Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4545/2025 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, hal-hazırda ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin mülkiyyətçisi olmaqla həmin ünvanda yaşayır. Mülki iş üzrə Cavabdeh isə onun mülkiyyətində olan mənzilin üstündə yerləşən 14 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzildə onun ailə üzvləri yaşayır. Cavabdeh mülkiyətində olan mənzildən onun mülkiyyətində olan mənzilə bir neçə ildir ki, su sızıntısı olur və onun mənzilinin təmirini yararsız hala salır. Hər dəfə, o, cavabdehə və ailə üzvlərinə bu barədə müraciət etsə də, kobudluqla qarşılaşmışdır. Elə bunun üçün də, o, mülkiyyətində olan mənzili ötən ilin sentyabr ayında öz vəsaiti hesabına təmir etdirmişdir. Təmirdən sonra bu ilin yanvar ayında yenidən Cavabdeh məxsus mənzildən onun mənzilinə su axıdılmış və onun mənzilinə maddi zərər dəymişdir. Belə ki, suyun təsiri nəticəsində mənzilin otaqlarında olan divar kağızları qoparaq düşmüş, tavanda bəzi hissələr tökülmüş, taxta qapılar nəmişlikdən şişmiş, haşiyyələr qopmuş və mətbəxdə olan kafellər yararsız hala düşmüş, elektrik naqilləri isə sıradan çıxmışdır. Elə həmin gün o, cavabdehin ailə üzvlərinə müraciət edərək bu barədə onlara bildirmişdir. Lakin, onlar bu hala etinasızlıq nümayiş etdirmiş və suyun onlardan asılı olmayan səbəbdən axmasını və onun qarşısını almaq üçün əllərindən heç nə gəlmədiyini bildirmişlər. O, həmin mənzildə olarkən gördükləri onu şoka salmış və mənzilinə suyun üst qonşular tərəfindən qəsdən axıdıldığı ona məlum olmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən CD-də olan görüntülərdən də, açıq-aşkar görünür ki, üst mənzilin döşəmə taxtaları sökülmüş və həmin taxtaların altında olan beton hissəyə su tökülmüşdür. Bundan əlavə döşəmənin bir hissəsində cavabdeh və ailə üzvləri tərəfindən oyuq açılmış həmin hissədən döşəmənin altına su axıdılmışdır. Bundan sonra o, aidiyyatı üzrə əraziyə baxan Bakı şəhəri Binəqədi rayonu 80 saylı MKİS-nə ərizə ilə müraciət etmiş və cavabdehin bu hərəkətlərinin qarşısını almaq üçün tədbirlər görülməsini xahiş etmişdir. Sahə əməkdaşları onun mənzilinə baxış keçirdikdən sonra tərtib edilən 07 yanvar 2025-ci il tarixli Aktla, həqiqətən də Cavabdeh məxsus 14 saylı mənzildən su axması nəticəsində 11 saylı mənzilin tavanına və divarına ziyan dəyməsi məlum olmuşdur. Bundan sonra, su axıntısının hələ də davam etdiyini görən 80 saylı MKİS-nin əməkdaşları, onun da iştirakı ilə Cavabdeh müraciət edərək xəbərdarlıq etsələr də, cavabdeh əvvəlki kimi bu məsələyə laqeyd yanaşmış və ona qarşı kobudluq etməyi davam etdirmişdir. Hətta bu əməlin qarşısının alınması üçün aidiyyəti üzrə Binəqədi RPİ-nə ərizə versə də, bu müraciəti də cavabsız qalmış, polis tərəfindən suyun axmasının qarşısını almaq istiqamətində heç bir addım atılmamışdır. Məhz bu hərəkətsizlik nəticəsində bu günədək fasilələrlə yuxarı qonşu tərəfindən onun mənzilinə su axıdılması davam etdirilir. O, cavabdehlə mübahisə etməyin mənasız olduğunu başa düşdüyü üçün çıxış yolunu, məhkəməyə müraciət etməkdə və yaranan bu problemin məhkəmə qaydasında həll edilməsində görmüşdür. Mənzilə dəyən zərərin aradan qaldırılması üçün, daha əvvəl də onun mənzilini təmir edən ustaya müraciət etmiş və mənzilə dəyən zərərin aradan qaldırılması üçün nə qədər vəsaitin tələb olunduğunu, həmin məbləğin hesablamasını xahiş etmişdir. Usta dəyən zərərin aradan qaldırılması üçün lazım olan materialları və öz xərcini də əlavə etməklə, dəyən zərəri 6000 manat məbləğində hesablamışdır. Cavabdehin və ailə üzvlərinin əməlləri nəticəsində ona 6000 manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh isə bu zərəri ona ödəmək niyyətində deyildir. O, əmindir ki, məhkəmə iddia ərizəsinə əlavə etdiyi sənədlərə hüquqi qiymət verəcək və ona dəyən maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsinə dair ədalətli qətnamə qəbul edəcəkdir. Cavabdehin əməlləri nəticəsində artıq beş aydan artıqdır ki, o, demək olar ki, yaşayış üçün yararsız mənzildə yaşamaq məcburiyyətində qalmışdır. Hətta bir neçə dəfə həmin mənzili şəxsi vəsaiti hesabına təmir də etdirmişdir. Bu isə ona maddi zərərdən əlavə mənəvi zərər vurmuşdur. O, cavabdehin bu əməlləri nəticəsində əsəb və stress keçirmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1 və 1115-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh ona məxsus ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin 6000 manat məbləğində dəyərləndirərək həmin məbləğin və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehdən tələb edilən 6000 manat pul vəsaiti yalnız maddi ziyanı özündə ehtiva edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 80 saylı MKİS-nin mühəndisi Murad İbrahimbəyli, fəhlələr Xəqani İsgəndərov və Misirxan İsgəndərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 7-ci mkr, Abay Kunanbayev küçəsi, bina 14, mənzil 11 ünvanında yaşayan İddiaçı şifahi müraciəti əsasında mənzilinə baxış keçirilmiş, baxış zamanı şikayətçinin üst mərtəbədəki evdən mənzilinə su axıdılması tərəflərindən aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında tərəflərindən araşdırılma aparılmış və müraciətində göstərdiyi faktla bağlı aidiyyəti üzrə müvafiq qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan CD-də fotoşəkillərdən görünür ki, su sızması nəticəsində mənzilə zərər dəymişdir. İş materiallarında olan "xxxx" MMC-nin CVN/S 68-359/25 saylı 30 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qiymətləndirici-mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, 14 saylı evin 11 saylı mənzilinə dəymiş zərərin məbləği 30 sentyabr 2025-ci il tarixə 2853.90 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2025-ci il tarixli 3-16-16/2-10/5572/2025 saylı ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, 14 saylı evin 11 saylı mənzilinin konstruktiv elementləri (tavan, divar) üzərində su sızma izlərinin olduğunu, cavabdehin 14 saylı mənzilinin, iddiaçının 11 saylı mənzilin üstündə yerləşdiyini və iş materiallarında olan aktda qeyd olunanları nəzərə alaraq, iddiaçının 11 nömrəli mənzilinə cavabdehin 14 nömrəli mənzilindən su axdığı müəyyən edilmişdir. Cavabdehin 14 saylı mənzilinə baxış zamanı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində hər hansı qüsur aşkar olmadığından, su sızmanın səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2025-ci il tarixli 3-16-16/2-10/5572/2025 saylı rəyi ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, 14 saylı evin 11 saylı mənzilinə suyun sızması halının olması və bunun nəticəsində "xxxx" MMCnin 30 sentyabr 2025-ci il tarixli CVN/S 68-359/25 saylı mütəxəssis rəyinə əsasən dəymiş zərərin məbləği 2853.90 manat olması müəyyən edildiyindən və mənzilin mülkiyyətçisi İddiaçı olmaqla yanaşı, onun mülkiyyətində olan mənzilə zərər dəydiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2853.90 manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2853.90 manat məbləğində dəymiş maddi zərər tutularaq İddiaçına ödənilsin. İddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun 50%-i, yəni 40 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50%-i, yəni 40 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%-i, yəni 50 manat Cavabdeh, qalan 50%-i, yəni 50 manat İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Həmçinin iddia tələbi qismən təmin edildiyindən, 250 manat qiymətləndirmə ekspertizası xərcinin 50%-i, yəni 125 manat Cavabdeh, qalan 50%-i, yəni 125 manat İddiaçı tutularaq, "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-4545/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4545/2025
18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver