Məhkəmə qərarları › İş №2(001)-4513/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4513/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4513/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.09.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilməklə Cavabdeh 2.838,21 manat məbləğində əsas, 214,49 manat məbləğində faiz, cəmi 3.052,70 manat məbləğində borcun, 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.09.2020-ci il tarixli, ******* nömrəli Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı və kredit məbləğinə hesablanmış faizləri ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmişdir. Nəticədə banka borcu yaranmışdır. Məsələnin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilərək, həmin müqavilə üzrə yaranmış borc məbləğinin 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks halda müqaviləyə vaxtından əvvəl xitam verilməsi və borc məbləğinin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, qeyd edilən müqavilə üzrə hazırda onun 30.04.2021-ci il tarixə 2.838,21 manat məbləğində əsas, 214,49 manat məbləğində faiz borcunun yarandığını iddia edir və bu məbləğin ondan tutulmasını, habelə həmin kredit müqaviləsinə xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; Məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini (cavabdehə bu barədə 08.04.2021-ci il tarixdə pretenziya məktubu göndərilmişdir) nəzərə alıb hesab edir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməli, tərəflər arasında bağlanmış 11.09.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh 11.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən və 30.04.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını, habelə ödənişləri əks etdirən hesabdan çıxarışı əsas götürüb, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Cavabdehdən 2.838,21 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ötən dövr ərzində həmin müqavilə üzrə cavabdeh tərəfindən cəmi 302,30 manat məbləğində ödəniş edilmişdir. Bu məbləğin 161,79 manat hissəsi mövcud olan əsas borcun silinməsinə yönəldilmişdir ki, nəticədə bügünə mövcud olan əsas borc (3.000-161,79=2,838,21) məhz 2,838,21 manat təşkil edir. Məhkəmə iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində də əsaslıdır və təmin edilməli, cavabdehdən 214,49 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh 11.09.2020-ci il tarixli Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq aylar üzrə tələb edilən məbləğdə ödənişlər etməmişdir. Nəticədə onun faiz borcu yaranmışdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.09.2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsi üzrə Cavabdeh 2.838,21 manat məbləğində əsas, 214,49 manat məbləğində faiz, cəmi 3.052,70 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidməti haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.09.2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. 11.09.2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 2.838,21 (iki min səkkiz yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində əsas, 214,49 (iki yüz on dörd manat, qırx doqquz qəpik) manat məbləğində faiz, cəmi 3.052,70 (üç min əlli iki manat, yetmiş qəpik) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar