Məhkəmə qərarları › İş №2(001)-4449/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4449/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4449/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 mart 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********58352 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 112 manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 123 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə 20 mart 2019-cu il müqaviləyə əsasən İMEİ Kodu **********58352 olan Xiaomi Mi A2 Lite telefon almış və nəticədə 123 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********58352 olan Xiaomi Mi A2 Lite telefon üçün ümumilikdə 123 manat olmaqla ondan, 112 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə hesablanmışdır. Cavabdehin 20 mart 2019-cu il tarixli müqaviləyə əsasən sonuncu ödəniş tarixi 18 sentyabr 2020-ci olmaqla, cəmi ödədiyi məbləğ 392 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış 20 mart 2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlər aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 13 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onu üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(001)- 4449/2022 saylı qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehə satılmış telefonun bir illik qarantiyası olmuş, cavabdeh qarantiya müddəti bitdikdən sonra iddiaçı şirkətin əməkdaşlıq etdiyi servis mərkəzinə müraciət etmiş, buna baxmayaraq onun telefonu bir dəfə pulsuz təmir edilmişdir. Telefonun ölkəmizə rəsmi idxalçısı tərəfindən qarantiya müddəti bitdikdən sonra telefonda olan qüsurların istehsal və ya istehlak nəticəsində əmələ gələn qüsur olub-olmaması barədə rəy verilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, telefonu iddiaçıdan bir il qarantiya ilə almışdır. Həmin telefon elə qarantiya müddəti ərzində dəfələrlə xarab olmuş, karantin müddəti olduğuna və sms icazə ilə evdən çıxmalı olduğuna görə vaxtında telefonu servisə apara bilməmişdir. Telefonda zavod qüsuru var, telefon dəfələrlə servisdə güya təmir edilirdi, amma qüsur yenə də qalırdı. Sonuncu, dördüncü dəfə servisə aparanda dedilər ki, telefonun platası yanıb və ona görə bu problem yaşanır. Deməli, telefon əvvəllər də eyni səbəbdən xarab olurmuş, lakin hər dəfə format edib ona geri qaytarırdılar. O, əsəbiləşərək telefonu servisdə qoyub çıxmışdır. O, ödənişləri vaxtı-vaxtında edirdi, hətta telefon xarab olduğu müddətdə belə. Telefonu ona təmir edib qaytarsalar, qalan borcunu dərhal ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 mart 2019-cu il tarixli, 00572511 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 504 manat olan Xiaomi Mi A2 Lite markalı telefon sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 20 mart 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00572511 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 13 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 07 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 mart 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 112 manat, cərimə 11 manat olmaqla, cəmi 123 manat məbləğində borc hesablanmışdır. “Servis Link-5” tərəfindən tərtib edilmiş texniki vəziyyət barədə 19 may 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh 20 mart 2019-cu il tarixdə satılmış Xiaomi Mi A2 Lite markalı telefon 28 oktyabr 2019-cu il tarixdə servisə qəbul olunmuş, müştəri tərəfindən cihaza virus düşdüyü, mi saata qoşulanda heç bir funksiya göstərilmədiyi bildirilmiş, cihaz servis mərkəzi tərəfindən “upgrade” olunmuşdur. Həmin telefon 29 aprel 2020-ci il tarixdə servisə qəbul olunmuş, müştəri tərəfindən cihazdan istifadə zamanı ekranın öz-özünə qaraldığı bildirilmiş, servis mərkəzi tərəfindən ekran konnektoru bərpa olunmuş, cihaz format olunmuşdur. Həmin telefon 08 iyun 2020-ci il tarixdə servisə qəbul olunmuş, müştəri tərəfindən cihazdan istifadə zamanı ekranın öz-özünə qaraldığı bildirilmiş, cihaz servis mərkəzi tərəfindən 2 gün test olunmuş, qüsurun olmadığı müəyyən edilmişdir. Həmin telefon yenidən 19 iyun 2020-ci il tarixdə servisə qəbul olunmuş, müştəri tərəfindən cihazdan istifadə zamanı ekranın öz-özünə qaraldığı bildirilmiş, servis mərkəzi tərəfindən cihazda mexaniki təsirin olduğu, platanın 280 manat olduğu müştəriyə bildirilmiş, müştəri ödənişli xidmətdən imtina etmişdir. 08 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 20 mart 2019-cu il tarixli, 00572511 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən qiyməti 504 manat olan Xiaomi Mi A2 Lite markalı telefon bir illik qarantiya ilə cavabdehin istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandığı təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Həmçinin, o da müəyyən edilmişdir ki, cavabdeh bir dəfə qarantiya müddəti ərzində, üç dəfə isə qarantiya müddəti bitdikdən sonra telefonda olan qüsurla (ekranın öz-özünə qaralması) bağlı iddiaçının əməkdaşlıq etdiyi servis mərkəzinə bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə cavabdehə servis mərkəzi tərəfindən plataya görə 280 manat məbləğində ödəniş ediləcəyi barədə məlumat verilmiş, cavabdeh bundan imtina etmişdir. Hazırda iddiaçı cavabdehdən həmin telefona görə 112 manat ödənilməmiş borc və 11 manat cərimə, ümumilikdə 123 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumunu tələb edir, cavabdeh isə iddianı qəbul etmir və bildirir ki, telefon təmir edilib ona verildiyi təqdirdə o, borcunu ödəyəcəkdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdirlər; 5.3-cü maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın: 5.52-ci maddəsinə əsasən istehlakçıya keyfiyyətsiz mal satıldıqda, malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilmədikdə, istehlakçı öz seçimi ilə aşağıdakı tələblərdən birini irəli sürə bilər: 5.52.1. keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini; 5.52.2. satış qiymətinin uyğun məbləğdə azaldılmasını; 5.52.3. malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; 5.52.4. malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) malla, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini; 5.52.5. müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 5.57-ci maddəsinə əsasən satıcı lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan almağa, zəruri hallarda isə malın keyfiyyətini yoxlamağa borcludur. Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və ya nümayəndəsinin iştirak etmək hüququ vardır. 5.58-ci maddəsinə əsasən malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Məhkəmə qeyd edir ki, cavabdeh aldığı telefonun eyni qüsuru (ekranın öz-özünə qaralması) ilə bağlı iddiaçının əməkdaşlıq etdiyi servis mərkəzinə bir neçə dəfə müraciət etsə də, iddiaçı tərəfindən cavabdehə satılmış həmin telefonun lazımi keyfiyyətdə olubolmaması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq əmtəə ekspertiza keçirilməmiş, telefonda olan qüsurun istehsal və ya isteklak nəticəsində yaranmış olduğunu müəyyən etməmiş, birinci dəfə telefonu format etmiş, ikinci dəfə hər hansı qüsurun olmadığını, üçüncü dəfə isə plataya görə ödəniş edilməli olduğunu bildirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliyin lazımi qaydada icra olunmaması da müəyyən edilmir, belə ki, cavabdeh tərəfindən malın dəyərinin böyük hissəsi iddiaçıya ödənilmiş, yalnız telefonda olan qüsur aradan qaldırılmadığına görə ödəniş etməkdən imtina etmişdir. Qanunvericiliyin tələblərinə əsasən malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını tələb etmək istehlakçının hüququdur. Yəni, cavabdeh Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar