Məhkəmə qərarları › İş №2(001)-4446/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4446/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4446/2024 07.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: kredit müqaviləsi, zaminlik) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli əmri ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 696.67 ABŞ dolları əsas, 154.23 ABŞ dolları faiz, 210.39 ABŞ dolları cərimə olmaqla cəmi 1061.29 ABŞ dolları məbləğində borcun borc ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə və 20 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 məhkəmə əmrinə etirazı təmin edilmiş və mülki iş iddia icraatına keçirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehlərin İddiaçı ASC-yə 696,67 ABŞ dolları əsas, 154,23 ABŞ dolları faiz və 210,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1061,29 ABŞ dolları borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İİ. Tərəflərin mövqeləri: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə faiz və cərimə hissəsində etiraz edərək bildirdi ki, zamin olmasına baxmayaraq borc üzrə öhdəlik Cavabdeh1 tərəfindən yerinə yetirilir, ödənişlər edilir. Məhkəmə əmrindən sonra özü yaxınlaşmış bank əməkdaşlarına və ona qalan borcla bağlı verilmiş nəlumat tələbdə olan məbləğlə eynilik təşkil etmir. Ona görə faiz və cərimə hissəsndə iddia ilə razı deyil. Digər cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsi ilə mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış, müqaviləyə əsasən sonuncuya 18 ay müddətinə, illik 34% ödəmək şərtilə 1530 ABŞ dolları məbləğində kredit verilmişdir. - xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən sonuncu borcalan Cavabdeh1 bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 311,22 ABŞ dolları əsas borc, 396,88 ABŞ dolları faiz, 128,64 ABŞ dolları əlavə faiz borcu və 1144,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1981,13 ABŞ dolları borcu mövcuddur. - bildiriş məktubundan görünür ki, cavabdehlər banka olan borc barədə və borc ödənilmədiyi təqdirdə Bank tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışlar. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən Bank qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən onlar kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə əmri verilən zaman cavabdehin banka əsas borc üzrə 696.67 ABŞ dolları borcu olmasına baxmayaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışla cavabdehin xx.xx.2024-cü il tarixə mövcud əsas borcunun 311.22 ABŞ dolları olduğu müəyyən edildiyindən əsas borc hissəsində qismən təmin edilməli, faiz borcu isə maliyyə arayışında 396.68 ABŞ dolları olması qeyd edilməsinə baxmayaraq iddiaçının həmin məbləğdə faiz borcunun cavabdehdən tutulması barədə tələbi olmadığından məhkəmə əmri verilən zaman tələb edilən məbləğdə, yəni 154.23 ABŞ dolları məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh2 ilə Bank arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Mülki Məcəllə 467-ci maddəsinə görə çəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə qismən təmin edilməli, cərimə məbləği azaldılmaqla 30 ABŞ dolları məbləğində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 311,22 ABŞ dolları əsas borc, 154,23 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 495,45 ABŞ dolları borc ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, ilkin olaraq tələb məhkəmə əmrinin verilməsi ilə bağlı olduğundan dövlət rüsumu 20 manat ödənildiyindən kəsir qalan məbləğ, yəni 10 manat cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutulmalı, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manant dövlət rüsumunun 18 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 311,22 ABŞ dolları əsas borc, 154,23 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 495,45 (dörd yüz doxsan beş dollar qırx beş sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə və ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. 10 (on) manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar