Məhkəmə qərarları › İş №2(001)-4499/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4499/2024

06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4499/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı Quliyeva (Həsənova) Şərqiyyə Elxan qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Quliyeva (Həsənova) Şərqiyyə Elxan qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Quliyeva (Həsənova) Şərqiyyə Elxan qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdehlə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, nikahlarını Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(030)-263/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikahın ləğv edilməsi, övladları xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında qalması, övladları xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 130 manat miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(030)-527/2022 saylı qətnaməsi ilə övladları xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda Cavabdeh rəsmi iş yeri olmadığı üçün rəsmi əmək haqqı yoxdur. Övladları xx.xx.2015-ci il təvəllüdlü X3 ehtiyaclarının təmin edilməsi Cavabdeh birbaşa vəzifəsidir və buna görə də, o, hesab edir ki, təyin edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Onlar mediator Vəfa Ömərovanın mediatorluğunda mediasiya sessiyasında iştirak etmişlər. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə ona xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O mediasiya sessiyasında iştiraka görə Baki 16 saylı Mediasiya Təşkilatının bank hesabına 60 manat haqq ödəmişdir. Bu günün tələbatları nəzərə alınsa, bir uşağın ehtiyaclarını ödəmək çox çətindir. Bütün uşaqlar kimi, övladları X3 da normal geyinməyə, qidalanmağa, istirahət etməyə, təhsil almağa, sağlam böyüməyə, inkişaf etməyə hüququ vardır. Ona görə də, o, aliment miqdarının dəyişdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2024-cü il üzrə uşaqlar üçün Respublika üzrə müəyyən olunmuş 235 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(030)-527/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh tutulmalı olan alimentin miqdarının dəyişdirilərək, hər ay 235 manat miqdarında müəyyən olunması və mediasiya təşkilatına ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Quliyeva (Həsənova) Şərqiyyə Elxan qızının nümayəndəsi X5 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin 2(030)-527/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilmiş, sabit pul məbləğində alimentin tutulmasına dair Daşkəsən Rayon Məhkəməsinin 21 noyabr 2019cu il tarixli 2(030)-263/2019 saylı qətnaməsinin dəyişdirilməsi, 12 iyul 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarda aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 07 iyun 2024-cü il tarixli, MŞB/xx/xx-00790 saylı arayışdan görünür ki, 07 iyun 2024-cü il tarixdə, saat 11:00-11:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 50 manat ilkin mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 422122 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Daşkəsən Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi əsasında pozulmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı, 622061 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 iyul 2015-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi əsasında “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsində “operator, kompüter” vəzifəsində işləməklə, aylıq əmək haqqı 566 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan, Cavabdeh Daşkəsən Rayon Məhkəməsinin 2(030)-527/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən 12 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Quliyeva (Həsənova) Şərqiyyə Elxan qızının xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən müəyyən edilmiş formada, yəni qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Daşkəsən Rayon Məhkəməsinin 2(030)-527/2022 saylı, 23 dekabr 2022ci il tarixli qətnaməsinə əsasən 12 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Quliyeva (Həsənova) Şərqiyyə Elxan qızının xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci iddiaçı Quliyeva (Həsənova) Şərqiyyə Elxan qızının xeyrinə tutulsun. Cavabdeh 40 manat dövlət rüsumu Azərbaycan Respublikası dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar