Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4422/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 903,7 manat əsas, 0,05 manat faiz borcu olmaqla, cəmi 903,75 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “X6 Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbi barədə sadələşdirilmiş iddia ilə bağlı materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlərin edilməsi qərara alınmışdır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor “X6” KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istrehlak məqsədləri üçün 60 ay müddətinə 12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla, illik 1 faiz ödəmək şərtilə 985,14 manat məbləğində kredit verilmişdir. Sorğuları ilə bağlı Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 9 saylı notariat ofisi borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdehlər miras əmlakına vərəsəlik hüququ əsasında sahib olmuşlar. Cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduqları kimi eyni zamanda onun öhdəliklərini də, yerinə yetirməyə borcludurlar. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. İddiaçı xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. «X6» ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4145rstBank/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, «X6» ASC borcalana 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, 12 ay güzəşt müddəti olmaqla, 1 % dərəcəsi ilə 985,14 manat kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Kreditin məqsədi xx.xx.2013-cü il tarixli, 13503nkADJ/13 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun 985,14 manat qalıq məbləğinin ödənilməsi olmuşdur.
7. «X6 Kommersiya Bankı» ASC ilə X5 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair Sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 13503nkADJ/13 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 0 manat faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur.
8. «X6» ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 4145rstBank/19 saylı kredit müqaviləsi üzrə əsas borcu 903.7 manat, faiz borcu isə 0.05 manatdır.
9. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixində ölmüşdür.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı notariat ofisinin notariusi Rəşadət Sadıqov tərəfindən verilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X2 vərəsələri: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X4 verilmiş **********27- 05101-093041 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 18 kv.m, 4 otaqlı mənzildən ibarətdir.
11. Birinci tərəf Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ilə ikinci tərəf Cavabdeh3 arasında bağlanan xx.xx.2022-ci il tarixli miras payının bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qalmış X4 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81,32 kv.m olan 4 otaqlı mənzildən onlara çatası miras payını Cavabdeh3 bağışlamışlar.
12. X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara banka olan borcu 5 gün müddətində icra etməyəcəkləri təqdirdə məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdarlıq olunmuşdur.
13. 15.03.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. X6» ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli, 4145rstBank/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmış, sonuncuya xx.xx.2013-cü il tarixli, 13503nkADJ/13 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun ödənilməsi məqsədilə 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, 12 ay güzəşt müddəti olmaqla, 1 % dərəcəsi ilə 985,14 manat kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
15. X1 xx.xx.2021-ci il tarixində ölmüşdür. ölümündən sonra 9 saylı notariat ofisində V-58/2022 nömrəli vərəsəlik işi açılmışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı notariat ofisinin notariusi Rəşadət Sadıqov tərəfindən verilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2021-ci il tarixində vəfat etmiş X2 vərəsələri kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə payı müəyyən edilmişdir.
17. Şəhadətnamə verilən miras əmlak isə ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X4 verilmiş **********27-05101- 093041 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 18 kv.m, 4 otaqlı mənzildən ibarətdir.
18. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borclunun banka 903,75 manat borcunun olduğunu iddia edir və həmin borc məbləğinin borclunun vərəsələrindən tutulmasını tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
22. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
24. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
26. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
27. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
28. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
29. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
30. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
31. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
32. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.
33. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
35. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
37. Qanunvericiliyin sadalanan normalarından aydın olur ki, borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyır
38. İşin müəyyən edilmiş hallarından göründüyü kimi “X6” ASC ilə X5 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və borclu kredit müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etməmiş və maliyyə arayışında göstərildiyi məbləğdə borcu yaranmışdır. Bundan əlavə X1 xx.xx.2021-ci il tarixində vəfat etsə də, öhdəlik onun bərabər payda mirası qəbul etmiş vərəsələri tərəfindən də icra edilməmişdir. Halbuki, borclunun ölümündən sonra ona məxsus olan 4 otaqlı mənzil miras əmlak kimi onun hazırki iş üzrə cavabdeh olan vərəsələri tərəfindən bərabər həcmdə qəbul edilmişdir. Bu barədə borclunun vərəsələrinə məlumat verilsə də, borc məbləğindən yüksək dəyərdə miras əmlakı qəbul etmiş vərəsələr qəbul etdikləri miras payı həcmində birgə borclu kimi kreditorun tələbini qarşılamamışlar.
39. Baxmayaraq ki, daha sonra digər vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qalmış əmlakdan onlara çatası miras payını mirası qəbul etmiş digər vərəsə Cavabdeh3 bağışlamışlar, məhkəmə hesab edir ki, bu həmin vərəsələrin mirası qəbul etmiş olması faktını və onların da kreditor qarşısında birgə məsuliyyət daşımasını istisna etmir. Belə ki, mirası qəbul etmiş vərəsənin miras əmlak üzərində sonradan hər hansı formada sərəncam verməsi(özgəninkiləşdirməsi) onun miras qoyanın kreditoru qarşısında məsuliyyətini istisna etmir.
40. Odur ki, cavabdehlər vərəsə kimi miras qoyanın kreditoru qarşısında olan öhdəliyindən yüksək dəyərdə miras aktivini qəbul etdiklərindən, onlar miras qoyanın kreditorları qarşısında birgə borclu kimi çıxış etməli və miras qoyanın kreditor qarşısında yaranmış öhdəliyini də icra etməlidirlər. Tətbiq edilən prosessual normalar:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
45. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
46. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli, 4145rstBank/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borca görə 903,7 manat, faiz borcuna görə 0,05 manat olmaqla, ümumilikdə 903,75 manat məbləğində pul vəsaiti, həmçinin 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 4145rstBank/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borca görə 903,7 manat, faiz borcuna görə 0,05 manat olmaqla, ümumilikdə 903,75 (doqquz yüz üç manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev