Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4318/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 71,10 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 241 manat 50 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "K@TV 1" əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə "Televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar “AG Telecom” ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "İddiaçı" MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 108 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 02.12.2009-cu il tarixdə həmin ünvanda yaşayan Mustafayev Namiq ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 02.10.2011-ci il tarixinədək etmiş və həmin ünvan 14.12.2011-ci il tarixdə 21 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 24.10.2012-ci il tarixdə "xxxx" hüquq firmasının və "K@TV1" kabel televiziyasının əməkdaşları və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 0303 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə olunan Bakı şəhər 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş İPK-240-05 saylı daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin surətindən də göründüyü kimi, cavabdeh ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyətçisi olmuş və 02.04.2020-ci il tarixdə həmin mənzili başqa şəxsə satmışdır. Beləliklə də, qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana sonuncu dəfə baxış keçirildiyi 01.03.2012-ci il tarixdən qanunsuz qoşulma faktının aşkar edildiyi 24.10.2012-ci il tarixə qədər olan müddət 237 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 71 manat 10 qəpik təşkil edir. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 108 saylı Mənzil Kommunal İstismar sahəsinin 14 yanvar 2013-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, H.Babaşov küçəsində yerləşən 6 saylı evin 73 saylı mənzilində qeydiyyatdadır və göstərilən ünvandakı mənzil onun adınadır. İş materiallarında olan İddiaçı MMC-yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 oktaybr 2012-ci il tarixli 0303 KA saylı aktın surətindən görünür ki, Binəqədi rayonu, Həmzə Babaşov 6 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman ,həmin binanın 73 saylı mənzilinin “KATV 1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Həmin aktdan həmçinin görünür ki, qapının arxasında özünü kirayəçi kimi təqdim edən xanıma yazdıqları akt barədə məlumat vermişlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 21 fevral 2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Mustafayev Namiq arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən, 02.12.2009-cu il tarixində bu ünvan KATV1 kabel televiziyası şəbəkəsinə qoşulub. 02.10.2011-ci il tarixinədək isə son ödəməsini edib, 14.12.2011-ci il tarixində 21 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 21 fevral 2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 0303KA saylı akt tərtib olunana qədər sonuncu dəfə 01.03.2012-ci il tarixində həmin binaya baxış keçirilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən iddiaçı ilə cavabdeh arasında əvvəllər hər hansı bir müqavilənin bağlanması, cavabdeh tərəfindən ödənişlər edilməsi müəyyən olunmur. İddiaçı buna dair hər hansı bir sübut təqdim etməmişdir. Əksinə İddiaçı MMC tərəfindən verilmiş 21 fevral 2019-cu il tarixli arayışa ünvan 1 ünvanına görə Mustafayev Namiq ilə İddiaçı MMC arasında 02.12.2009-cu il tarixdə müqavilə bağlanmış və məhz həmin şəxs kabel şəbəkəsinin abunəçisi olmuş, 14.12.2011-ci il tarixində 21 manat 60 qəpik borcla şəbəkədən ayrılmışdır. Bundan başqa İddiaçı MMC-yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 oktaybr 2012-ci il tarixli 0303 KA saylı akta əsasən həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, H.Babaşov küçəsi, ev 6 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman ,həmin binanın 73 saylı mənzilinin “KATV 1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və baxış keçirilən zaman mənzilin qapısını açan olmamış və aktın surəti mənzilin qapısına qoyulmuşdur Belə olduqda müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh məxsus mənzilə kabel çəkilməsindən cavabdehin xəbəri olmamış, ona bu barədə məlumat verilməmiş, razılığı alınmamış və onun tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. Eləcə də iş materiallarından cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulduğu sübut olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcədə maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda iddiaçı cavabdehin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə işdə iştirak edən şəxslər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə işdə iştirak edən şəxsi öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan işdə iştirak edən şəxslərin üzərinə qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcüdluğundan və ya təkzib edilmiş oxşar fakt ehtimalarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını araşdırıb hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4318/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4318/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver