Məhkəmə qərarları › İş №2(001)-4578/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4578/2021

22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4578/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı MMC-in etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Oba Market MMC-in əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 iyul 2021-ci il tarixdə, Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “Oba Market MMC-in əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-in əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1249,67 (min iki yüz qırx doqquz manat 67 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26.01.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “X3” haqqında müqavilə imzalanmışdır. 27.11.2017-ci il tarixli 522-K saylı əmrlə o, administrator vəzifəsinə keçirilmişdir. 07.12.2018-ci il tarixdə öz ərizəsi əsasında 553-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01.10.2018-ci il tarixdə Oba- Buzovna 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 01.10.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 4725,76 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 2422,87 manat güzəşt edilmiş və 1053,22 manat isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq cavabdehin Cəmiyyət qarşısında qalıq borcu 1249,67 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mövcud tələblə ona qarşı iddia qaldırmaq hüququnun müddət baxımından keçdiyini qeyd etmiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, işdən hər şeyi sıfırlayıb çıxmışdır və ona qalıq borcla bağlı heç bir məlumat verilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 yanvar 2017-ci il tarixdə bağlanmış Əmək Müqaviləsindən görünür ki, Cavabdeh ilə “X5” MMC arasında Cavabdeh OBA Marketlər Şəbəkəsinə satıcı-kassir vəzifəsinə işə qəbuluna dair müqavilə bağlanmışdır. 26 yanvar 2017-ci il tarixli X3 haqqında müqavilədən görünür ki, Cavabdeh işəgötürən “X5” MMC qarşısında ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. 27.11.2017-ci il tarixli, 522-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış Əməliyyatları Şöbəsinə 27 noyabr 2017-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. 07.12.2018-ci il tarixli 553-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə 07.12.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İddiaçı MMC-nin 08 avqust 2020-ci il tarixli arayışından görünür ki, 01.10.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 4725,76 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 2422,87 manat Cəmiyyət tərəfindən güzəşt edildiyi məbləğlə və 1053,22 manat hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 1249,67 (4725,76-3476,09) manat borcu qalmışdır. İddiaçı məhz 01.10.2018-ci il tarixdə aparılmış təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsinə istinadla hazırkı iddia tələbini irəli sürmüş, cavabdeh isə həmin tələb üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmaqla iddiaya etiraz etmişdir. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin ötürülməsinə dair arqumentinə qiymət verməyi zəruri hesab edir: Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə görə İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması 01.10.2018-ci il tarixdə müəyyən edilsə də, iddiaçı tərəfindən cavabdehə qarşı həmin ziyan üzrə iddia ərizəsi 17 may 2021-ci il tarixdə, başqa sözlə qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu mənada məhkəmə hesab edir ki, İddiaçı MMC-in Cavabdeh qarşı “Oba Market MMC-in əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Oba Market MMC-in əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar