Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4586/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-2311/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 300 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə Şəki Rayon qeydiyyat şöbəsində 184 saylı qeydlə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. X2 adlı övladları anadan olub. Qəbələ Rayon Məhkəməsinin 2(025)-2311/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, övladı X5 onun himayəsində saxlanması və yetkinlik yaşma çatanadək onun saxlanması məqsədilə Cavabdeh xx.xx.2017-ci il tarixindən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilib. 2024cü il üzrə yaşayış minimumu haqqında Qanuna görə, uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Hazırda oğlu böyüyür, onun xərcləri artıb, onun aylıq xərclərini ödəmək qabiliyyətində deyil. Özü işləmir, kirayə qalır, aylıq 300 manat kirayə haqqı ödəyir. İndiki vaxtda 100 manatla uşaq saxlamaq mümkün deyil. Həmçinin oğlu talasemiyya xəstəsidi. Dövlətin verdiyi dərmanlardan əlavədə dərmanlar alınır. Məktəb xərcləri və s xərclər hamısı onun üzərindədir. Cavabdeh ona heç bir köməklik göstərmir. Bir ana kimi onun övladının ehtiyaclarını ödəyə bilməmək ona çox ağırdır. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, heç bir yerdə işləmir, minimum tələbatını ödəyə biləcək durumda deyil. Buna dair müvafiq sübutu qanunla müəyyən olunmuş müddətdə məhkəməyə təqdim edəcəkdir. İddiaçı ondan 300 manat aliment tələb etsə də, onun həmin məbləği ödəyə biləcək durumda olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki prosessual hüququn fundamental prinsipinə görə iddiaçı tələbini sübut etməklə mükəlləfdir. Mühüm bir məqamı da məhkəmənin diqqətinə çatdırır ki, nikahın pozulması ilə bağlı keçirilmiş məhkəmə proseslərində uşağın hansı valideynin yanında qalması məsələsi həll olunarkən İddiaçı uşağın onun yanında saxlanılmasını tələb edərək zəruri şəraitlə təchiz olunmuş evlərinin olduğunu, gələcəkdə bununla bağlı heç bir problem yaşamayacağını bildirmişdir. Bu gün isə kirayə evdə yaşadığını və hər ay 300 manat kirayə haqqı ödədiyini bəhanə gətirərək alimentin artırılmasını tələb edən iddiaçı bu cür spekulyativ davranışı ilə iddiasında qeyri-səmimi, qeyri-dürüst olduğunu açıq-aşkar ortaya qoymuşdur. İddiaçı uşağın talassemiya xəstəsi olduğunu və onun müalicəsi üçün xərclərə ehtiyac yarandığını da alimentin miqdarının artırılması tələbinin faktiki əsası kimi təqdim etmişdir. Hesab edir ki, onun bu mövqeyi də əsaslı deyil. Belə ki, "Hemofiliya və talessemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı" haqqında Azərbaycan Respublikası Qanununda irsi qan xəstəliyi olan şəxslərin dövlət qayğısı ilə əhatə olunduğu bəyan edilir. Həmin Qanunun 6-cı maddəsinə görə irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə etirazını bildirir, məhkəmədən işin faktiki hallarını, xüsusilə də maddi vəziyyətindəki diqqətəlayiq halları nəzərə almaqla iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizədə qeyd etdiyi məzmunda izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ 773568 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 atası Cavabdeh, anası X6r. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-2311/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanaraq, 184 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5 anası X3 himayəsində saxlanılması məqsədilə Cavabdeh xx.xx.2017-ci il tarixindən hesablanmaqla hər ay sabit məbləğində 100 manat alimentin alınaraq X4 verilməsi qət edilmişdir. AZ-İ seriyalı 286560 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi arayışından görünür ki, X10 xx.xx.2016-cı il tarixdən Talassemiya Mərkəzində talassemiya böyük forma diaqnozu ilə qeydiyyatdadır, mütəmadi müayinə müalicə alır. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 Cavanşir Zülfüqar oğluna qarşı aliment məbləğinin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsində saxlanmış və onun saxlanması üçün 100 manat məbləğində cavabdehdən aliment tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması haqqında Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 6 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-2311/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur Məhkəmə eyni zamanda cavabdehin etirazı ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı uşağının talassemiya xəstəliyindən əziyyət çəkdiyini və müalicəsinə vəsait tələb olunduğunu bildirərək cavabdehdən 300 manat aliment tələb etsə də, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı” haqqında AR Qanununun 6.1-ci maddəsinə əsasən irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Belə olan halda da məhkəmə uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq, hazırki vəziyyətdə cavabdehdən 235 manat sabit məbləğdə alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin hazırda heç bir yerdə işləməməsi uşağının əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına maneə olmamalıdır. Əks halda, hazırda saxlanılması üçün aliment tələb edilən uşağın marağının əhəmiyyətli dərəcədə pozulması və onun əvvəlki təminatının səviyyəsinin təmin edilməməsi ilə nəticələnmiş olar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 36,2 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-2311/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq iddiaçı X8 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 36,2 (otuz altı manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4586/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4586/2024
05.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver