Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4393/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 129,79 manat əsas, 572,18 manat faiz, 512,61 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20,62 manat faiz borcu, cəmi 1235,20 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 22.10.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 21,5 faiz dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. 21.02.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1824,24 ABŞ dolları konvertasiya edilməklə (1 USD = 1.50 AZN) 2736 manat müəyyən edilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 22 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina edir. Göstərilənlərə əsasən cavabdehlərdən müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 129,79 manat əsas, 572,18 manat faiz, 512,61 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20,62 manat faiz borcu, cəmi 1235,20 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddia tələbini tam müdafiə etdiklərini bildirərək bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə göndərərək, iddiaçının mövcud tələblə onlara qarşı iddia qaldırmaq hüququnun müddət baxımından keçdiyini qeyd etmiş və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh S.Cavabdeh3 ərizəni müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh3 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 20017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ********* saylı, 22.10.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətə illik 21,5 faizlə 4000 (dörd min) ABŞ dolları kredit vermişdir. Mülki işin materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ********* saylı, 22 oktyabr 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 21 fevral 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı 1824 USD kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.50 AZN) 2736 (iki min yeddi yüz otuz altı) AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 21.02.2018-ci il tarixədək uzadılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 22 oktyabr 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş, 21 fevral 2017-ci il tarixli Əlavə Sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti 21.02.2018-ci il tarixədək uzadılmışdır. Kreditin ödənilməli olan son tarixi 21 fevral 2018-ci ildir. İcra müddəti 21 fevral 2018-ci il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdehə qarşı həmin öhdəliklər üzrə iddia 06 may 2021-ci il tarixdə, başqa sözlə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. İddia ərizəsinin tarixi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 08 fevral 2021-ci il tarix kimi qeyd edilsə də, məhkəmə hesab edir ki, həmin tarix müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü tarix kimi qəbul edilə bilməz. Belə ki, iddia ərizəsində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin daxil olma ştampındakı tarixdən görünür ki, həmin iddia ərizəsi məhkəməyə 06.05.2021-ci il tarixdə daxil olmuşdur. 08 fevral 2021-ci il tarixdə həqiqətəndə imzalanmış iddia ərizəsinin 3 ay sonra məhkəməyə daxil olması inandırıcı deyil və məhkəmənin qənaətinə görə iddia müddətinin axımının kəsilməsi görüntüsü yaratmağa yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4393/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4393/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver