Məhkəmə qərarları › İş №2(001)-4534/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4534/2024

19.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4534/2024 19.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş (açar sözlər: aliment, artırılma) Hakim: Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Məhkəmə iclas katibi: Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-2757/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 235 manat, ümumilikdə 470 manat alimentin və 60 manat ödənilmiş mediasiya xərcinin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə həyati qurmuşdur. Birgə nikahdan 4 övladları olmuşdur. 2010-cu ildə nikah münasibətləri faktiki olaraq pozulsa da, rəsmi qaydada Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-2757/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqları analarının himayəsində saxlanmaqla hər uşağın saxlanmasına görə hər ay ümumilikdə 560 manat alimentin tutularaq iddiaçıya ödənməsi qət edilmişdir. Hazırda iki uşaq yetkinlik yaşına çatmışdır. Digər xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaçına çatmamış, 2017-ci il tarixdən sonra saxlanma xərclərində çətinlik çəkir.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək bildirdi ki, iddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanması üçün aliment məbləğinin hər bir uşaq üçün 235 manat həcmində ödəməyə razıdır. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-2757/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, nikah pozulmuş və hər uşağın saxlanmasına görə hər ay ümumilikdə 560 manat alimentin tutularaq iddiaçıya ödənməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh iddianı qəbul etmiş və hər ay hər bir uşaq üçün 235 manat aliment ödəməyə etiraz etmədiyini bildirmişdir.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 5640 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 96,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-2757/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 96,4 (doxsan altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar