Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4468/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, razılaşmanın şərtlərinə uyğun olaraq, 13200 (ödəniş gününə Azərbaycan Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) abş dolları pulun və 1300 vergi borcunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məğul olmaq niyyətində olduğunu bildirərək, ona təcili pul lazım olduğunu bildirdi və bunun üçün ondan təcili pul tapmağını xahiş etdi. Həmin şəxsin bildirməsinə görə guya o, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən obyekti icarəyə götürməli və həmin ünvanda restoran fəaliyyətini təmin etməli idi. Bu məqsədlə ona 14100 abş dolları pul vəsaiti vermişdir. Həmin şəxs pul vəsaitini aldıqdan sonra qeyd edilən ünvanda heç bir fəaliyyət qura bilmədiyindən, o cavabdehdən verdiyi vəsaiti geri tələb etməyə başladı. Bundan sonra, cavabdeh ondan aldığı pulun bir hissəsini verdi və qalan pulu da qısa bir müddətdə geri qaytaracağına söz verdi. O, həmin şəxsdən bu şifahi razılaşmalarını, yazılı öhdəlik müqaviləsi əsasında rəsmiləşdirmələrini xahiş etdi və bundan sonra 11 noyabr 2022-ci il tarixli öhdəlik razılaşması rəsmiləşdirildi. Həmin razılaşmanın 1.5-ci bəndindən də göründüyü kimi onun cavabdehə verdiyi pul vəsaitindən 900 abş dolları geri ödənilsə də, 13200 abş dolları geri ödənilməmişdir. Həmin razılaşmanın 1.6-cı bəndində isə Razılaşma rəsmiləşdirilən günədək ona məxsus olan VÖEN əsasında 900 azn vergi borcunun olduğu göstərilmişdir. Razılaşmanın şərtlərinə görə cavabdeh bu məbləği də ödəməli və borcun bağlanmasını təmin etməli idi. Lakin cavabdeh bu hissədə də öhdəliyini yerinə yetirmədiyindən həmin hissədə də borcun məbləği artmış və hazırda 1300 manat vergi borcu yaranmışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının fikrini öyrənərək o qənaətə gəlir ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 11 noyabr 2022-ci il tarixli “icraçı” adlandırılan Cavabdeh ilə “investor” adlandırılan İddiaçı arasında bağlanan razılaşmanın təsviri hissəsindən görünür ki, tərəflər bu müqavilə tərtib edilənə qədər birgə əməkdaşlıq məqsədi ilə, 17 oktyabr 2021-ci il tarixdə qeyri-yaşayış sahəsini restoran fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürmüşlər. Tərəflər arasında olan razılığa əsasən investor icarəyə götürülən qeyri-yaşayış sahəsinin təmirinə və zəruri avadanlıqların alınmasına investisiya qoymalı, icraçı isə icarə müqaviləsi, vergi və.s sənədləşmə işləri investorun adına olsa da, restoranın fəaliyyətini təmin etmək məqsədilə, özünün irəli sürdüyü proqnozlara əsasən yüksək məbləğdə gəlir əldə etməli idi. Restoranın fəaliyyəti nəticəsində əldə olunan gəlir hesabına investor tərəfindən sərf edilən pul vəsaiti investora qaytarılmalı və bu vəsait tam qaytarıldıqdan sonra əldə olunan gələr tərəflər arasında bərabər şəkildə bölünməli. Təqdim edilən razılaşmadan görünür ki, tərəflər arasında sahibkarlıq fəaliyyəti həyata keçirilməsi ilə bağlı münasibətlər mövcud olmuş və hazırda həmin münasibətlərdən irəli gələn mübahisə vardır. Belə ki, iddiaçı iddia edir ki, cavabdehlə aralarında olan razılığa əsasən, cavabdeh restoranın fəaliyyətini təşkil etməklə gəlir əldə etməli və qoyulan investisiyanı qaytardıqdan sonra əldə olunacaq vəsaiti bərabər bölməli olduğu halda bunu etməmiş, restoranın fəaliyyətdə olduğu dövrdə qoyulan investisiyadan hər hansı məbləğ qaytarmamış və hər hansı gəlir verməmişdir. Bununla yanaşı cavabdeh bir yerdə fəaliyyət göstərdiyi dövrdə fəaliyətlərinə başqa şərik qoşaraq onu aldatmışdır. İddiaçının vəkili məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirdi ki, yaranmış mübahisə kommersiya fəaliyyəti ilə bağlı deyildir. Belə ki, cavabdehin məqsədi iddiaçının adına VÖEN açdırmaqla, ondan vəsait əldə etməklə qeyri-rəsmi fəaliyyət göstərmək olmuşdur. Çünki cavabdeh tərəflərin bir yerdə fəaliyyət göstərdiyi zaman başqa şərik qoşmaqla əsl niyyətini göstərmişdir. Cavabdeh isə iddiaçının vəkilinin dedikləri ilə razılaşmayaraq, mübahisənin məhkəmə aidiyyəti ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə borcun etirafı mahiyyəti daşısa da, öhdəliyin yaranması əsası tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Göründüyü kimi mübahisənin kommersiya aidiyyətini müəyyən edən meyarlar hazırki mülki işdə vardır. Belə ki, həm subyekt tərkibi baxımından hər iki şəxs fərdi sahibkar kimi vergi uçotuna alınmışdır, həm hüquq münasibətlərinin xarakteri tərəflərin birgə sahibkarlıq fəaliyyəti ilə bağlıdır, həm də mübahisənin predmeti müqavilə münasibətlərindən irəli gəlir. Odur ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Bundan başqa, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Eyni zamanda məhkəmə tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırki qərardaddan şikayət verildiyi təqdirdə MPM-nin 269-cu maddəsinin tələblərini və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilən xüsusatları nəzərə alsınlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4468/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4468/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver