Məhkəmə qərarları › İş №2(001)-4546/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4546/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4546/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərə görə pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus avtomobilə vurduğu maddi ziyana görə 1870 manat pulun, cavabdehə tərtib olunmuş protokollara görə ödədiyi 100 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 40 manat olmaqla, ümumilikdə 2100 manat pulun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında olan şifahi razılaşmaya əsasən mülkiyyətində olan **-BD-*** dövlət qeydiyyat nişanlı, X1 markalı minik avtomobilini idarə etmək məqsədilə Cavabdeh 10 ay 5 gün gün müddətinə xx.xx.2023-cü il tarixli sürmə etibarnaməsi vermişdir. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixdə sözü gedən avtomobili idarə edən zaman maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir və onun mülkiyyətində olan avtomobilə maddi ziyan vurmuşdur. Məlumat üçün qeyd edir ki, xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyinə əsasən avtomobilə ümumilikdə 1870 manat dəyərində ziyan dəymişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək, avtomobilə dəymiş maddi ziyanı qarşılamasını xahiş etsə də cavabdeh müraciətlərinə müsbət cavab verməmiş və dəymiş maddi ziyanın ödənilməsindən imtina etmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, cavabdeh sözü gedən avtomobili idarə edən zaman yol hərəkəti qaydaları pozuntusuna yol vermiş və barəsində EQ19422772, EQ19775063, EQ20444847 saylı protokollar tərtib olunmaqla ümumilikdə 100 azn cərimə olunmuşdur. Lakin cavabdeh həmin protokolların icrasından da boyun qaçırır. Avtomobil üzərində cərimələrin olması səbəbi ilə avtomobil üzərində sərəncam vermə hüququ məhdudlaşdırılmışdır. Buna əsasən cavabdehə yazılmış cərimələr onun tərəfindən ödənilmişdir. Buna əsasən hazır ki, iddia ilə məhkəməyə müraciət edərək ona məxsus avtomobilə dəymiş maddi ziyanın əvəzi olan pulun və cavabdehin adına tərtib olunmuş protokola görə ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdeh qəzadan sonra onunla görüşməkdən yayınmış və xalasıoğlunu göndərmişdir. Xalası oğlu isə onun istintaq təcridxanasında olduğu barədə yalan məlumat vermişdir. O, itirdiyi gəlirləri kənara qoyur və yalnız avtomobilə dəyən zərəri tələb edir. İddiaçının ayda 100 manat ödəməklə bağlı təklifini qəbul etmir. Cavabdehin avtomobilin vuruğu var idi dediyi, elə onun özünün bundan əvvəl də avtomobili vurması nəticəsində olmuşdur. O, artıq avtomobili təmir etdirmişdir, sadəcə alın şüşəsi və küləklik qalmışdır. Ona tələb etdiyi məbləğdən çox zərər dəydiyini sonradan müəyyən etsə də, hazırda tələb etmir. Belə ki, təkərin diski əzilib və arxa baqaj hissəsi də zədəlidir.

4. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilin alın şüşəsi də elə cavabdehin istifadəsi zamanı zədələnmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, gündəlik 24 manat ödəməklə avtomobili iddiaçıdan icarəyə götürmüşdür. Evdə yatan zaman qardaşı oğlu və qonşusunun oğlu ondan xəbərsiz avtomobilin açarlarını götürərək qəza törətmişdir. Avtomobilin ön hissəsi divara çırpılmışdır. Uşaqların əməlindən məlumatsız olmaqla polisə müraciət etmiş və videogörüntüdən məlum olmuşdur ki, hadisəni uşaqlar etmişlər.Avtomobilə dəyən zərərin əvəzində iddiaçıya hissə-hissə ödəmək şərtilə 800 manat pul təklif etmişdir. Hansi ki, omnun ustası avtomobili detalları ilə birlikdə həmin qiymətə düzəldə biləcəyini demişdir. Çünki avtomobilin onsuz da vuruğu varıydı və köhnə avtomobil idi. İddiaçı isə bununıa razılaşmamış, evakuatorla maşını apramışdır.Barəsində 3 protokola görə 100 manat cərimə yazıldığı doğrudur. Bundan əlavə həqiqətən də ön alın şüşəsi onun istifadəsində olan zaman sonuncu qəzaya qədər olmuşdur. Tələb edilən məbləğlə razı deyildir. İddiaçıya 1200 manatı hər ay 100 manat olmaqla ödəyə bilər. Çünki hazırda işsizdir və maddi imkanı yoxdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. Kia Rio minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqlyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Tərəflər arasında şifahi razılaşmaya əsasən həmin nəqliyyat vasitəsi cavabdehə icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh verilmişdir.

7. Müstəqil ekspert rəyinə əsasən nəqliyyat vasitəsinə cəmi 1870 manat zərər dəydiyi müəyyən edilir.

8. Dəyəri 50 manat olan Ədliyyə Nazirliyinin ekspert rəyinə əsasən avtomobilin təmir bərpa xərci təxminən 1870 manat təşkil edir.

9. Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli EQ19422772 saylı protokola əsasən 20 manat, xx.xx.2024-cü il tarixli EQ19775062 saylı protokola əsasən 40 manat, xx.xx.2024-cü il tarixli EQ20444847 saylı protokola əsasən 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

10. İddiaçı onun mülkiyyətində olan avtomobilə cavabdehin sahiblik və istifadəsində olduğu vaxt zərər dəydiyini iddia edir və bundan əlavə cavabdeh nəqliyyat vasitəsini idarə edən zaman cəmi 100 manat inzibati cərimə edilmişdir.

11. Cavabdeh onun sahibliyində olan zaman iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulduğunu və 100 manat məbləğində inzibati cərimə edildiyini qəbul edir, lakin maddi imkansızlığına görə dəymiş ziyanı ödəmək iqtidarında olmadığını bildirir. Bundan əlavə cavabdeh avtomobilə dəymiş zərərin məbləği ilə razı olmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

14. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

15. 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

16. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

17. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

18. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında icarə münasibətləri olmuşdur. Belə ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehə günlük icarəyə vermişdir. Cavabdehin sahibliyində olan zaman nəqliyyat vasitəsinə zərər dəymişdir. Cavabdeh nəqliyyat vasitəsinə onun sahibliyində və istifadəsində olan vaxt zərər vurulduğunu və nəqliyyat vasitəsini idarə edən zaman 100 manat məbləğində inzibati cərimə edildiyini qəbul edir. Bununla belə, nəqliyyat vasitəsinə dəyən zərərin həcmini mübahisələndirmiş və məhkəmənin təşəbbüsü ilə ekspertiza keçirilmişdir. Keçirilmiş ekspertiza nəticəsində nəqliyyat vasitəsinin təmirinə 1870 manat vəsait tələb olunduğu müəyyən edilmişdir.

19. Odur ki, iddiaçı icarəyə verdiyi əşyanın pisləşməsi nəticəsində vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır. Tətbiq edilən prosessual normalar:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

25. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Kia rio minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulan zərərin əvəzi qismində 1870 manat, nəqliyyat vasitəsini idarə etdiyi zaman barəsində tətbiq edilən inzibati cərimələrə görə 100 manat olmaqla, cəmi 1970 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat tutularaq İddiaçı ödənilməlidir.

27. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

28. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1970(min doqquz yüz yetmiş) manat pul vəsaiti və 40(qırx) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar