Məhkəmə qərarları › İş №2(001)-4518/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4518/2024

31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4518/2024 31.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2404/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 29 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq bir uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 320 nömrəli akt qeydi ilə 31 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 29 dekabr 2016-cı il təvəllüdlü X7 dünyaya gəlib. Daha sonra 2020-ci ildə rəsmi qaydada ayrılmaq qararına gəlmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-941/2020 saylı , xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında 31 yanvar 2016-cı il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində 320 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X5 onun yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək Cavabdeh onun xeyrinə hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra o, iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, 29 dekabr 2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 193 (bir yüz doxsan üç manat) sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2404/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə, iddia təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-941/2020 saylı , xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdari artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadek saxlanılması üçün Cavabdeh her ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdan hesablanması qət edilmişdir. Hazırda qeyd olunanlara əsasən, məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. Qızının normal hayat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları qızı üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyrimümkündür. Lakin, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2404/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamasində qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhdəliyini icra etmiş hesab edir. Cavabdehin hazırda ödədiyi aliment məbləği ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumdan çox aşağı bir aliment məbləğidir. Qızının normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında cavabdeh ona hər hansı bir köməklik göstərmir. Qızının yetkinlik yaşına çatmamasını nəzərə alsa hazırda ödənilən aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Qızının elmi inkişafını yetişdirmək üçün qızı məktəbə qədər və həmçinin, xüsusi kurslara gedir. Bu səbəbdən də zamanla məsrəfi artırmağa başlıyır. Bundan başqa, 2024-cü il üzrə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Bundan əlavə bildirmişdir ki, qanunvericilikdə nəzərə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həllii üçün təklif göndərilsə də o, mediasiya prosesindən yayınmışdır və nəticədə, xx.xx.2024-cü il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, uşaq nənəsinin yanındadır. Uşağa nənəsi baxır. Onun kimi anası da uşağın saxlanmasında iştirak etməlidir. O, başqa nikaha girmişdir. Həmin nikahdan da uşağı var. 400 manat əmək haqqı alır. Odur ki, xahiş edir ki, iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizədə qeyd etdiyi məzmunda izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2404/2022 saylı qətnaməsinin surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2941/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 29 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X11 verilməsi qət edilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. AZ-İ 349790 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmiş və nikah ləğv olunandan sonra arvada “Muxtarova” soyadı verilmişdir. “Azemis” X3 əldə edilmiş məlumatlardan müəyyən olunur ki, iddiaçı “Respublika Perinatal Mərkəzi” X15 tibb bacısı vəzifəsində çalışmaqla 511,90 manat əmək haqqı alır, cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi vəzifəsində çalışmaqla 581,53 manat əmək haqqı alır. Cavabdeh tərəfindən təqdim edilmiş: AZ-İV 893585 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası X6r. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 iyul 2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh hesabına 522.84 manat əmək haqqı yüklənir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsində saxlanmış və onun saxlanması üçün 193 manat məbləğində cavabdehdən aliment tutumuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 193 manat sabit pul məbləğində alimentin tutulması haqqında Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 29 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2404/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin ikinci dəfə ailə həyatı qurması və həmin nikahdan bir övladının olması digər uşağının əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına maneə olmamalıdır. Əks halda, hazırda saxlanılması üçün aliment tələb edilən uşağın marağının əhəmiyyətli dərəcədə pozulması və onun əvvəlki təminatının səviyyəsinin təmin edilməməsi ilə nəticələnmiş olar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 29 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2404/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar