Məhkəmə qərarları › İş №2(001)-4399/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4399/2022

09.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4399/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 mart 2018-ci il tarixdən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, 04 avqust 2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana kimi hər ay 193 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər Şərur Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(110)-16/2018 saylı qətnaməsinə əsasən 100 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda qızının 9 yaşı var və 100 manat aliment uşağın maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəməyə icraata başlamaq haqqında qərarın surətini təqdim edərək, Cavabdeh əslində Şərur Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(110)-744/2017 saylı məhkəmə əmri əsasında hər ay qazancının 25 % miqdarında aliment tutulduğunu bildirmişdir. Həmin məbləğ isə cəmi 100 manat təşkil edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 855872 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04 avqust 2013-cü il tarixində Naxçıvan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r.

7. Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 221538 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 mart 2020-ci il tarixində 21 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Cəfərova” soyadı verilmişdir.

8. Şərur rayon İcra Bölməsinin icra məmuru X2 tərəfindən qəbul edilən 14 noyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)-744/2017 saylı, 08 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən Şərur rayon Axura kəndində qeydiyyatda olan Cavabdeh 08 noyabr 2017-ci il tarixindən başlayaraq, 04 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 25 % -i (dörddə bi hissəsi) aliment qismində tutularaq, Şərur rayon Axura kəndində qeydiyyatda duran, ünvan 1 ünvanında yaşayan X7 ödənilməsi qərara alınmışdır.

9. Şərur Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(110)-16/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında 05 mart 2011-ci il tarixdə 237 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından olan övladları 04 avqust 2013-cü il təvəllüdlü X3 anası X4 yanında qalması müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(110)-16/2018 saylı qətnaməsi ilə birgə nikahdan olan 04 avqust 2013-cü il təvəllüdlü X3 anası X4 yanında qalması müəyyən edilmişdir.

11. Şərur rayon İcra Bölməsinin 14 noyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Şərur Rayon Məhkəməsinin 2(110)-744/2017 saylı, 08 noyabr 2017-ci il tarixli icra sənədi ilə Şərur rayon Axura kəndində qeydiyyatda olan Cavabdeh 08 noyabr 2017-ci il tarixindən başlayaraq, 04 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 25 % -i (dörddə bi hissəsi) aliment qismində tutularaq, Şərur rayon Axura kəndində qeydiyyatda duran, ünvan 1 ünvanında yaşayan X7 ödənilməsinin qərara alıındığı müəyyən edilmişdir.

12. Hazırda iddiaçı Şərur Rayon Məhkəməsinin 2(110)-744/2017 saylı, 08 noyabr 2017-ci il tarixli məhkəmə əmri ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

13. Tələbini isə ölkə ərazisində yaşayış minimumunun artması, uşağın tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi, o cümlədən əmək haqqından hissəvi tutulan alimentin cəmi 100 manat təşkil etməsi ilə əlaqələndirir.

14. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir.

16. Belə ki, iddiaçı icra sənədinə əsasən cavabdehdən əmək haqqına görə hissəvi tutulan alimentin 100 manat təşkil etdiyini bildirir və bununla bağlı icra materialları əlavə olunmasa da, işin mübahisələndirilən halını təşkil etmir. Nəzərə alınmalıdır ki, iddiaçı faktiki olaraq tələbinin əsasını yaşayış minimumunun artması ilə əlaqələndirmiş və hissəvi tutulan alimentin yaşayış minimumundan az olması ilə əsaslandırmışdır. Bununla yanaşı cavabdehin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsinin olmadığı müəyyən edilmişdir. Ehtimal olunur ki, hal-hazırda tutulan aliment əmək haqqından hissəvi tutulmaların aparıldığı əvvəlki məbləğ həddində davam edir. Bu səbəbdən məhkəmə irəli sürülən tələbə məhz müəyyən edilmiş alimentin məbləğinin artırılması kimi qiymət verəcəkdir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

19. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

20. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

22. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

24. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

25. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2017-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 193 manat sabit pul məbləğində müəyyən edilməlidir.

26. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.

27. Nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

28. Belə ki, yuxarıda qeyd edilmiş Ali Məhkəmənin Plenum qərarından bununla bağlı o mövqe sərgilənmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

29. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

36. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

37. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-744/2017 saylı, 08 noyabr 2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 04 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

39. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiyməti məbləğinə mütənasib olaraq ((193-100)x12=1116), yəni 31.16 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-744/2017 saylı, 08 noyabr 2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 04 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 31.16 (otuz bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar