Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4420/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Cavabdeh1 iştirakı ilə, “xxxx” Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxx 2020ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” KB ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 665,4 ABŞ dolları əsas, 13,03 ABŞ dolları faiz, 70,75 ABŞ dolları cərimə borcu olmaqla cəmi 749,18 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” lizinq şirkəti MMC ilə Cavabdeh1 arasında 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1939 manat məbləğində xx xxxx 2015-ci il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır. Eyni zamanda, müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” KB ASC ilə “xxxx” lizinq şirkəti MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli “xxxx”nə əsasən MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini banka güzəşt etmiş və bu barədə MMC tərəfindən banka “tələb hüququnun keçməsi barədə” arayış verilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq bildirişlər göndərilsə də, cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Sonda İ.D.Şahverdiyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, “xxxx” MMC-dən 1 ədəd “Arçelik” markalı smart televizor, həmin markalı paltaryuyan maşın və 1 ədəd soyuducu almış, həmin əşyaların ümumi dəyəri olan 1939 manat məbləğində pulu 24 ay müddətinə illik 28 faizlə ödəməyi öhdəsinə götürmüş və bu barədə aralarında müqavilə bağlanmışdır. Həmin müqavilədə də, müqaviləyə 1 saylı əlavədə lizinq məbləği 1939 manat kimi göstərilmişdir. Sonradan o, ödəniş edərkən ona məlum olmuşdur ki, ödəniş qrafiki ABŞ dolları ilə göstərilmiş, ondan da ödənişləri ABŞ dolları valyutası ilə və ya manatın ABŞ dollarına olan məzənnəsinə uyğun etməsi tələb olunmuşdur. İstənilən halda o, borcunu tam olaraq ödəmişdir. Hazırda ondan ABŞ dollarına uyğun borcun ödənilməsinin heç bir əsası yoxdur. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Mülki iş materiallarında olan: - xx xxxx 2015-ci il tarixli, 15-0066520 saylı daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh1 “xxxx” MMC-dən 1939 manat məbləğində olan lizinq obyektini 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə ödəmək şərti ilə kreditlə almış, müqaviləyə 1 saylı əlavədə lizinq obyektləri kimi 1 ədəd 602,57 manat dəyərində “Arçelik” markalı smart televizor, 1 ədəd 393,83 manat dəyərində “Arçelik” markalı paltaryuyan maşın və 1 ədəd 942,6 manat dəyərindən “Arçelik” markalı soyuducu göstərilmişdir. - Müqaviləyə 1 saylı əlavədən görünür ki, aylıq qrafik şəklində müəyyən edilmiş ödənişlərin aylıq məbləği 102 ABŞ dolları kimi göstərilmişdir. - xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə 665,4 ABŞ dolları əsas, 10,03 ABŞ dolları faiz, 70,75 ABŞ dolları cərimə olmaqla ümumilikdə 749,18 ABŞ dolları məbləğində borcu vardır. - xx xxxx 2017-ci il tarixli “tələb hüququnun keçməsi haqqında” arayışdan görünür ki, Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış müqavilə üzrə tələb hüququ “xxxx” KB ASC-yə keçmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin 2.1-ci bəndində lizinq obyekti olan “Arçelik” markalı televizorun qiyməti 602,57 manat, “Arçelik” markalı paltaryuyan maşının qiyməti 393,83 manat, “Arçelik” markalı soyuducunun qiyməti isə 942,6 manat göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır, 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumunun gəldiyi nəticə ondan ibarətdir ki, xarici valyuta kredit və əmanət müqavilələrinin predmetini təşkil edə bilər, lakin satılmış malın müqabilində ödənişin həyata keçirmə vasitəsi kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. - 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində lizinq obyekti olan “Arçelik” markalı televizorun qiyməti 602,57 manat, “Arçelik” markalı paltaryuyan maşının qiyməti 393,83 manat, “Arçelik” markalı soyuducunun qiyməti isə 942,6 manat, yəni, Azərbaycan manatı ilə göstərilməsi qanunvericiliyin tələblərinə uyğundur, lakin ödəmə cədvəlinin ABŞ dolları ilə tərtib olunması Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü bəndinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələblərinə və yuxarıda göstərilən plenum qərarında formalaşmış hüquqi mövqeyə ziddir. Çünki, ödəniş cədvəlində ödənişlərin məbləğinin ABŞ dolları ilə müəyyən olunması faktiki olaraq öhdəliyin icrasının xarici valyutada aparılması ilə eyniyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 352 – ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi hesab edilən 1 saylı əlavəsi Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələblərinə zidd olaraq tərtib edildiyindən həmin müqavilənin bağlandığı andan əhəmiyyətsiz olduğundan etibarsızdır, heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də məhkəmə hesab edir ki, alğı-satqı predmeti olan əşyaların dəyəri Azərbaycan manatı ilə müəyyən olunmuş qaydada ödənilməlidir. Hazırki halda isə, cavabdehin Azərbaycan manatı ilə borcunun məbləğinə dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd olunduğuna görə məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti “xxxx” KB ASC-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu “xxxx” KB ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4420/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4420/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver