Məhkəmə qərarları › İş №2(001)-4582/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4582/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4582/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 2.002 manat məbləğində ödənilməmiş hissə, 283 manat məbləğində dəbbə pulu, ümumilikdə 2.285 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh LG LED markalı televizor almış və nəticədə onun 2.285 manat məbləğində borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 2.124 manat (18 ay x 118 manat + 0 manat ilkin ödəniş) olan LG LED markalı televizor üçün ümumilikdə 2.285 manat, ondan 2.002 manat ödənilməmiş hissə, 283 manat dəbbə borcu yaranmışdır. Ötən dövr ərzində cavabdeh cəmi 122 manat məbləğində ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanırsa, borclu müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi qiyməti 2.124 manat olan LG LED markalı televizor almış, həmin əşyanın dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində penya ödəməyi barədə öhdəlik görütmüşdür. Həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində yalnız 122 manat məbləğində ödəniş etmişdir. Nəticədə onun müqavilə üzrə borcu yaranmışdır. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc məbləğinin 3 gün müddətində qaytarılmasını tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq etmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə məhkəmədə iddia qaldırmış və hazırda cavabdeh tərəfindən cəmi 122 manat ödəniş edildiyini, qalan borc məbləğinin ödənilmədiyini, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2.002 manat məbləğində əsas, 283 manat məbləğində cərimə, cəmi 2.285 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı bu müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbini “əsas borcun” tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə tam təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 2.002 manat məbləğində əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, kimi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə (əlavənin 2-ci bəndi) üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 283 manat məbləğində cərimə məbləğinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, müqavilə üzrə hesablanmış cərimə borcunun məbləği endirilərək, 200 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 2.002 manat məbləğində əsas, 200 manat məbləğində cərimə, cəmi 2.202 manat məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 2.002 (iki min iki) manat məbləğində əsas, 200 (iki yüz) manat məbləğində cərimə, cəmi 2.202 (iki min iki yüz iki) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar