Məhkəmə qərarları › İş №2(001)-4510/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4510/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4510/2021 23.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3.430,23 manat məbləğində əsas, 471,73 manat məbləğində faiz, 50,12 manat məbləğində cərimə, cəmi 3.952,08 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətən də onunla iddiaçı arasında bağlanmış 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5.000 manat məbləğində pulu kredit götürmüş və ilk vaxtlar vaxtı-vaxtında ödəniş cədvəlinə uyğun olaraq, üzərinə düşən məbləğləri iddiaçıya ödəmişdir. Lakin COVİD 19 virusunun qarşısının alınması ilə bağlı görülmüş tədbirlər çərçivəsində tətbiq edilmiş məhdudiyyətlər nəticəsində hər hansı fəaliyyətlə məşğul ola bilməmiş, bu səbəbdən maddi vəziyyəti pisləşmiş və ödənişləri davam etdirə bilməmişdir. bununla bağlı onunla iddiaçı arasında 25.06.2020-ci il tarixdə əldə edilmiş razılığa əsasən həmin vaxt mövcud olan borcu kapitallaşdırılmış və kreditin müddəti 12.10.2021-ci il tarixədək uzadılmışdır. Lakin maddi imkansızlığı səbəbindən bundan sonra və hazırda da üzərinə düşən öhdəlikləri lazımi qaydada icra edə bilməmişdir. ondan tələb edilən borcu qəbul edir. Hazırda ondan tələb edilən borcu qəbul edir, lakin həmin borcu hissə-hissə ödəmək imkanına malikdir. Göstərilənlərin nəzərə alınmasını və iddia üzrə tələb edilən borcun onun tərəfindən hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, iddiaçıdan hər hansı məbləğdə kredit götürməmiş, kredit məbləğini Cavabdeh1 götürmüşdür. Bu səbəbdən ondan hər hansı məbləğdə pul tutula bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib,iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxx1 “ İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi ilə faiz hesablamaq və ödəniş cədvəli üzrə hissə hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və bu kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikmələrə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürmüş öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı tərəflər arasında bağlanmış 25.08.2020-ci il tarixli əlavə sazişə əsasən həmin vaxt qeyd edilən kredit müqaviləsi üzrə mövcud olan borc kapitallşadırılmaqla 3.688,59 manat məbləğində müəyyən edilmiş və faiz dərəcəsi dəyişdirilmədən saxlanılmaqla kredit müddəti 12.10.2021-ci il tarixədək uzadılmışdır. Lakin cavabdeh bundan sonra da üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq, yaranmış borc məbləği barədə ona məlumat verilməklə, bu borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin bundan sonra da yaranmış borc onun tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə məhkəmədə iddia qaldırmış və hazırda həmin müqavilə üzrə 27.04.2021-ci il tarixə 3.430,23 manat əsas, 471,73 manat faiz, 50,12 manat cərimə, cəmi 3.952,08 manat borcun yarandığını iddia etməklə bu məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh qeyd edilən məbləğdə borcun yarandığını qəbul edir və həmin məbləğin ondan hissə-hissə tutulmasını xahiş edir. İddiaçı "xxxx" İKB ASC-nin adı dəyişdirilmiş və hazırda İddiaçı ASC adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, cavabdehin iddia tələbinə münasibətini nəzərə alıb, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərini mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3.430,23 manat məbləğində əsas, 471,73 manat məbləğində faiz, habelə 50,12 manat məbləğində cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İKB ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 12.07.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 imzaladığı 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə iddiaçı qarşısında onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2020-ci il tarixli əlavə sazişlə də zamin tanış edilmiş və əlavə sazişlə razı olduğunu bildirərək, onu imzalamışdır. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən zaminə də xəbərdarlıq məktubu göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcunu və ödənilmiş dövlət rüsumunun əvəzini hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, müəyyən edilmiş əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu eyni qaydada cavabdehlərə aid edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh1 borcun ondan aylar üzrə hissə-hissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.430,23 manat məbləğində əsas, 471,73 manat məbləğində faiz, 50,12 manat məbləğində cərimə, cəmi 3.952,08 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.430,23 (üç min dörd yüz otuz manat, iyirmi üç qəpik) manat məbləğində əsas, 471,73 (dörd yüz yetmiş bir manat, yetmiş üç qəpik) manat məbləğində faiz, 50,12 (əlli manat, on iki qəpik) manat məbləğində cərimə, cəmi 3.952,08 (üç min doqquz yüz əlli iki manat, səkkiz qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar