə il əvvəl tərtib edilən akt cavabdehə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar