Məhkəmə qərarları › İş №2(001)-4333/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4333/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4333/2022 28.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı1 **-ZG-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz C 220 CDİ markalı avtonəqliyyat vasitəsini mülkiyyətçi İddiaçı2 xx.xx.2019-cu il tarixli, xx.xx.2027-ci il tarixədək qüvvədə olan ƏN-İV № 962319 saylı etibarnaməsi əsasında idarə edir. Mülkiyyətçi olan İddiaçı2 eyni zamanda qardaşı olan İddiaçı1 daşınar əmlakları üzərində sərəncam vermək hüququna dair AR-İİ 383569 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamə vermişdir. Həmin etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. İddiaçı1 fiziki şəxs olaraq sahibkar kimi taksi fəaliyyəti ilə məşğuldur və fərdi sahibkar kimi xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinin 2 saylı ərazi vergilər departamentində qeydiyyata durmuş, ********** nömrəli şəhadətnamə almış, onun adına VÖEN hesabı açılmışdır. Taksi kimi fərdi və Taksi Azərbaycan MMC-nin Bolt proqram təminatı üzrə sifariş götürüb sərnişin daşıyır. Mobil telefonuna yüklənmiş Bolt proqramına əsasən ona müştəri verildiyinə görə gəlirinin 20%-ni Taksi Azərbaycan MMC-nin hesabına köçürür. Aylıq gəliri sabit deyildir. Bəzi aylar 1000 manat, bəzi aylarda aylıq qazancı 1300 manat olmuşdur. Qazancının 20%-ni Taksi Azərbaycan MMC-yə ödədikdən sonra son 12 ayın nəticələrinə görə orta aylıq gəliri 800 manat olmuşdur. İddiaçı1 xx.xx.2022-ci il tarixdə, saat 11:20 radələrində **-ZG-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz C 220 CDİ markalı avtonəqliyyat vasitəsi ilə Azadlıq prospekti ilə hərəkət edərkən Cavabdeh etibarnamə ilə idarə etdiyi BMW markalı **-ZY-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə qəflətən İddiaçı1 hərəkət etdiyi yola çıxıb, onun idarə etdiyi avtomaşınla və Toyoto markalı avtomaşınla toqquşmuşdur. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə zərər dəymiş, hadisə yerinə DYP-nin və sığorta təşkilatının nümayəndələri gəlmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi ilə bağlı Dövlət yol polisinin apardığı araşdırma nəticəsində müəyyən olmuşdur ki, cavabdeh Mirzəyev X5 Xətalar Məcəlləsinin 327.1, 327.6, 327.8 və 330-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmiş, buna dair AP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati protokol tərtib edilmişdir. Biləcəri Texniki Xidmət ASC tərəfindən İddiaçı1 idarə etdiyi avtomobilə baxış keçirilmiş, tərtib olunmuş xx.xx.2022-ci il tarixli zərər aktına əsasən avtomobilə vurulmuş maddi ziyan 3650 manat müəyyən edilmişdir. BMW markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortasını sığortalayan sığorta təşkilatı iki avtomobilə sığorta hadisəsi zamanı vurulmuş maddi ziyana görə cəmi 5000 manat ödəyəcəyini bildirib İddiaçı1 idarə etdiyi avtomaşına dəymiş ziyana görə avtomobilin mülkiyyətçisi İddiaçı2 383 manat, Toyoto markalı avtomobilin sahibinə isə 4617 manat ödəmişdir. Avtomobilə vurulmuş maddi ziyandan 3267 manat bu günə qədər ödənilməmiş qalır ki, bunu da ödəmək vəzifəsi cavabdehin üzərinə düşür. Avtomaşına dəyən zərərin məbləğini ödəməsi və ya avtomaşını təmir etməsi üçün Cavabdeh ilə danışıq aparmağa cəhd edilsə də bu cəhdlər nəticəsiz qalmış, cavabdeh maddi ziyanı ödəməkdən qəti şəkildə imtina etmişdir. İddiaçı1 məcburiyyət qarşısında qalıb cavabdehin qardaşı ilə əlaqə saxlamış, sonuncu avtomobili təmir etməyəcəklərini və heç bir xərci ödəməyəcəklərini bildirmişdir. Ona görə də cavabdeh X2 İddiaçı2 xeyrinə mülkiyyətində olan Mersedes Benz C 220 CDİ markalı, **-ZG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilməmiş 3267 manatın, İddiaçı1 xeyrinə əldən çıxmış faydaya görə 3 aylıq taksi fəaliyyətindən əldə edəcəyi 2400 manat qazancın və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutlması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edib, nümayəndəsi və vəkili Vəkil2 izahatını təsdiq edib, iddia ərizəsinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. AD N 565189 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Mercedes Benz C220 CDİ minik markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı2 mülkiyyətindədir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 VÖEN ********** nömrəsi ilə fərdi sahibkar kimi qeydiyyatdadır. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2019-cu il tarixli ƏN-İV № 962319 saylı etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 mülkiyyətində olan Mercedes Benz C220 CDİ minik markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2027-ci il tarixədək İddiaçı1 istifadəsinə vermişdir. Bakı şəhəri Binəqədi RPİ-nin xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 11:20 radələrində etibarnamə əsasında idarə etdiyi BMW markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla manevr etmə qaydalarını pozduğundan Mercedes Benz markalı **- ZG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.6, 327.8., 330-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bakı şəhəri Binəqədi RPİ təhqiqatçısı M.İ.İbrahimovun 03.2022-ci il tarixli qərarından müəyyən olunur ki, X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək BMW markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ DYPŞ-nə göndərilmişdir. Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2022-ci il tarixli 02 saylı arayışdan müəyyən olunur ki, mülkiyyətçisi X7 olan BMW X5 markalı **-ZY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə baş verdiyi anda etibarnamə əsasında idarə edən və hadisənin törədilməsində təqsirli bilinən şəxs Cavabdeh, zərər vurulan Mercedes Benz C220 CDİ minik markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı2, avtomobili etibarnamə əsasında idarə edən İddiaçı1 olmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatında BMW X5 markalı **-ZY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə və B dərəcəli sürücülük vəsiqəsilə idarə etdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:20-də yaşadığı ünvandan Biləcəri qəsəbəsindən idarə etdiyi BMW markalı avtomaşınla Azadlıq metrosuna getdiyini, Azadlıq prospektində hərəkətdə olarkən qarşıda hərəkətdə olan bir avtobus anidən dayandığı üçün o, idarə etdiyi avtomaşını saxlaya bilməyib sol istiqamətə çəkib Mercedes markalı avtomaşınla toqquşmasını, nəticədə qarşıda olan avtomobillərin də toqquşmasını, hadisə zamanı biri qadın, biri kişi olmaqla iki nəfərin xəsarət almasını göstərmişdir. Biləcəri Texniki Xidmət ASC-nin xx.xx.2022-ci il tarixli zərər aktından müəyyən olunur ki, Mercedes Benz C220 minik markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3650 manat təşkil edir. Atəşgah Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli № 104185 saylı sığorta aktından müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin icbari sığortası növündə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığortalanmış BMW X5 markalı **-ZY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mercedes Benz C220 minik markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Hollywood şadlıq sarayı yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toqquşmuş, Mercedes Benz C220 minik markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3650 manat ziyan vurulmuş, İddiaçı1, mütənasib qaydada 383 manat, sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, X7 mülkiyyətində olan BMW X5 markalı **-ZY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək Cavabdeh etibarnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5490 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 1999-cu il buraxılışlı Mercedes Benz C220 minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin fevralmart aylarına olan dəyişilməli hissələrin qiyməti 2265 manat, təmir-bərpa işlərinin qiyməti 1300 manat olmaqla təmir-bərpa xərci təxminən 3565 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (MM-nin 21.1-21.3-cü mad.) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh X4 etibarnamə əsasında idarə etdiyi nəqliyyta vasitəsi ilə törətdiyi və təqsirli bilindiyi inzibati xəta nəticəsində İddiaçı2 maddi ziyan vurmuş, həmin ziyanın 383 manatı Atəşgah SŞ ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı ona vurulan maddi ziyanın 3650 manat olmasını iddia etsə də, mülki iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə ziyanın 3565 manat olması müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi vəsatətində ziyanın məbləği ilə razılaşmasa da, etirazında istinad etdiyi hallara dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək X2 vurulmuş maddi ziyana görə 3182 (3565- 383=3182) manat İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçı1 əldən çıxmış faydaya, gəlirə görə 2400 manat tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı1 nəqliyyat vasitəsindən istifadə edə bilməməsi nəticəsində fayda əldə edə bilməməsinə görə cavabdehdən 2400 manat tələbi üzrə məhkəməyə təqdim etdiyi xarici dildə tərtib edilən, tərcümə və təsdiq edilməyən Bolt mobil tətbiqinə dair fakturaları məhkəmə mötəbər, təkzib olunmaz sübut növü olaraq qiymətləndirilə bilməz. Ona görə də məhkəmə iddia tələblərini qalan hissədə təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X2 maddi ziyana görə 3182 manat, dövlət rüsumuna görə 80 manat olmaqla cəmi 3262 manat İddiaçı2 xeyrinə tutulsun. X2 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 60 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar