Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4533/2020 11.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavadeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun etirafı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 171.700 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə inşaat mallarının nisyə alğı-satqısına dair razılaşma etmiş, inşaat mallarının alğı-satqısı məqsədilə müvafiq dövriyyə həyata keçirmiş və bu dövriyyə əsasında ona 300.000 manatdan artıq malmaterial vermişdir. Cavabdeh materialların dəyərinin 130.000 manat hissəsini qaytarmış, qalan 171.700 manat hissəsini isə qaytarmamışdır. Bununla bağlı onlar xx xxxxxx 2018-ci il tarixdə cavabdehin ona borcunun təsdiqi məqsədi ilə notarial qaydada borcun etirafı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə borcverən və borclan arasında yaranmış 171.700,20 manat pul vəsaitini müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh bugünədək ondan aldığı inşaat materiallarının pulunu ona qaytarmır. Daha sonra iddiaçı iddia tələbini dəyişdirərək, Cavabdeh 171.700 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək və iddia ərizəsinə yazılı etiraz, habelə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətdə cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu olmamış, sadəcə olaraq bu müqavilənin cavabdeh tərəfindən imzalanması razılaşdırılmışdır. Bu səbəbdən tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsində borcun material alğı-satqısı nəticəsində yaranması göstərilsə də, tərəflər arasında hər hansı mal-materialın verilməsini təsdiq edən müqavilə və ya hər hansı rəsmi sənəd mövcud deyil. Həmçinin, mal-materialın verilməsini təsdiq edən hər hansı bir akt, habelə bunun şahidi olan bir şəxs yoxdur. Qeyd olunan vəsait notariusun depozit hesabına mədaxil və ya hesabdan məxaric olunmayıbdır. İddiaçı da bu barədə hər hansı sübut təqdim edə bilmir. Halbuki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəllənin 882-ci maddəsinin tələbləri baxımından borcun etirafı müqaviləsində göstərilmiş 171.700,20 manat məbləğində borcun həqiqətdə yaranmasını sübut etməlidir. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli Plenum Qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərara əsasən “məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər hansı prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır”. Belə olan halda, faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə, faktın etirafı aldatma, zor, hədə təsiri altında, habelə yanılma təsiri nəticəsində baş verdikdə etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. İddia üzrə tələb edilən məbləğ də borcun etirafı müqaviləsində göstərilsə də, həmin məbləğin həqiqətdə yaranması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmir. Həmçinin, iddiaçı qeyd edilən müqavilə üzrə borc məbləğinin tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, müqavilədə borc münasibətlərinin yaranmasına səbəb olan son tarix kimi, xx.xx.2015-ci il tarixli göstərilmişdir. Həmin tarixdən də 5 ildən artıq müddət ötmüşdür. Göstərilənlərin nəzərə alınmasını və həm iddianın əsassız olması, həm də iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə borcun etirafı haqqında müqavilə bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçı ilə xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə aparılmış mal-material alğı-satqısı nəticəsində iddiaçıya 171.700,20 manat məbləğində borcunun yarandığını etiraf etmiş və həmin məbləğin xx.xx.2019-cu il tarixədək iddiaçıya qaytarılması barədə öhdəlik götürmüşdür. Hazırda iddiaçı cavabdehə ümumilikdə 300.000 manat dəyərində mal-materialı nisyə satdığını, həmin məbləğin 130.000 manat hissəsinin qaytarıldığını, 171.700 manat hissəsinin qaytarılmadığını (müqavilədə 171.700,20 manat göstərilmişdir. Lakin iddiaçı 171.700 manat tələb edir və nəticə etibarı ilə 0,20 manatı güzəşt edir), bu səbəbdən aralarında son haqq-hesab aparılmaqla borcun 171.700 manat olduğu müəyyən edildiyindən, cavabdehlə aralarında borcun etirafı müqaviləsinin bağlandığını, lakin müqavilədə göstərilən məbləğin bugünədək ödənilmədiyini qeyd edir və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını, sadəcə olaraq müqaviləni imzaladığını, iddiaçının onların arasında mal-materialla bağlı nisyə alğı-satqı münasibəltərinin olmasını və bu münasibətlərdən irəli gələrək 171.700 manat məbləğində borcun yaranmasını sübut etməli olmağına baxmayaraq, sübut edə bilmədiyini və yalnız müqavilə ilə kifayətləndiyini bildirir. Eyni zamanda, iddianın əsassız olması ilə yanaşı, münasibətlərin son tarixinin xx.xx.2015-ci il tarixi olduğunu və müddət etibarı ilə bu qəbildən olan müqavilələr üzrə 3 illik iddia müddətinin də ötürüldüyünü vurğulayır və bu barədə ərizə təqdim etməklə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göründüyü kimi, cavabdeh xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə iddiaçı ilə aralarında olmuş nisyə alğı-satqı münasibətləri nəticəsində iddiaçıya 171.700 manat məbləğində borcunun yarandığını etiraf etmiş və bu barədə borcun etirafı müqaviləsini bağlamaqla bu borcun xx.xx.2019-cu il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, həmin öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı və yaranmış borc məbləğini razılaşdırdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, borcun etirafı müqaviləsi üzrə pul tələb edən iddiaçı həmin müqavilədə göstərilən məbləğin həqiqətdə yaranmasını sübut etmək vəzifəsini daşımır. Bu müqavilənin mövcudluğu artıq həmin borcun olmasını özündə ehtiva edir. Təbii ki, belə bir müqavilənin etibarsız olması halları istisna təşkil edir. Lakin araşdırma zamanı da bu müqavilənin etibarsız olması, o cümlədən aldatma, zor, hədə təsiri altında, habelə yanılma təsiri nəticəsində və ya görünüş üçün bağlandığı müəyyən edilməmişdir. Cavabdeh həqiqətdə iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını bildirsə də bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Cavabdeh tərəfin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli Plenum Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyin isə borcun etirafı barədə müqaviləyə hər hansı aidiyyəti yoxdur. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd edir ki, tərəflər arasında xx.xx.2014-cü - xx.xx.2015-ci il tarixlərdə nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olması, bu münasibətlər nəticəsində yaranmış 171.200 manat məbləğində pulun tələb edilməsi üçün iddia müddətinin axımının məhz xx.xx.2015-ci il tarixdən başlanması qənaətinə gəlmək üçün əsas verə bilər (əgər tərəflər bu pulun qaytarılması üçün konkret müddət müəyyən etməmişdilərsə). Lakin bundan sonra tərəflər arasında xx.xx.2018-ci il tarixdə məhz borcun etirafı müqaviləsi bağlanmışdır. Bununla da cavabdeh hüquqi nəticə etibarı ilə iddiaçıya olan borcunu etiraf etməsini göstərən hərəkətlər etmiş və bunun nəticəsində borcun etirafı barədə müqavilə bağlamaqla iddia müddətinin axımı kəsilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icra olunmalı olan, yəni xx.xx.2019-cu il tarixdən isə 3 il müddət ötməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsasızdır və hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Bu səbəbdən məhkəmə iddia tələbini “borcun tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, Cavabdeh 171.700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbini “dövlət rüsumunun və bank xidmət haqqının tutulması” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı da Cavabdeh İddiaçı xeyrinə tutulmalıdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 171.700 manat məbləğində pul, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı alınaraq İddiaçı verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 171.700 (bir yüz yetmiş bir min yeddi yüz) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4533/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4533/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver