Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4470/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 manat borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat borc, vurulan zərərin əvəzi olaraq 2000 manat, dövlət rüsumuna görə 271 manat olmaqla cəmi 60271 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 manat borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat borc, vurulan zərərin əvəzi olaraq 2000 manat, dövlət rüsumuna görə 271 manat olmaqla cəmi 60271 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 15000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 23000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 20000 manat məbləğində borc pul vermişdir. Cavabdehə cəmi 58000 manat borc pul verməsinə baxmayaraq cavabdeh notarial qaydada bağlanmış və əvvəlcədən razılaşdırılmış vaxtda pulu qaytarmaqdan imtina etmişdir. Kredit müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən də göründüyü kimi cavabdehin ümumilikdə ona 58000 manat borcu vardır. Borcu vaxtında qaytarmaması səbəbindən əldən çıxmış faydanın əvəzinin də cavabdehdən onun xeyrinə tutulması zəruridir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borcun ödənilməsini qanunsuz və əsassız olaraq icra etməmiş və kreditor olaraq ona ciddi şəkildə zərər vurmuşdur. Belə ki, cavabdeh, əsas borc məbləği olan 58000 manatı qaytarmamaqla yanaşı, onun pul vəsaitindən 16 ay müddətində istifadə etməklə ona zərər vurmuşdur. O, Namiqə məhkəməyə təqdim etdiyi kredit müqavilələrində qeyd olunan cəmi 58000 man borcdan əlavə 2019-cu ildən başlamaqa Namiqlə bağladığı müqavilələr ərəfəsində davam etməklə, 58000 manat borcdan əlavə, şifahi qaydada hissə-hissə nağd şəkildə 92000 manat borc vermişdir. Belə ki, Namiq ona ev təmir etdiyini, mebel alıbsatmasını, birilkdə qazanc əldə edə biləcəklərini dediyindən o, mülkiyyətində olan əmlakları satıb qazanc əldə etmək, birlikdə biznes fəaliyyəti göstərmək məqsədi ilə Namiqə pul vermişdir. Namiq aldığı pulu hissə-hissə qaytardığı üçün o, 58000 manata dair müqavilə bağladığı ərəfədə Namiqə verdiyi 92000 manata görə onunla müqavilə bağlamamışdır. Lakin Namiq ona qazanc veməmiş, aldığı pulu Raminə, Sənan faizə borc vermişdir. Alxasa isə o, borcu Namiqin xahişinə əsasən vermişdir. Namiqə verdiyi 92000 manat borcun 32000 manatını Namiq il yarım əvvəl, 60000 manatını isə ona hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən təxminən 45 gün sonra Sənan Məmmədov qaytarmışdır. Sənan 60000 manatı ona qaytardıqdan sonra Namiqin ona zəng etməsini, ona verdiyi 60000 manatı geri qaytarmasını, məhkəmədə Namiqin həmin 60000 manatı ona verəcəyini, əks halda Namiq ondan şikayət edəcəyini ona demişdir. O isə Namiqin yazılı sübutunun olmamasını, Sənandan şikayət ediləcəyi halda onunla birlikdə gedib pulu almasını etiraf edəcəyini demişdir. Cavabdehin vəkilinin məhkəməyə təqdim etdiyi səs yazısı onun məhkəməyə müraciət etdikdən sonra Sənanla danışığıdır. O, səs yazısında şifahi qaydada nağd olaraq verdiyi pulun ona qaytarılması barədə danışmışdır. Sənan onun notarial qaydada Namiqlə bağladığı müqavilələrə əsasən aldığı 58000 manatı deyil, Namiqin ondan aldığı 92000 manatın 60000 manatını ona qaytarmışdır. Ona görə də, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat olmaqla, ümumilikdə 58000 manat borcun, 16 ay ərzində qaytarılmalı olan, lakin qaytarılmayan və qanunsuz istifadə olunan pula görə vurulan zərərin əvəzi olaraq 2000 manatın və ödənilmiş dövlət rüsumuna görə 271 manat olmaqla cəmi 60271 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh iddia ərizəsində qeyd olunan pul məbləğlərini notarial qaydada təsdiq olunan müqavilələr əsasında iddiaçıdan götürərək cavabdehin dostu olan X3 və X7 vermiş, iddiaçı ilə cavabdehin aralarında olan razılaşmaya əsasən həmin borc S.H. Məmmədov və R.M.Əliyev tərəfindən iddiaçıya qaytarılacaqdır. Tərəflərin razılığına əsasən alınan borc S.H.Məmmdov və R.M.Əliyev tərəfindən iddiaçıya qaytarılmışdır. İddiaçı təkcə cavabdehdən deyil, digər şəxslərdən də eyni məzmunlu əsaslarla borc tələbinə dair iddia ərizəsi ilə məhkəmələrə müraciət etmişdir. Belə ki, hal-hazırda iddiaçı 13000 manat borc tələbi ilə bağlı cavabdehə və onun dostu X4 qarşı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı borcu qarşlıqsız onlara vermədiyini, həmin borc pullarının qarşılığında faiz tələb etdiyini S.H. Məmmədova və R.M.Əliyevə bildirmişdir. İddiaçı faizə borc verməklə məşğul olduğundan bir neçə şəxslə bağladığı borc verməsi barədə müqavilələr mövcuddur. İddia ərizəsində tələb olunan borc iddiaçıya qaytarılmış, lakin həmin borclarla bağlı iddiaçıya ödəniləcək faizlər pandemiya ilə əlaqədar işsizlik səbəbindən ödənilmədiyi üçün iddiaçı həmin borca hesabladığı faiz pullarını Cavabdeh tələb edir. Bundan əlavə iddiaçının S.H.Məmmədovla telefon danışıqları olmuş və həmin danışıqlarda iddiaçı borcu almasını etiraf etmişdir. İddiaçı cavabdehə 92000 manat borc verməmiş, bu barədə hər hansı bir sübut möbcud deyildir. İddiaçının hazırkı tələbinin əsasını təşkil edən kredit müqavilələrinin bağlanıldığı ərəfədə cavabdehə 92000 manat borc verib heç bir müqavilə bağlamaması inandırıcı deyildir. İddiaçının cavabdehdən tələb etdiyi borcun S.H.Məmmədov və R.M.Əliyev tərəfindən qaytarılması təqdim olunmuş sübutlar əsasında öz təsdiqini tapdığından iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçıla tanış olduqdan 7-8 ay sonra iddiaçının faizə borc pul verməsini bilmişdir. O, əvvəl Ramin üçün, daha sonra Sənan üçün Qürbətdən borc almışdır. Qürbət borcu yalnız ona notarial qaydada bağlanan müqavilələr əsasında verəcəyini demişdir. O, Qürbətdən xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 15000 manat borcu, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 23000 manat borcu, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 20000 manat borcu X3 vermişdir. Pandemiya ilə bağlı Sənan aldığı borcu vaxtında, əvvəldən razılaşdırılmış şərtlərə uyğun Qürbətə qaytara bilməmiş, Qürbət ondan borcun qaytarılmasını tələb etmiş, o da bu barədə Sənana demişdir. Daha sonra Sənan Qürbətlə görüşmüşdür. Qürbət məhkəməyə müraciət edəndən sonra isə Sənan onun Qürbətdən Sənan üçün aldığı 58000 manata görə 60000 manatı Qürbətə qaytarmışdır. Sənan ona borcu qaytarmasını bildirərkən o, Sənandan pulu geri almasını, Qürbətin məhkəməyə müraciət etməsini, borcu məhkəmdə Qürbətə qaytaracağını demişdir. X11 zəng etsə də, Qürbət aldığı 60000 manatı qaytarmamışdır. O, Qürbətdən şifahi qaydada 92000 manat borc almamış, Sənan Qürbətin iddia ərizəsində tələb etdiyi borc müqavilələri üzrə onun Qürbətdən alıb Sənana verdiyi borca görə Qürbətə 60000 manat qaytarmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 12 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək qaytarmaq şərti ilə 15000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndindən müəyyən olunur ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, borcalan kredit müqaviləsinin ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 18 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 23000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndindən müəyyən olunur ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, borcalan kredit müqaviləsinin ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 17 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 20000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndindən müəyyən olunur ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, borcalan kredit müqaviləsinin ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, borcverən borcalana 16 ay müddətinə qaytarmaq şərti ilə 14000 manat faizsiz kredit verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən borcverən İddiaçı ilə borcalan X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, borcverən borcalana 14 ay müddətinə qaytarmaq şərti ilə 13000 manat faizsiz kredit verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, 15 ildir Namiqi tanıyır, Namiqin vasitəsi ilə 2019-cu ildə Qürbətlə tanış olmuşdur. O, özünə pul lazım olmasını Namiqə demiş, bundan sonra Namiq ona Qürbətin faizə borc verməsini demişdir. O, 15000 manat borca görə 20 ay müddətinə 30000 manat qaytarmaq şərti ilə Namiqin vasitəsi ilə Qürbətdən borc almış, daha sonra borcunu qaytara bilmədiyi üçün evini satıb 30000 manatı Qürbətə qaytarmışdır. Borcu alarkən Namiqin Qürbətlə borc müqaviləsi bağlamasını, Namiqin Qürbətdən borcu notariusda təsdiq olunan müqavilə əsasında almasını bilmişdir. Namiqin Qürbətə başqa borclarının olması barədə onun məlumatı yoxdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, dostu Cavabdeh özünə borc pul lazım olmasını bildirmiş, bundan sonra Namiq ona tanışı Qürbətin 20 ay müddətinə verəcəyi 1000 manat borca görə 2000 manat qaytarmaq şərti ilə borc verdiyini demişdir. Bundan sonra o, Namiqdən 5000, 7000, 7000, 15000 manat olmaqla hissə-hissə 34000 manat borc almış, 6-7 ay sonra aldığı borcdan 10000 manat Namiqə qaytarmışdır. Namiq ona borc verərkən pulu Qürbətdən notarial qaydada təsdiq olunan müqavilələrə əsasən almasını demişdir. Pandemiya ilə bağlı aldığı borcu qaytara bilməmişdir. Namiq ona müraciət edərək borcu vaxtında qaytara bilmədiyindən Qürəbətə 62000 manat borcunun olmasını, Qürbətin verdiyi pulu tələb etməsini demişdir. Bundan sonra o, Qürbətlə görüşmüş, Qürbət ona Namiq vasitəsi ilə verdiyi borcun 62000 manat olmasını təsdiq etmiş, həmin məbləğdən 2000 manatı keçdiyini, 60000 manatı 3 ay müddətində qaytarmağı tələb etmişdir. O, özünə məxsus fermanı və nəqliyyat vasitəsini satıb 60000 manatı Qürbətə vermişdir. Namiqin Qürbətə başqa borcunun olması barədə onun məlumatı yoxdur. Qürbətə qaytardığı 60000 manat borc Namiqin onun üçün Qürbətdən 2020-ci ildə notarial qaydada aldığı borca görə verdiyi puldur. Borcu Qürbətə qaytardıqdan sonra Namiq ona zəng edərək Qürbətin məhkəməyə müraciət edərək borcu ondan tələb etməsini, ona görə də Qürbətə verdiyi pulu geri alıb ona verməsini, o da, həmin pulu məhkəmədə Qürbətə verəcəyini, əks halda ondan şikayət edəcəyini demişdir. Bundan sonra o, Qürbətə zəng etmiş, Qürbətin danışığını yazmışdır. Həmin yazını Namiqə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Şabanov X2 Namiq Hafiz oğluna xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat borc vermiş, cavabdeh aldığı borcu X3 vermiş, daha sonra X6 aldığı borca görə 60000 manat pul vəsaitini İddiaçı qaytarmışdır. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehə iddia ərizəsində qeyd etdiyi borc müqavilələrini bağladığı ərəfədə həmin müqavilələrə əsasən, borc verdiyi 58000 manatdan əlavə hissə-hissə 92000 manat borc verməsini, məhkəməyə müraciət etdikdən sonra X1 ona qaytardığı 60000 manat pulun iddia tələbində qeyd etdiyi müqavilələr üzrə verilən 58000 manata deyil, 92000 manat borca aid olmasını bildirsə də, cavabdehə 92000 manat borc verməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında isə cavabdeh izahatında iddiaçıdan 92000 manat borc almadığını, şahid qismində dindirilən X6 ifadəsində iddiaçıya verdiyi 60000 manatın cavabdehin onun üçün iddiaçıdan notarial qaydada bağlanan müqavilələrə əsasən aldığı borc vəsaiti olmasını təsdiq etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, məhkəmə araşdırması zamanı isə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli kredit müqavilələrinə əsasən, iddiaçının tələb etdiyi borca və vurulan zərər görə 60000 manatın iddiaçıya ödənilməsi öz təsdiqini tapdığından iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 manat borc, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat borc, vurulan zərərin əvəzi olaraq 2000 manat, dövlət rüsumuna görə 271 manat olmaqla cəmi 60271 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4470/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4470/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver