Məhkəmə qərarları › İş №2(001)-4394/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4394/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4394/2021 16.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nəsirov Nicat Abbas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Ləğv Prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə 16 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 578,68 manat əsas, 1034,69 manat cərimə, 85,52 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 1698,89 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh istifadə etdiyi məbləği faizləri ilə birlikdə vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra olunmaması nəticəsində 18 dekabr 2020-ci il tarixdə iddia tələbində göstərilən məbləğdə borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, kredit müqaviləsi 14 yanvar 2015-ci il tarixdə 36 ay müddətinə bağlandığına görə həmin müqavilə üzrə öhdəliklərin icrası müddəti 14 yanvar 2018-ci il tarixdə başa çatmışdır. Hal – hazırda isə həmin vaxtdan 3 ildən çox müddət keçmişdir. Halbuki, mülki qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Mülki iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 578,68 manat əsas, 1034,69 manat cərimə, 85,52 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 1698,89 manat məbləğində borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsi 14 yanvar 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır, yəni, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 14 yanvar 2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən məhkəmə hesab edir ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar