Məhkəmə qərarları › İş №2(001)-4349/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4349/2021

25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4349/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı maddi-mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 25 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinin təmir-bərpasına xərclədiyi 605 manatın, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 10 saylı mənzili onun mülkiyyətindədir. 2019-cu ildən indiyədək həmin mənzildən yuxarıdakı mənzildən, yəni 5ci mərtəbədə yerləşən 13 saylı mənzildən onun evinin dəhliz və mətbəxinə kanalizasiya suyu axıdılmaqdadır. O, bu barədə dəfələrlə 102 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etmişdir. 2 dəfə evin dəhlizini və mətbəxini təmir etsə də, mütəmadi olaraq suyun axıdılması nətivəsində dəhlizin divarları və tavanı nəm çəkir, qaralır, pis qoxu gəlir, divarlarda və tavanda qurumuş suyun ləkəsi qalır. Həm onun, həm də MKİS-in işçiləri tərəfindən dəfələrlə həmin evdə yaşayan Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq, faktiki olaraq su axıdılmaqdadır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Evin mülkiyyətçisi Cavabdeh1 olduğundan o, iddiasını həm də Cavabdeh1 qarşı irəli sürmüşdür. O, iddia ərizəsində ona dəymiş zərərin 605 manat olduğunu göstərsə də, suyun axıdılması məhkəmənin gedişində də davam etdirildiyindən vurulmuş maddi zərərin həcmi artmışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın maddi zərərin əvəzi hissəsində ekspert rəyinə uyğun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 10 saylı mənzili İddiaçı mülkiyyətindədir. - Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 102 saylı Mənzil Kommunal İstismarı Sahəsinin işçiləri tərəfindən tərtib olunmuş 02 aprel 2021-ci il tarixli aktda göstərilmişdir ki, Ə.Naxçıvani küçəsi, 27 saylı binanın 10-cu mənzilinin sakini İddiaçı şikayət ərizəsi ilə əlaqədar həmin mənzilə texniki baxış keçirilmiş, məlum olmuşdur ki, həmin mənzilin üstündə yerləşən 13 saylı mənzilin hamam hissəsindən 10 saylı mənzilə daim su axır. Nəticədə mənzilə ziyan dəymişdir. Mənzil sahibinə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tədbir görülmür. - Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlandırılmış 28 aprel 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “sizin ünvana kanalizasiya suyu axıtmış Binəqədi rayonu, Ə.ünvan 1n sahibi olan 1991-ci il təvəllüdlü Cavabdeh2 barəsində mülki qaydada məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir.” - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 13 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddianın qismən təmin olunması üçün əsaslar mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)- 4349/2021 saylı qərardadına əsasən, iddiaçıya məxsus mənzilə suyun axmasının 13 saylı mənzillə səbəbli əlaqəsinin olub-olmamasının, habelə dəymiş ziyanın nədən ibarət olması və ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunun müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmişdir. Məhkəmə – tikinti texniki ekspertizasının 10 sentyabr 2021-ci il tarixli, 10/2940 saylı rəyində qeyd olunmuşdur ki, baxış zamanı əldə olunmu, eləcə də, mülki iş materiallarında olan aktın göstəricilərini, cavabdehin mənzilinin iddiaçının mənzilindən yuxarı hissədə yerləşməsini, iddiaçının 10 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq iddiaçının 10 saylı mənzilinə cavabdehin 13 saylı mənzilindən suyun sızması və 10 saylı mənzilə ziyan dəyməsi müəyyən edildi. Həmçinin, qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 10 saylı mənzilində su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribi 1159 manatdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Belə ki, işin halları ilə sübut olunur ki, iddiaçıya məxsus mənzilə zərər həmin mənzilin yuxarı qonşuluğunda yerləşən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan mənzildən suyun axıdılması nəticəsində vurulmuşdur, suyun axıdılması isə həmin mənzildə yaşayan Cavabdeh2 təqsiri ucbatından baş vermişdir. Cavabdeh2 Cavabdeh1 məxsus mənzildə hansı əsasla yaşaması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində hər iki cavabdehə yönəldilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı mənəvi zərərin əvəzi qismində 1000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, vurulmuş maddi zərərin əvəzi olaraq 1159 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia rədd olunmalıdır. Həmçinin, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı maddi-mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. Maddi zərərin əvəzi qismində 1159 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar