Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4511/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(001)-351/2021 saylı qətnaməsi ilə 20 may 2008-ci il təvəllüdlü X3 və 17 mart 2011-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 04 dekabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(001)-351/2021 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların onun yanında qalmaları və uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Hazırda alimentin məbləği qanun üzrə 235 manat məbləğində müəyyən edilmişdir. O, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyindən alimentin artırılmasını xahiş edir. İddiaçı sonradan iddia ərizəsinə dəqiqləşmə təqdim edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(001)-2337/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, uşaqların saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 185 manat olmaqla, cəmi 370 manat alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı həm iddia ərizəsində, həm də dəqiqləşmə barədə ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq və məhkəmə iclasında etirazının məzmununa uyğun izahat verərək göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə hakim Günay Abbasova tərəfindən qəbul edilmiş qətnamə ilə onun maaşı nəzərə alınaraq, hər uşağa görə 185 manat olmaqla, cəmi 370 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması qərara alınmışdır. O, hər ay vaxtında alimenti ödəyir, hətta müxtəlif vaxtlarda alimentdən əlavə ödənişlər də etmişdir. İddiaçı və onun qardaşı mütəmadi olaraq ona qarşı şikayətlər edərək, iddialar qaldıraraq pul almaq istəyirlər. O, 2024-cü ilin may ayında iddiaçıya 48000 manat pul vermiş, bunun üçün "xxxx" ASC-dən kredit götürmək məcburiyyətində qalmışdır. Buna görə hazırda hər ay 1554 manat kredit ödəyir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(001)- 351/2021 saylı qətnaməsinə əsasən, “Toyota Land-Cruiser” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı və “Nissan X-Trail” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində isə onun payı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldiyi zamandan etibarən avtomobillər icraçının göstərişi ilə dayanacaqda saxlanılır. İddiaçının tələbi ilə avtomobilərin üzərinə həbs qoyulduğundan və aralarında heç bir razılığa gəlinmədiyindən, avtomobillər dayanacaqda yararsız vəziyyətə düşürlər. Buradan da göründüyü kimi, iddiaçının hərəkətləri tamamilə onun maddi vəziyyətini ağırlaşdırmağa yönəlmişdir. Onun aylıq əmək haqqı 350 manatdır. Həm kreditin ödənilməsi, həm avtomobillərin dayancaqda saxlanılması, həm də alimentin ödənilməsi onun yaşam şəraitini kifayət qədər pisləşdirmişdir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(001)- 351/2021 saylı qətnaməsinə əsasən, Rzayeva (Şükürova) Rəşadə Rəhim qızı ilə Cavabdeh arasında 04 dekabr 2007-ci il tarixdə Astara rayon Kakalos Kənd İcra Nümayəndəliyində bağlanmış, akt qeydləri kitabında 41 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 20 may 2008-ci il təvəllüdlü X3 və 17 mart 2011ci il təvəllüdlü X4 adlı uşaqların analarının yanında saxlanması və uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(001)- 2337/2022 saylı qətnaməsindən görünür ki, Rzayeva (Şükürova) Rəşidə Rəhim qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, məhkəmənin həmin qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 185 manat olmaqla, ümumilikdə 370 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Qətnamə cavabdehdən tutulacaq alimentin miqdarınımüəyyən edərkən onun maddi vəziyyətini və aylıq əmək haqqının 300 manat olmasıilə əsaslandırmışdır. AZEMİS sistemdən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də qeydiyyatçımenecer işləyir və aylıq məvacibi 345 AZN təşkil edir. AZEMİS sistemdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsini tutur və aylıq məvacibi 350 AZN təşkil edir. Məhkəmənin mülki iş ilə bağlı tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş üzrə məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, iddiaçı öz tələbində qismən haqlıdır. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Lakin məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. Cavabdehin iddianın təminini istisna edən hal kimi kredit öhdəliklərinin və digər xərclərinin mövcud olmasını bildirməsini – uşaqların saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyil. Lakin unutmaq olmaz ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin - valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni yalnız cavabdeh atanı gələcəkdə ödənilməsi real görsənməyən aliment öhdəliyi ilə yükləməkdənsə, uşaların maddi ehtiyaclarının təmin olunmasında əmək qabiliyyətli olmaqla hazırda işləyən və rəsmi aylıq gəlirə malik olan iddiaçı ananın da iştirakını nəzərə almaq ədalətli olardı. Belə ki, işin hallarından və AZEMİS elektron məhkəmə portalından görünür ki, iddiaçının mülkiyyətində torpaq sahəsi və “Ford” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Mülki iş materiallarında olan 14 may 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 24,4 kv.metr olan mənzilin İddiaçı aid ½ hissəsinə görə İddiaçı 48000 manat ödəmişdir. Göründüyü kimi, iddiaçı ananın maddi durumu onun ərizəsində göstərdiyi kimi öz övladlarının saxlanılmasında cavabdehlə birgə iştirakını təmin edəcək qədər yetərsiz deyildir. Unutmaq olmaz ki, hazırda mübahisəsi gedan aliment yetkinlik yaşına çatmayan uşaqların saxlanılması məqsədilə təyin olunur və tərəflər arasında şəxsi prinsipial məqamlardan irəli gələn üstünlük və ya qazanc əldə etmək niyyətinə heç bir halda xidmət etmir. Aliment uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti daşıyır və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə tərəfi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olur. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək, o cümlədən də hazırki tərəflər arasında aliment tələbi ilə əlaqədar mübahisələr üzrə məhkəmə qərarlarını da nəzərə alaraq məhkəmənin qənaəti belədir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(001)-2337/2022 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarı artırılmalı, hər ay hər uşağa görə 225 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində təyin edilməli və bu məbləğdə alimentin tutulmasının əvvəli hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qismən təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 80 manat) 960 manat olduğuna (80 manat x 12 ay) görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya, ödənilməli dövlət rüsumu kimi isə 30 manat cavabdehdən alınaraq dövlət nəfinə verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(001)- 2337/2022 saylı qətnaməsi ilə 20 may 2008-ci il təvəllüdlü X3 və 17 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 185 manat, cəmi 370 manat miqdarında aliment dəyişdirilərək artırılsın və alimentin məbləği, əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər uşağa görə hər ay 225 (iki yüz iyirmi beş) manat, iki uşağa cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh mediasiya xərci kimi 50 (əlli) manat pul İddiaçı, dövlət rüsumu kimi 30 (otuz) manat pul alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(001)-4511/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4511/2024
26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver