Məhkəmə qərarları › İş №2(001)-4508/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4508/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4508/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 40 faiz dərəcəsi ilə 12 ay müddətinə 360 manat məbləğində kredit verilmişdir. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10.05.2018-ci il tarixli 004 №-li müqaviləyə 03.12.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Cavabdehin 27.04.2021-ci il tarixədək “İddiaçı” ASC-yə 67.51 manat əsas; 9.2 manat faiz; 30.35 manat cərimə borcu olmaqla cəmi 107.06 manat borcu yaranmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: İş materiallarında olan 26.11.2019-cu il tarixli, 297-1***-******* nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh Bank tərəfindən 12 ay müddətinə, illik 40% ödəmək şərti ilə 360 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan tələbetmə hüququnun güzəşt olunmasına dair 004 №-li 10.05.2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə 898 nömrəli sazişdən görünür ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, halhazırda cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 67.51 manat, faiz borcu üzrə 9.2 manat, cərimə borcu üzrə 30.35, cəmi 107.06 manat borcu mövcuddur. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 67,51 manat, faiz borcu üzrə 9,20 manat, cərimə borcu üzrə 30,35 manat, cəmi 107,06 manat tutularaq iddiaçı «İddiaçı » ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 26.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 67,51 manat əsas borc, 9,20 manat faiz borcu, 30,35 manat cərimə borcu olmaqla, cəmi 107,06 (yüz yeddi manat altı qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar