Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-449/2021 27.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyana görə 1170 manat, hüquqi xidmətə görə 200 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyana görə 1170 manat, hüquqi xidmətə görə 200 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 23.02.2020-ci il tarixdə axşam saat 23:00 radələrində idarə etdiyi Naz Lifan minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu M.Davudoğlu dairəsində hərəkət etdiyi zaman Cavabdeh1 sürücülük vəsiqəsi olmadan idarə etdiyi digər Cavabdeh2 mülkiyyətində olan Chanqan minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən hərəkət etməklə onun idarə etdiyi avtomobillə toqquşmuş və nəticədə o, həm yüngül bədən xəsarəti almış, həm də ona 1170 manat məbləğində maddi zərər dəymişdir. Faktla bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi barədə 23.03.2020-ci il tarixli qərar qəbul edilmiş və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Cavabdeh1 yolnəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərəri könüllü surətdə ödəməkdən boyun qaçırmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə maddi ziyana görə 1170 manatın, hüququ xidmətə görə ödədiyi 200 manatın, cəmi 1370 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB 980575 saylı 06.11.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Naz Lifan minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. X2 04.03.2020-ci il tarixli E/295 saylı ziyan aktından müəyyən olunur ki, İddiaçı müraciətinə əsasən 04.03.2020-ci il tarixdə Binəqədi qəsəbəsi DSK yolu 81-dəki avtoservisdə təmirdə olmuş İddiaçı məxsus Naz Lifan minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər nəticəsində sıradan çıxmış ehtiyat hissələrinin dəyəri 535 manat, avtomobilin sökülüb yığılmasına, təmirinə və rənglənməsinə sərf olunan, görülən işlərin dəyəri cəmi 635 manat olmaqla ümumi məbləğ 1170 manat təşkil edir. Şahin Hüquq MMC-nin 19.06.2020-ci il tarixli seriya BÖO 569763 nömrəli qəbzindən müəyyən olunur ki, İddiaçı hüquqi xidmətə görə Şahin Hüquq MMC-yə 200 manat ödəniş etmişdir. Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı X1 23.03.2020ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, İddiaçı yol-nəqliyyat nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, o, Cavabdeh2 məxsus Changan markalı qeydiyyat nömrəsi **-TT-*** olan avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 23.02.2020-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Davudoğlu küçəsindən üzü Binəqədi istiqamətinə doğru həmin avtomobili idarə eərkən sol tərəfi gözləmədən yola çıxmış Binəqədi istiqamətindən üzü şəhər istiqamətinə hərəkətdə olan Naz Lifan markalı avtomobillə toqquşmuşdur. Hadisə baş verən zaman avtomobili 20-30 km saat sürətlə idarə etmişdir. Hadisə baş verən zaman avtomobildə qohumu olmuşdur və heç biri xəsarət almamışlar. Hadisə baş verən zaman hava qaranlıq və yol örtüyü quru, düz asfalt olmuşdur. Hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 21.10.2020-ci il tarixli 440 saylı rəyindən müəyyən olunur ki, Xəzər-Lada ASC-nin ixtisaslaşdırılmış Avtomobil Mərkəzi tərəfindən tərtib olunan 04.03.2020-ci il tarixli E-295 saylı ziyan aktında 2013-cü il buraxılışlı, Naz Lifan markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 11 adda 535 manat dəyərində hissələrinin sıradan çıxması və bu hissələrin təmir və bərpasına 635 manat vəsait tələb edilməsi göstərilməklə, avtomobil sahibinə dəymiş ziyanın məbləği 1170 manat (535m + 635m) müəyyən edilmişdir. Qiymətləndirmə zamanı adətən üç əsas yanaşma (metod) tətbiq edilir. Bunlar xərc, kapitallaşma və müqayisə metodlarıdır. Hazırki ekspertiza tədqiqatında qiymətlərin müqayisəsi metodundan istifadə edilmişdir. Analoq obyektlərin qiymətlərinin təhlili zamanı analoqlar və qiymətləndirmə obyekti arasında mövcud olan fərqlərə düzəliş edilir. İnkaredici (mənfi) düzəlişlər o hallarda tətbiq edilir ki, analoq öz göstəriciləri ilə qiymətləndirmə obyektini üstələyir. Müsbət düzəlişlərdən isə o vaxt istifadə olunur ki, analoq öz göstəricilərinə görə qiymətləndirmə obyektindən geri qalsın. Düzəlişlərin dərəcəsi qiymətləndirici tərəfindən ekspert yolu ilə və yaxud əmlakın ümumi dəyərinin müqayisəsi elementlərinin xüsusi çəkisi əsasında müəyyən edilir. Respublika ərazisində fəaliyyət göstərən avtohissələr satışı mağazalarında və eləcə də avtoservis müəssisələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, Xəzər-Lada ASC-nin ixtisaslaşdırılmış Avtomobil Mərkəzi tərəfindən tərtib olunan 04.03.2020-ci il tarixli E-295 saylı ziyan aktında (avtomobil zədəli vəziyyətdə ekspert baxışına təqdim edilmədiyinə görə) 2013-cü il buraxılışlı, Naz Lifan markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrə görə 535 manat, təmir bərpa işlərinə görə 215 manat cəmi 750 manat müəyyən edilmişdir. Mövcud qaydalara görə minik avtomobillərinin illik amortizasiya aşınması orta hesabla 4% (2-6%) nəzərdə tutulmuşdur. Qəzayadək 7 il (2013-2020) istismarda olmuş, Naz Lifan markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qalıq dəyəri (alın şüşəsinə aşınma tətbiq edilmir) 432 manat (535m - 120m = 415m - 4% - 6 dəfə = 312 + 120m) müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, nəzəri qaydada Xəzər-Lada ASC-nin ixtisaslaşdırılmış Avtomobil Mərkəzi tərəfindən tərtib olunan 04.03.2020-ci il tarixli E-295 saylı ziyan aktı məlumatlarına əsasən aparılan hesablamalarla, 2013-cü il buraxılışlı, Naz Lifan markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin dəyərinə görə 432 manat, təmir xərcinə görə 215 manat təxminən 647 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 27.04.2021-ci il tarixli 11 saylı bildiriş məktubundan müəyyən olunur ki, nəzəri qaydada Xəzər-Lada ASC-nin ixtisaslaşdırılmış Avtomobil Mərkəzi tərəfindən tərtib olunan 04.03.2020-ci il tarixli E-295 saylı ziyan aktı məlumatlarına əsasən aparılan hesablamalarla, 2013-cü il buraxılışlı, Naz Lifan markalı **- FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 647 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı tərəflərlə əlaqə saxlanılmış, lakin tədqiq olunan avtomobilin təmir olunduğu bildirilmişdir. Aparılmış tədqiqat zamanı tədqiq olunan avtomobil üzərində təmir bərpa işləri aparıldığı üçün ekspertə təqdim edilmiş iş materialında olan məlumatlardan istifadə edilmişdir. Ekspertizanın təyin edilməsi haqqında 03.09.2020 tarixli qərardadda hər iki ekspertiza qarşısında **-FP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində aparılmalı olan təmir-bərpa işlərinin dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur. Tədqiq olunan avtomobil üzərində təmir bərpa işləri aparıldığı üçün verilmiş ekspert rəyinin nəticəsi hər iki ekspertizanın nəticəsi kimi müəyyən edilmişdir. Lakin qeyd olunan məsələnin həlli məhkəmə tərəfindən qiymətləndirilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2020-ci il tarixli 9/3847 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə Avtovaz servis mərkəzi tərəfindən təqdim edilmiş 04.03.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı Naz Lifan markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin dəyəri 535 manat, təmir-bərpa işlərinin dəyəri 635 manat olmaqla təxminən 1170 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 sürücülük hüququ olmadan Cavabdeh2 məxsus nəqliyyat vasitəsini idarə edəkən yol hərəkəti qaydalarını pozaraq İddiaçı idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncuya maddi ziyan vurmuşdur. Məhkəmə iddiaçıya vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iş üzrə keçirilən ekspertiza rəylərini, iddiaçının məhkəmə təqdim etdiyi ziyan aktını tədqiq edib belə nəticəyə gəlir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2020-ci il tarixli 9/3847 saylı rəyi ilə müəyyən edilən ziyan məbləği, yəni 1170 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh1 Cavabdeh2 məxsus nəqliyyat vasitəsini hər hansı bir hüququ olmadan idarə etdiyindən iddiaçıya vurulan ziyan yüksək təhlükə mənbəyinin sahibi olan Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri, keçirilmiş ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 1170 manat, hüquqi xidmətə görə 200 manat, olmaqla cəmi 1370 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilmiş yol-nəqliyyat ekspertizasına görə 300 manat Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 100 manat, dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-449/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-449/2021
27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver