Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4347/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X3” ASC-nin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X3” ASC Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 6321,61 manat əsas, 1233,61 manat faiz, 65,29 manat cərimə, cəmi 7620,51 manat borcun və 96,21 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bankla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27.5% ödəmək şərti ilə 6.600 manat məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanılmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 5 iyun 2024-cü il tarixə banka 6321,61 manat əsas, 1233,61 manat faiz, 65,29 manat cərimə olmaqla cəmi 7620,51 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsindən, xx.xx.2022-ci il tarixli ərizədən və xx.xx.2023-cü il tarixli SMS çıxarışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertasını xx.xx.2022-ci il tarixdə aksept etmiş və ona xx.xx.2023-cü il tarixdə sonuncu dəfə xx.xx.2028-ci il tarixədək, illik 27,5% olmaqla, 6600 manat məbləğində kredit limiti ayrılmış və vəsait borcalanın kartına köçürülmüşdür. X1 17.11-ci bəndinə əsasən, müştəri kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizinin bir günə olan məbləği miqdarında cərimə tətbiq edə bilər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-468/2022 saylı qətnaməsindən görünür ki, xx xxxxxxx 1967-ci il tarixdə Ermənistanın, Qafan rayonunda anadan olmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. “X3” ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh banka olan borcunu 3 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur; “X3” ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 6321,61 manat, faiz üzrə borcu 1233,61 manat, cərimə 65,29 manat olmaqla, cəmi 7620,51 manat məbləğində borcu var; “X3” ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdehin hesabına 6.600 manat məbləğində kredit vəsaiti köçürülmüş, həmin kreditdən 198 manat prosedur haqqına, 66 manat nağdlaşdırılma komissiyasına, 5 manat kredit müraciət üzrə komissiya haqqına, 4.900,48 manat 18921nkADJb/22 saylı kredit müqaviləsi üzrə kreditin bağlanmasına, qalan 1430,52 manat isə cavabdehin digər kartına köçürülmüşdür. Bundan əlavə, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında cavabdeh tərəfindən müqavilə üzrə cəmi 1026 manat məbləğində ödənişlər edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 96,21 manat məbləğində dövlət rüsumu ödəmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş Cavabdeh üzərində qəyyum təyin olunması ilə bağlı maraqlı şəxs tərəfindən hər hansı müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 342.2-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Göründüyü kimi, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Hazırki iş üzrə isə cavabdehin qəyyumu təyin olunmamışdır. Belə olan halda, cavabdehin fəaliyyət qabiliyyəti olmadığı üçün o öz adından mülki müqavilələri, o cümlədən kredit müqaviləsinin bağlaması qanunvericiliyin tələblərinin pozulmasıdır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin öz adından qəyyumun razılığı olmadan bağladığı istənilən mülki əqddə iradə ifadəsi olmadığından belə əqdlər hüquqauyğun hərəkət olaraq əqd bağlanılarkən nəzərdə tutulmuş hüquqi nəticələri deyil, hüquqazidd fakt olaraq məhz qanunverilicikdə nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən bağlanmış kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarsız (əhəmiyyətsiz) əqd hesab olunduğundan, Mülki Məcəllənin 342.1-ci maddəsinin tələbinə görə də belə vəziyyətdə tərəflərin hər birinin aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı olduğundan, cavabdeh də götürdüyü kredit vəsaitini, yəni 6600 manat məbləğində pulu geri qaytarmalıdır. Ancaq müəyyən olunur ki, o, artıq cavabdehə ümumilikdə 1026 manat məbləğində ödəniş etmişdir. Belə olan vəziyyətdə isə ondan tutulub geri qaytarılmalı olan məbləğ 5574 manat təşkil edir, çünki hazırki halda əhəmiyyətsiz əqd üzrə əldə edilmişlərin geri qaytarılması baş verir və bu zaman hər bir tərəf yalnız aldıqlarını eyni ilə qaytarmaq öhdəliyi daşıyır. Ona görə də cavabdehin apardığı ödənişlərdən faiz və cərimə tutulması yolverilməzdir və həmin vəsaitlər də qaytarılmalı olan 6600 manatdan çıxılmalıdır. Məhkəmə bir məqamı da vurğulamağı zəruri hesab edir ki, hər nə qədər iddiaçı iddiasında kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etsə də, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Hazırki halda da iddianın nəticəsi əqdin etibarsızlığı və restitusiyanın tətbiqi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5574 manat məbləğində vəsait iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 70 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5574 (beş min beş yüz yetmiş dörd) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manatı iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4347/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4347/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver