Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4380/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15.830,96 manat məbləğində əsas, 10.185,36 manat məbləğində faiz, 388,80 manat məbləğində cərimə, cəmi 26.405,12 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 181VK**********44102 saylı revolver kredit xətti, hesab və ödəniş kartı müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 % dərəcəsi ilə faiz hesablamaq şərti ilə 17.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 15.830,96 manat məbləğində əsas, 10.185,36 manat məbləğində faiz, 388,80 manat məbləğində cərimə, cəmi 26.405,12 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4380/2020 saylı qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra İddiaçı ASC məhkəmənin dəftərxanası vasitəsilə ərizə (vəsatətlə) ilə müraciət edərək, xx.xx.2020-ci il tarixə, saat 09:00-a təyin edilmiş məhkəmə iclası barədə məhkəmə bildirişinin məhkəmə prosesi yekunlaşdıqdan sonra daxil olduğunu, bu səbəbdən nümayəndənin həmin iclasda üzürlü səbəbdən iştirak etmədiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4380/2020 saylı qərardadına əsasən İddiaçı ASC-nin ərizəsi (vəsatəti) təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4380/2020 saylı qərardadı ləğv edilmiş, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin tələblərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli revolver kredit xətti, hesab və ödəniş kartı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22 % dərəcəsi ilə faiz ödəmək şərti ilə 24 ay müddətinə, yəni xx.xx.2018-ci il trixinədək 17.000 manat məbləğində bərpa olunan kredit xətti ayırmışdır. Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş pulu Bankdan qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə tələb olunan məbləğlərdə ödənişlər etməmişdir. Nəticədə Banka borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı cavabdehə bildiriş göndərməklə yaranmış borc məbləği barədə ona məlumat vermiş və həmin məbləğin ödənilməsini tələb etmiş, əks halda bu məbləğin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin bu da bir nəticə verməmiş, cavabdeh bundan sonra da qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Bundan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası qaydasında cavabdehin xx.xx.2016-cı il tarixli müqavilə üzrə mövcud olan əsas borcundan 547,41 manat məbləğində pul silinmişdir. İddiaçı bu silinməni də nəzərə alıb, cavabdehin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 15.830,96 manat məbləğində əsas, 10.185,36 manat məbləğində faiz, 388,80 manat məbləğində cərimə, cəmi 26.405,12 manat məbləğində borcunun yarandığını bildirir və 30 manat məbləğində dövlət rüsumu ödəməklə ona qarşı iddia qaldırıb qeyd edilən məbləğlərdə kredit borcunun cavabdehdən tutulmasını tələb edir. Həmin müqavilə üzrə kredit müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcu məbləğləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə qarşı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi ilə artıq bir dəfə məhkəməyə müraciət etmişdir. Lakin həmin vaxt xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır (2(001)-222/2020 saylı mülki iş). Həmin icraat çərçivəsində təyin edilmiş məhkəmə-mühasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 18341 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyə əsasən cavadehin xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 15.830,96 manat əsas, 4.463,02 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə həmin mülki işin materiallarını hazırki icraat çərçivəsində öyrənmiş və aidiyyəti sənədlərin, o cümlədən qeyd edilən ekspert rəyinin surətini hazırki işə əlavə etmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 18341 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyini mötəbər sübut kimi qiymətləndirib, ekspert rəyi üzrə göstərilən və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərində əks olunmuş əsas borc məbləğinin eynilik təşkil etdiyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Cavabdehdən iddiaçının xeyrinə 15.830,96 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi üzrə iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan məbləğdə, yəni 10.185,36 manat məbləğində faiz borcunu kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini xx.xx.2020-ci il tarixədək hesablanmaqla tələb edir. Halbuki, kredit müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə faizlərin kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayıd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayıraraq, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin 2.11-ci bəndində nəzərdə tutulmuş şərt isə, yəni Mülki Məcəllənin 449.4-cü maddəsinə uyğun olaraq kredit üzrə faizlərin əsas kredit borcu üzrə banka tam ödənildiyi günədək hesablanıb tutulması, kredit müqaviləsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə deyil, mülki məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə pulun tutulmasını ehtiva edir. Belə ki, Mülki Məcəllənin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması ürİia qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi kimi kredit müqaviləsində nəzərdə tutulmuş faizlə deyil, 449.1-ci maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsi ilə faizlərin tutulması gələcəkdə iddiaçının daha böyük zərərə görə pul tələbi ilə çıxış etməsinin qarşısını aldığından iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməklə yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun kredit müqaviləsi üzrə faiz dərəcəsi ilə gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin müddətinin bitdiyi tarixədək, yəni xx.xx.2018-ci il tarixədək hesablanmalıdır. Məhkəmənin gəldiyi bu qənaət gələcəkdə iddiaçının vurulmuş real zərərin və əldən çıxmış fayda qismində faizlərin tutulması üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilmədiyinə görə tutulmalı olan faiz borcu müəyyən edilərkən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 18341 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyində xx.xx.2018-cı il tarixə, yəni kredit müqaviləsi üzrə kredit müddətinin sonuna hesablanmış 4.463,02 manat məbləği əsas götürülməli, məhz həmin məbləğ cavabdehin xx.xx.2018-ci il tarixə yaranmış faiz borcu qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 388,80 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə işin hallarını, kredit borcunun ümumi məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərdən keçirib, belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük pozulmamışdır. Bu səbəbdən cavabdehdən 388,80 manat məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 15.830,96 manat məbləğində əsas, 4.463,02 manat məbləğində faiz, 388,80 manat məbləğində cərimə, cəmi 20.682,78 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 15.830,96 (on beş min səkkiz yüz otuz manat, doxsan altı qəpik) manat məbləğində əsas, 4.463,02 (dörd min dörd yüz altmış üç manat, iki qəpik) manat məbləğində faiz, 388,80 (üç yüz səksən səkkiz manat, səksən qəpik) manat məbləğində cərimə, cəmi 20.682,78 (iyirmi min altı yüz səksən iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4380/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4380/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver