Məhkəmə qərarları › İş №2(001)-4394/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4394/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4394/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı artıralaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməklə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulmuşdur. Həmin qətnamədə xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən ayda 87 manat məbləğində aliment tutulmuşdur. Hal-hazırda uşağın 9 yaşı var, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə tutulan alimenin məbləği uşağın heç bir tələbatını ödəmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta qətnamə ilə tutulan alimenti də dəfələrlə ödəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili vəkili Vəkil iddiaçının izahatını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçıya övladı xx xxxx 2011-ci il təvəllüdlü X2 üzünü görməsə belə onun saxlanılması üçün aliment ödəyir. O, hal-hazırda işləmir, maddi vəziyyəti ağırdır. Bundan əlavə, o, yeni ailə həyatı qurmuş və həmin nikahdan da övladları var. Ailəsinin vəziyyəti çox acınaqlıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı, 11085149 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X4 xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(001)- 5091/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 449 sayla qeydə alınmış nikahın pozulması, Cavabdeh xx xxxxx 2012-ci il tarixdən başlayaraq xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 87 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 056902 nömrəli nikah haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx xxxxxxx 2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 521 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada isə “İsmayılova” soyadı verilmişdir; Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 640924 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 978 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X1r; Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, AZ-İV seriyalı, 228720 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 97 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X1r; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə tərəflərin birgə nikahlarından xx xxxx 2011-ci il təvəllüdlü X4 doğulmuş, tərəflər arasında bağlanmış nikah sonradan pozulmuş, tərəflərin birgə nikahından olan uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 87 manat sabit pul məbləğində aliment tutulmuşdur. Daha sonra cavabdeh yenidən ailə həyatı qurmuş və həmin nikahdan da uşaqları dünyaya gəlmişdir. Hazırda iddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən alimentin məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh isə ailə vəziyyətinin və işsiz olduğunun nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 8 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Həmçinin, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas verir. Eyni zamanda, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında da əks olunmuşdur. Bundan əlavə, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan uşaqlarının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə iddia tələbinin “alimentin miqdarının iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, tərəflərin birgə nikahından doğulmuş uşağın yaşını, cavabdehin yenidən ailə həyatı qurduğunu və həmin nikahdan da uşaqlarının dünyaya gəldiyini, hər iki nikahdan olan uşaqların mənafelərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(001)-5091/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməli, həmin aliment hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(001)-5091/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar