Məhkəmə qərarları › İş №2(001)-44/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-44/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-44/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldiməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2015-ci il tarixli manat öhdəliyinə dair kredit müqaviləsi üzrə 28.677,88 manat əsas, 5.651,93 manat faiz, 2.050,95 manat cərimə, cəmi 36.380,76 manat məbləğində borcun, xx.xx.2015-ci il tarixli dollar öhdəliyinə dair kredit müqaviləsi üzrə 80.636,65 ABŞ dolları əsas, 19.518,61 ABŞ dolları faiz, 3.802,90 ABŞ dolları cərimə, cəmi 103.958,16 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri yaşayış sahəsinin açıq hərracdan satılması və borcun həmin qeyri yarayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına cavabdeh İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Abşeron rayonu. Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Abşeron rayonu, Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m olan, 20 nömrəli fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxx” ASCiddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2015-ci il tarixli, BK-2475/15 nömrəli Baş kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 22% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 60 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin baş kredit müqaviləsi əsasında bağlanmış və onun tərkib hissəsi olan xx xxxxxxx 2015-ci il tarixli, 2475/15 saylı kredit müqavilələrinə əsasən Cavabdeh müvafiq olaraq illik 21,5 % dərəcəsi ilə fazi hesablamaq şərti ilə 24 ay müddətinə 40.000 manat məbləğində və illik 18 % dərəcəsi ilə faiz hesablamaq şərti ilə 36 ay müddətinə 85.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh məxsus olan Abşeron rayonu, Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi xx xxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxxx 2015-ci il tarixli Baş kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsini təşkil edən kredit müqavilələrinə görə şərtləşdirilmiş cədvəllərdə göstərilən ödənişlər aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. xx xxxx 2017-ci il tarixinədək Cavabdeh manat öhdəliyinə dair kredit müqaviləsi üzrə banka 28.677,88 manat əsas, 5.651,93 manat faiz, 2.050,95 manat cərimə, cəmi 36.380,76 manat borcu var. xx xxxx 2017-ci il tarixinədək Cavabdeh dollar öhdəliyinə dair kredit müqaviləsi üzrə banka 80.636,65 ABŞ dolları əsas borc, 19.518,61 ABŞ dolları faiz, 3.802,90 ABŞ dolları cərimə, ümumilikdə 103.958,16 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun tutulmasına yönəldilməlidir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-197/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, qərardad icra olunması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Həmin Mərkəzin xx xxxx 2020-ci il tarixli, 9/1229 saylı ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra mülki iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Lakin bundan sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının sayının çoxluğu səbəbindən məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını bildirmiş və bu səbəbdən məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının da ərizəsini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddia ərizəsinin məzmununu nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, BK-2475/15 saylı Baş Kredit müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, iddiaçı “xxxxxxxxxx” ASC Cavabdeh 60 ay müddətinə illik 22 % dərəcəsi ilə faiz hesablamaq şərti ilə 300.000 manat məbləğində kredit xətti açır və ayrıca müqavilə əsasında ona kredit verir. Həmin Baş kredit müqaviləsi çərçivəsində iddiaçı “xxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli iki kredit müqaviləsinə əsasən iddiaçıtərəfindən cavabdehə illik 21,5 % dərəcəsi ilə faiz hesablamaq və 24 ay müddətinə qaytarmaq şərti ilə 40.000 manat məbləğində (bundan sonra 1-ci müqavilə) və illik 18 % dərəcəsi ilə faiz hesablamaq və 36 ay müddətinə qaytarmaq şərti ilə 85.000 ABŞ dolları məbləğində (bundan sonra 2-ci müqavilə) kredit verilmişdir. Cavabdeh hər iki müqavilə üzrə müəyyən edilmiş məbləğlərdə krediti qəbul etmiş və müqavilələrdə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, habelə əsas kredit borcuna hesablanacaq faiz məbləğlərini, ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə isə hesablanacaq cərimə məbləğlərini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı cavabdehə pretenziya qaydasında məktubla müraciət edərək, yaranmış borc məbləği barədə məlumat vermiş və borcun 3 gün müddətində ödənilməsini tələb etmiş, əks halda yaranmış borc məbləğinin tutulması barədə iddia ilə məhkəməyə müraciət edəcəyi barədə ona xəbərdarlıq etmişdir. Lakin bu da bir nəticə verməmiş, borc məbləğinin ödənilməsi bundan sonra da cavabdeh tərəfindən təmin edilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və cavabdehin xx.xx.2017-ci il tarixinə xx.xx.2015-ci il tarixli 1-ci müqavilə üzrə 28.677,88 manat məbləğində əsas, 5.651,93 manat məbləğində faiz, 2.050,95 manat məbləğində cərimə, cəmi 36.380,76 manat məbləğində borcun, xx.xx.2015-ci il tarixli 2-ci müqavilə üzrə 80.636,65 ABŞ dolları məbləğində əsas, 19.518,61 ABŞ dolları məbləğində faiz, 3.802,90 ABŞ dolları məbləğində cərimə, cəmi 103.958,16 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və bu məbləğlərin cavabdehdən tutulmasını tələb edir. Mülki iş üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli ekspert rəylərinə əsasən xx.xx.2017-ci il tarixinə cavabdehin 1-ci müqavilə üzrə 28.456,09 manat məbləğində əsas, 5.608,22 manat məbləğində faiz, 2-ci müqavilə üzrə 80.637,16 ABŞ dolları məbləğində əsas, 19.100,62 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. xx.xx.2017-ci il tarixdən sonra Cavabdeh tərəfindən 2.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ödənilmiş 2.000 ABŞ dolları faiz borcundan silinmişdir. Kredit müddəti 1-ci müqavilə üzrə xx.xx.2017-ci il tarixdə, 2-ci müqavilə üzrə isə xx.xx.2018-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə hər iki müqavilə üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, 2-ci kredit müqaviləsi üzrə əsas borc məbləği istisna olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15854 nömrəli və xx.xx.2020-ci il tarixli, 9/1229 nömrəli ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib və həmin rəylər üzrə xx.xx.2017-ci il tarixə müəyyən edilmiş əsas və faiz borcu məbləğlərini əsas götürüb belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 28.456,09 manat məbləğində əsas, 5.608,22 manat məbləğində faiz, xx.xx.2015-ci il tarixli 2-ci müqavilə üzrə 80.636,65 ABŞ dolları məbləğində əsasvə 19.100,62 ABŞ dolları məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyaninödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx xxxxxxx 2015-ci il tarixli hər iki kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqavilələrində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 1-ci kredit müqaviləsi üzrə hesablanmış 2.050,95 manat məbləğində cərimə və 2-ci kredit müqaviləsi üzrə hesablanmış 3.802,90 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və xx.xx.2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 2.000 manat və xx.xx.2015-ci il tarixli 2-ci kredit müqaviləsi üzrə 3.000 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ müqavilələrə uyğun olaraq Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinigecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvvəlki redaksiyada). İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, kreditor-ipoteka saxlayan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən xx xxxxxxx 2015-ci il tarixli baş kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsində verilməsi nəzərdə tutulmuş kreditin ümumi məbləği, qaytarılma müddəti, maksimal illik faiz dərəcəsi göstərilmiş və ipoteka predmeti 195.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. Cavabdehə bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakın yerləşdiyi yer əsas götürülməklə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehə məxsus əmlaka yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə ipoteka qoyana, yəni cavabdehə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun oilaraq Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra mənzilin boşaldılması” tələbi ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə qarşı ipoteka predmetinin təhvil verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərətlər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin çıxarılması aid ola bilər. Həm Mülki Məcəllədə, həm də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı ipoteka predmetinin təhvil verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldildikdən sonra bu əmlak özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlak hərraca çıxarılan zaman onun ilkin satış qiyməti müəyyən edilərkən ipoteka müqaviləsində göstərilmiş qiymət deyil, məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə “xxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda göstərilmiş qiymət əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edilən hesabatı əsas götürüb hesab edir ki, Abşeron rayonu. Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 160.000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 345 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi Cavabdeh, 45 manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 28.456,09 manat məbləğində əsas, 5.608,22 manat məbləğində faiz, 2.000 manat məbləğində cərimə, cəmi 36.064,31 manat məbləğində borc, xx xxxxxxx 2015-ci il tarixli 2-ci kredit müqaviləsi üzrə 80.636,65 ABŞ dolları məbləğində əsas, 19.100,62 ABŞ dolları məbləğində faiz, 3.000 ABŞ dolları məbləğində cərimə, cəmi 102.737,27 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh qaytarılmalı, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 160.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 345 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi Cavabdeh, 45 manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 28.456,09 (iyirmi səkkiz min dörd yüz əlli altı manat, doqquz qəpik) manat məbləğində əsas, 5.608,22 (beş min altı yüz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində faiz, 2.000 (iki min) manat məbləğində cərimə, cəmi 36.064,31 (otuz altı min altmış dörd manat, otuz bir qəpik) manat məbləğində borc, xx xxxxxxx 2015-ci il tarixli 2-ci kredit müqaviləsi üzrə 80.636,65 (səksən min altı yüz otuz altı ABŞ dolları, altmış beş sent) ABŞ dolları məbləğində əsas, 19.100,62 (on doqquz min bir yüz ABŞ dolları, altmış iki sent) ABŞ dolları məbləğində faiz, 3.000 (üç min) ABŞ dolları məbləğində cərimə, cəmi 102.737,27 (bir yüz iki min yeddi yüz otuz yeddi ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh qaytarılsın. Satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulsun. Hərraca çıxarılarkən ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaitinin 300 (üç yüz) manat hissəsi Cavabdeh, 45 (qırx beş) manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar