Məhkəmə qərarları › İş №2(001)-4537/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4537/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4537/2021 29.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 27 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14243,25 manat əsas, 3420,81 manat faiz, 203,02 manat cərimə olmaqla, ümumilikdə cəmi 17867,08 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu binanın 1-ci blokunda, 1-ci mərtəbəsində 3 otaqlı, 58,52 kv.m ümumi, 43,62 kv.m yaşayış sahədən ibarət 1 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 27 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 27 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14243,25 manat əsas, 5926,4 manat faiz, 762,75 manat cərimə olmaqla, ümumilikdə cəmi 20932,4 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu binanın 1-ci blokunda, 1-ci mərtəbəsində 3 otaqlı, 58,52 kv.m ümumi, 43,62 kv.m yaşayış sahədən ibarət 1 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 27 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələblərini müdafiə edərək, bildirdi ki, 2014-cü il 27 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “4 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 35 200 manat məbləğində kredit götürmüşdür. 04 noyabr 2019-cu il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 04 noyabr 2022-ci il təyin edilir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu binanın 1-ci blokunda, 1-ci mərtəbəsində 3 otaqlı, 58.52 kv.m ümumi, 43.62 kv.m yaşayış sahəsindən ibarət 1 saylı mənzili 27 avqust 2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 27 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.2-ci bəndinə əsasən hər gecikdirilən gün üçün kreditin və faizin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. 13 dekabr 2021-ci il tarixədək Cavabdeh1 2014-cü il 27 avqust tarixli kredit müqaviləsi üzrə banka 14243.25 manat əsas, 5926,4 manat faiz, 762,75 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 209132,40 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə verilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək,bildirdi ki, o, Bankdan kredit götürmüş və hal-hazırda borcu vadır. Lakin xəstəliyi və pandemiya ilə əlaqədan ödəniş edə bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.08.2014-cü il tarixli, 11-G-1-0-576-14 №-li Kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında illik 25% olmaqla 60 ay müddətə Cavabdeh1 35.200 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 27.08.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, 35.200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. İş materiallarında olan 27.08.2014-cü il tarixli 11-G-1-0-576-14 saylı Kredit müqaviləsinə 14.05.2018-ci il tarixli və 04.11.2019-cu il tarixli Əlavə Sazişlərdən görünür ki, "xxxx" X2 ASC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə kreditin müddəti 04.11.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 593,75 manat olmaqla 04.11.2022-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 27 avqust 2014-cü il tarixli 11-1-0-576-14 saylı Alqı Satqı və İpoteka müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, 27.08.2014-cü il tarixli, 11- G-1-0-576-14 №-li Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu binanın 1-ci blokunda, 1-ci mərtəbəsində 3 otaqlı, 58.52 kv.m ümumi, 43.62 kv.m yaşayış sahəsindən ibarət 1 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 27 avqust 2014-cü il tarixli 11-1-0-576-14 saylı Alqı Satqı və İpoteka müqaviləsinə 14.05.2018-ci il tarixli və 04.11.2019-cu il tarixli Əlavə Sazişlərdən görünür ki, "xxxx" X2 ASC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə kreditin müddəti 04.11.2022-ci il tarixədək uzadılmılmasına dair razılığa gəlinmişdir. İş materiallarında olan 13 dekabr 2021-ci tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27.08.2014-cü il tarixli 11-G-1-0-576-14 saylı Kredit müqaviləsi üzrə 14243,25 manat əsas kredit borcu, 5926,4 manat faiz borcu və 762,75 manat cərimə olmaqla, cəmi 20932,40 manat məbləğində borcu yaranmışdır. İş materiallarından aydın olur ki, iddiaçı bank cavabdehə ünvanlanmış bildirişlər göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İşin digər halına görə, yuxarıda qeyd edilən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 16 noyabr 2021-ci il tarixli qiymətləndirilmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı evin 1 saylı mənzilinin bazar qiyməti 90000 (doxsan min) manat, likvid qiyməti isə 80000 (səksən min) manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" X2 ASC-nin hazırkı adı İddiaçı ASC-dir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. -424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh1 27.08.2014-cü il tarixli 11-G-1-0- 576-14 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 14243,25 manat, faiz borcuna görə isə 5926,4 manat, cərimə borcuna görə isə 762,75 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Banka ödənilməli və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 27 avqust 2014-cü il tarixli kredit müqaviləsi ləvğ edilməlidir. Məhkəmə hesab edir ki, iddianın, “tutmanın ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu binanın 1-ci blokunda, 1-ci mərtəbəsində 3 otaqlı, 58,52 kv.m ümumi, 43,62 kv.m yaşayış sahədən ibarət 1 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi” hissəsi qismən təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Bundan başqa, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Eyni zamanda tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən, Cavabdeh1 ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda 1 ay ərzində onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərlə ipoteka predmetini boşaltmağı öhdəsinə götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından, məhkəmə araşdırması zamanı qiymətləndirmə təyin edilmiş, "xxxx" MMCnin 16 noyabr 2021-ci il tarixli qiymətləndirilmə hesabatı ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı evin 1 saylı mənzilinin bazar qiyməti 90000 (doxsan min) manat, likvid qiyməti isə 80000 (səksən min) manat olması müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilərkən məhz onun likvid qiymətləri əsas götürülməlidir. Bu mənada, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı evin 1 saylı mənzilinin ilkin satış qiyməti 80000 (səksən min) manat olaraq müəyyən olunmalıdır. Nəzərə alınmalıdır ki, məhz likvid qiymətlərin əsas götürülməsi ilə əmlakın münasib qiymətə tez bir müddətdə asan satılması və bununla da qətnamənin icrası təmin edilə bilər. Beləliklə də, Cavabdeh1 tutulmalı olan pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı evin 1 saylı mənzilə yönəldilməli və həmin əmlak açıq hərracda satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı evin 1 saylı mənzilinin ilkin satış qiyməti 80.000(səksən min) manat məbləğində müəyyən edilməli, həmin mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 digər şəxslərlə birlikdə həmin mənzildən çıxarılmalı və mənzil Cavabdeh1 tərəfindən boşaldılmalıdır. Bununla belə məhkəmə, “satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması” tələbini əsassız sayır; belə ki, qalıq borcun tutulması “İcra haqqında” qanunla tənzimlənir və bu baxımdan onun müstəqil iddia formasında irəli sürülməsinə zərurət yoxdur. Eyni zamanda, cavabdehin əvvəlcədən ipoteka predmetinə dair qanunla nəzərdə tutulan bəzi hüquqlardan məhrum edilməsi yolverilməz olduğundan məhkəmə iddianın “tutma Cavabdeh1 məxsus mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəmə iddiaçının “mənzilin Banka təhvil verilməsi” hissəsi ilə bağlı isə onu qeyd etməyi lazım bilir ki, hal-hazırda ipoteka predmetinin hərrac qaydasında satıldıqda mənzilin yeni mülkiyyətçinin Bank və ya başqa hər hansı şəxsin olması müəyyən edilə bilmədiyindən, mənzilin Banka təhvil verilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı bank tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş cəmi 40 manat rüsum və xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, qiymətləndirmə xidmətinin göstərilməsi üçün isə 400 manat pul məbləği cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 14243,25 (on dörd min iki yüz qırx üç manat 25 qəpik) manat məbləğində əsas borc, 5926,4 (beş min doqquz yüz iyirmi altı manat 40 qəpik) manat məbləğində faiz borcu, 762,75 (yeddi yüz altmış iki manat 75 qəpik ) manat məbləğində cərimə, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 21002,40 (iyirmi bir min iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 27 avqust 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 tutulmalı olan cəmi 21002,40 (iyirmi bir min iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı evin 1 saylı mənzilə yönəldilsin və həmin əmlak açıq hərracda satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı evin 1 saylı mənzilinin ilkin satış qiyməti 80.000(səksən min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı evin 1 saylı mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 digər şəxslərlə birlikdə həmin mənzildən çıxarılsın və mənzil Cavabdeh1 tərəfindən boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xidmətinin göstərilməsi dəyəri kimi 400 (dörd yüz) manat cavabdeh Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, hesab: “Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Kod: 502058 VÖEN **********, h/h: AZ46NABZ********************, m/h: AZ65UBAZ**********0060AZN001, S.W.İ.F.T. kod: **********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar