Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4451/2022 27.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********49438 olan “X2 8” markalı telefon üçün 329 manat ödənilməmiş hissə, 32 manat cərimə, 18 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********02202 olan “X1 A” markalı tablet üçün 37 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, ümumilikdə 401 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə 16 may 2020-ci il və 18 sentyabr 2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ Kodu **********49438 olan “X2 8” markalı telefon, İMEİ Kodu **********02202 olan “X1 A” markalı tablet almış və nəticədə 401 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16 may 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 589 manat (12 ay x 47 manat + 25 manat ilkin ödəniş) “X2 8” markalı telefon üçün ümumilikdə 361 manat olmaqla, ondan 329 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 manat cərimə, 18 sentyabr 2020ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 468 manat (12 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********02202 olan “X1 A” markalı tablat üçün ümumilikdə 40 manat olmaqla, ondan 37 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 691 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış 16 may 2020-ci il və 18 sentyabr 2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 28 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onu üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(001)- 4451/2022 saylı qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı tərəfindən “X2 8” markalı telefon üçün təqribən 6 aylıq ödəniş edilmişdir. Qızıl zəmanət talonunda göstərilən “digər şərtlər”ə əsasən məhsulun korpusuna, batareyasına, adapterinə, aksessuarlarına və sim-konnektoruna zəmanət verilmir. Cavabdeh telefonu əlindən yerə salmış və telefon yararsız vəziyyətə düşmüşdür. Cavabdehə zəmanət şərtləri şifahi izah edilmiş və yalnız ödəniş edildiyi təqdirdə telefonun təmir olunacağı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun həqiqətən də “X1 A” markalı tabletə görə iddiaçıya 37 manat məbləğində borcu qalmışdır. Həmin borcu ödəməyi unutmuşdur. Lakin “X2 8” markalı telefon üçün tələb edilən borcu qəbul etmir. Belə ki, həmin telefonu “qızıl zəmanət”lə almış və telefona görə 6 ay ödəniş etmişdir. Telefon onun əlində danışdığı yerdə səs gəlmiş və qızmış, o, qorxusundan telefonu yerə atmışdır. Sonra telefonu iddiaçının servis mərkəzinə aparmış, lakin servisdə ona telefonu yalnız ödənişlə təmir edəcəklərini bildirmişlər. O, telefonu orada qoyub təmir edilib ona verildikdən sonra müqavilə üzrə qalan aylıq ödənişləri edəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2020-ci il tarixli, 20283674 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 515,8 manat olan İMEİ Kodu **********49438 olan “X2 8” markalı telefon, 73,2 manat dəyərində yeni qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 16 may 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20283674 saylı müqavilədə qeyd olunan malı tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli, 21181446 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 468 manat olan İMEİ Kodu **********02202 olan “X1 A” markalı tablet sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 18 sentyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 21181446 saylı müqavilədə qeyd olunan malı tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 19 may 2022-ci il tarixli və 20 avqust 2020-ci il tarixli “texniki vəziyyət barədə akt”lardan görünür ki, 16 may 2020-ci il tarixdə Cavabdeh satılmış “X2 8” markalı telefon 20 oktyabr 2020-ci il tarixdə servisə qəbul olunmuşdur. Müştəri tərəfindən təqdim olunan qüsur: cihaz tam yararsız vəziyyətdədir, cihazdan səs gəlib, müştəri cihazı yerə atıb, cihaz partlayıb yanıb. Aparılan işlər barədə məlumat: cihaza baxış keçirildi, ana plata, korpus, karkas, arxa qapaq, batareya, lcd, alt plata, orta lent yararsız vəziyyətdədir. Müştəriyə korpus, karkas, batareyaya görə 155 manat kompensasiya məbləği və ya qızıl zəmanət şərtləri bildirildi, narazıdır, kompensasiya məbləğini ödəməkdən imtina etdi. “X2 8” markalı telefon üçün verilən 2 illik “qızıl zəmanət şərtləri”nə əsasən bu zəmanət yaranma səbəbindən asılı olmayaraq, qüsurların (o cümlədən ekranın sınması, mexaniki zədələr, maye keçməsi) təmirinə verilir. Məhsulun təmiri ehtiyat hissələri daxil olmaqla tamamilə pulsuz həyata keçirilir. Mobil telefonun təmiri zamanı alıcıya müvəqqəti istifadə üçün digər mobil telefon təqdim edilir. Bu zəmanət oğurluq hasisələrinə və belə hadisələrlə bağlı meydana gələn nəticələrə şamiş edilir. Məhsul oğurlandığı halda alıcıya aşağıdakı cədvələ uyğun olaraq Kontakt Home mağazalarında istifadə edilməsi üçün məbləğ təqdim edilir. Bu zəmanət alıcıya istənilən səbəbdən məhsulu (vəziyyətindən asılı olmayaraq) qaytarmaq hüququ verir. Bunun müqabilində bu məhsulun məbləği ödənilmək şərti ilə alıcıya aşağıdakı cədvələ uyğun olaraq Kontakt Home mağazalarında istifadə edilməsi üçün məbləğ təqdim edilir: satış tarixindən 1 ay müddətində müraciət olunduqda bu talonda gösətilmiş məbləğin 70%, 2-6 ay – 50%, 7-12 ay - 30%, 13-24 ay – 20%. “Digər şərtlər”: məhsulun təmiri 14 gün ərzində həyata keçirilir. Qeyd olunan müddət ərzində təmir yekunlaşmadıqda məhsul dəyişdiriləcək (noutbuklar istisnadır). Məhsulun zədələnmiş hissələrinin hər biri yalnız 1 dəfə yuxarıda göstərilmiş şərtlərlə dəyişdirilə bilər. Məhusla kənar şəxs və ya istehlakçı, habelə servis tərəfindən edilmiş müdaxilə nəticəsində onda hər hansı qüsur meydana gələrsə, bu zəmanət şərtləri qüvvədən düşmüş hesab edilir və bununla əlaqədar məhsulu geri qaytarıb endirimdən faydalanmaq hüququ itirilir. Məhsulun korpusuna, batareyasına, adapterinə, aksessuarlarına və simkonnektoruna zəmanət verilmir. Zəmanət satış tarixindən qüvvəyə minir. Məhsul üzrə ödəniş şərtləri tam və vaxtında yerinə yetirilmədiyi halda, bu zəmanət şərtləri qüvvədən düşmüş hesba edilir. 20 oktyabr 2020-ci il tarixli, 142452 nömrəli “sifariş”dən görünür ki, qızıl zəmanətli “X2 8” markalı telefon Cavabdeh tərəfindən servisə təhvil verilmişdir. 28 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 07 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 may 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 329 manat, cərimə 32 manat olmaqla, cəmi 361 manat, 18 sentyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 37 manat, cərimə 3 manat olmaqla, cəmi 40 manat borc hesablanmışdır. Ümumilikdə Cavabdeh İddiaçınə 401 manat məbləğində borcu vardır. 08 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 18 sentyabr 2020-ci il tarixli, 21181446 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən qiyməti 468 manat olan “X1 A” markalı tablet cavabdehin istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandığı təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Hazırda həmin müqavilə üzrə iddiaçı cavabdehdən 37 manat məbləğində borc, 3 manat məbləğində cərimə, cəmi 40 manat məbləğində borcun ödənilməsini tələb edir, cavabdeh də borcunun olduğunu etiraf edir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, həmin müqavilə üzrə yaranmış 37 manat məbləğində borc, 3 manat məbləğində cərimə, cəmi 40 manat məbləğində borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında o da müəyyən edilmişdir ki, tərəflər arasında 16 may 2020-ci il tarixli, 20283674 saylı müqavilə imzalanmış, qiyməti 515,8 manat olan “X2 8” markalı telefon cavabdehin istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandığı təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən həmin telefonun 2 illik “qızıl zəmanət”inə görə əlavə olaraq 73,2 manat məbləğində vəsait ödənilmişdir. 20 oktyabr 2020-ci il tarixdə cavabdeh telefonu iddiaçının servis mərkəzinə təqdim edərək bildidmişdir ki, telefondan səs gəldiyi üçün yerə atmış, telefon partlayıb yanmışdır. İddiaçı tərəfindən cavabdehə 155 manat məbləğində kompensasiya ödənişi edildiyi təqdirdə telefonunun təmir ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir; 417.2-ci maddəsinə görə əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır; 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir; 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir; 582.3-ci maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir; 583.1-ci maddəsinə görə qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır; 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər; 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1 və 6.2-ci maddələrinə əsasən istehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilən “qızıl zəmanət”in şərtləri mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarının tələblərinə əsasən müqavilənin standart şərtləri hesab olunur. Belə ki, “qızıl zəmanət”in şərtləri əvvəlcədən ifadə edilmiş, iddiaçı tərəfindən dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları iddiaçı digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Tərəflər həmin şərtləri müfəssəl müəyyənləşdirməmişlər. Həmçinin, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “qızıl zəmanət şərtləri”nə əsasən yaranma səbəbindən asılı olmayaraq, qüsurların (o cümlədən ekranın sınması, mexaniki zədələr, maye keçməsi) təmirinə zəmanət verdiyi və məhsulun təmirinin ehtiyat hissələri daxil olmaqla tamamilə pulsuz həyata keçiriləcəyi barədə üzərinə öhdəlik götürsə də, “digər şərtlər” də məhsulun korpusuna, batareyasına, adapterinə, aksessuarlarına və simkonnektoruna zəmanət verilmədiyini göstərmişdir. Göründüyü kimi, “digər şərtlər”də göstərilənlər “qızıl zəmanət şərtləri”ndə göstərilənlərlə uyğunluq təşkil etmir və belə olan halda məhkəmə Mülki Məcəllənin 419.2ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, bu qeyri-müəyyənlik iddiaçının ziyanına (əleyhinə) təfsir edilməli və “qızıl zəmanət şərtləri” əsas götürülməlidir. Beləliklə, iddiaçı cavabdehə satılmış telefonda yaranma səbəbindən asılı olmayaraq əmələ gəlmiş qüsurların təmirinin ehtiyat hissələri daxil olmaqla tamamilə pulsuz həyata keçiriləcəyi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddaçıya müqavilə üzrə ödənişlər telefon servisə təqdim edilən vaxtadək həyata keçirilmiş və yalnız telefonun təmirindən zəmanət şərtlərinə uyğun olaraq imtina olunduqdan sonra ödənişləri etməkdən imtina etmişdir. Yəni, cavabdeh Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi cavabdehdən 16 may 2020-ci il tarixli müqaviləyə əsasən “X2 8” markalı telefon üçün 329 manat ödənilməmiş hissə və 32 manat cərimə tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 sentyabr 2020-ci il tarixli, 21181446 saylı müqavilə üzrə əsas borc 37 manat, cərimə 3 manat olmaqla, cəmi 40 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 3 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 18 sentyabr 2020-ci il tarixli, 21181446 saylı müqavilə üzrə əsas borc 37 (otuz yeddi) manat, cərimə 3 (üç) manat olmaqla, cəmi 40 (qırx) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 3 (üç) manatı Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4451/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4451/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver